Bakıda estetik əməliyyat zamanı pasiyent vəfat edib. Həkimə qarşı ciddi ittihamlar var.
Tribunainfo.az xəbər verir ki, Bakıda liposaksiya və abdominaplastika əməliyyatından sonra rusiyalı vətəndaş Arzu Sadıqova vəfat edib.
İddiaya görə, abdominoplastika və liposaksiya əməliyyatı zamanı yaranan ağırlaşmalar onun ölümünə səbəb olub. Mərhumun ailəsi məsuliyyətin cərrah və “Mərcan” klinikasının baş həkimi Nigar Məmmədovanın üzərində olduğunu bildirir.
Arzu Sadıqova iyunun 12-də Bakıdakı Mərcan klinikasında abdominoplastika əməliyyatı keçirib. Ailəsinin sözlərinə görə, ertəsi gün halı qəfil pisləşib və təcili yenidən əməliyyat olunub.
“Bacımın heç bir sağlamlıq problemi yox idi. Sadəcə həkim səhlənkarlığı səbəbindən onu itirdik”, – deyə mərhumun yaxınları bildiriblər.
Arzu Sadıqovanın dayısı Əlirza Əliyev deyir ki, əslən Lənkəranın Xolmili kəndindən olan ailə, Rusiyadan Azərbaycana tətilə gəlibmiş. İki azyaşlı övladı vardı.
Əldə olunan məlumata əsasən mərhumun liposaksiya əməliyyatı olmaq niyyəti olmayıb. Həkim Nigar Məmmədova pasiyenti Bu əməliyyata təhrik edib. Hətta mərhumu əməliyyata hazırlıqsız götürüb.
Əldə olunan məlumata əsasən, Nigar Məmmədova hazırda Bakı klinikalarından birində çalışır və eyni zamanda “Mərcan” klinikasının baş həkimi kimi fəaliyyət göstərir. Onunla əlaqə saxlamaq cəhdləri nəticəsiz qalıb – şəxsi səhifəsində qeyd olunan telefon nömrəsi aktiv deyil.
Baş Prokurorluq hələlik məsələ ilə bağlı rəsmi açıqlama yaymayıb. Bununla yanaşı, “Azərbaycan Respublikasının ərazisində plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyətinə icazə verilən həkimlərin siyahısı”nda Nigar Məmmədovanın adına rast gəlinmir.
Həkimin açıqlaması: “Ağır emboliya halı müşahidə olundu”.
Hadisə ilə bağlı Nigar Məmmədova anews.az-a verdiyi açıqlamada, pasiyentdə “qarın ağ xəttinin böyük ölçülü yırtığı” səbəbindən herinotomiya, herniplastika və abdominoplastika əməliyyatlarının icra edildiyini bildirib. Əməliyyatdan sonra isə pasiyentdə “emboliyaya” – tibbdə tanınan ağırlaşmaya rast gəlindiyini deyib. Halbuki Emboliya ın bəhanə olduğu vurğulanır. Hazırda ekspertiza işləri aparılır.
“Bütün tibbi müdaxilələrə baxmayaraq, həyatını xilas etmək mümkün olmadı. Bu ağır itkini dərin üzüntü ilə qarşılayıram. Hadisənin dəqiq səbəbləri ekspertiza nəticəsində məlum olacaq”, – deyə həkim qeyd edib.
O, eyni zamanda medianı və ictimaiyyəti mərhumun ailə üzvlərinin şəxsi məlumatlarına hörmətlə yanaşmağa çağırıb.
Hadisə ilə bağlı araşdırmalar davam edir.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Dəniz Pənahova