Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas bildirib ki, Rusiya dünya üçün “360 dərəcəlik təhlükə” təşkil edir.
NOCOMMENT.az xəbər verir ki, onun Avropa Parlamentindəki çıxışından sitatı Bloomberg yayımlayıb.
“Əvvəl Rusiyanın Avropaya yaratdığı təhlükədən danışdım, lakin Rusiya əslində dünya üçün 360 dərəcəlik təhlükədir”, – deyə Kallas çıxışında bildirib.
Onun fikrincə, Rusiya qlobal təhlükəsizlik üçün risk yaradır. O, çıxışı zamanı Soyuq Müharibə dövrünü xatırladaraq qeyd edib ki, ABŞ və onun müttəfiqləri həmin dövrdə Sovet İttifaqını geridə qoymuşdu. Kallasın sözlərinə görə, o dövrün Qərb bloku kimi, bu gün də NATO və Aİ birlikdə hərəkət etməlidir.
Çıxışı zamanı o həmçinin bildirib ki, Rusiya Avropa İttifaqı və NATO qarşısında “heç bir şansa malik deyil”. Onun fikrincə, alyansın birliyinin qorunması müdafiə xərclərinin artırılması qədər vacibdir.
Kallas əlavə edib ki, ötən il Rusiya müdafiəyə Aİ-dən daha çox vəsait xərcləyib. Onun sözlərinə görə, bu, Rusiyanın “uzunmüddətli aqressiya planlarının” göstəricisi kimi qiymətləndirilə bilər.