ain.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.
Avtonom avtomobillər barədə son vaxtlar çox danışılır, üstünlükləri və çatışmazlıqları barədə müzakirələr aparılır. Bu, özü özünü idarə edən, sürücü olmadan mənzil başına çatan və ya çatdıran avtomobillərdir. Robototaksi də adlandırılan avtonom avtomobillər qiymət baxımında hamı üçün əlçatan deyil, hətta inkişaf etmiş ölkələrdəki maaş və gəlirlə robototaksi qiymətləri adekvat deyil.
“OBI Mobility” tətbiqi, qiymətləri müqayisə edərək, bu ilin 25 martından 25 aprelinədək San-Fransiskoda Waymo, UberX və Lyft-in qiymət strategiyalarını araşdırıb. Soğruda iştirak edənlərin 70 faizi sürücüsüz avtomobillərə üstünlük verdiyini, onların təhlükəsiz və rahat olduğunu düşünür. Toplanan 90.000 informasiya təhlil edilib və nəticələr təəccüb doğurub. Lyft-in orta gediş qiyməti 14,44 dollar, Uber 15,58 dollar, Waymo-nun orta qiyməti isə 20,43 dollar olaraq qiymətləndirilib.
“Uber”in nə olduğu bizə məlumdur, ölkəmizdə də xidmət göstərir. “Lyft” ABŞ-da fəaliyyət göstərən mobil tətbiq əsaslı taksi və nəqliyyat xidmətləri platformasıdır. “Uber” kimi “Lyft” də istifadəçilərə öz smartfonları vasitəsilə sürücü çağırmaq imkanı yaradır. “Waymo” isə sürücüsüz avtomobil texnologiyası şirkətidir. “Waymo” adı “a new way forward in mobility” (hərəkətdə yeni yol) ifadəsindən yaranıb.
Texnologiya sahəsində ixtisaslaşmış məşhur Amerika onlayn xəbər saytı və media platforması olan “TechCrunch” bildirir ki, “Waymo”nun yüksək qiymətlərinə baxmayaraq ona olan istifadəçi marağı azalmayıb. Şirkət may ayında həftədə 250.000 ödənişli səfər etdiyini açıqladı. “Obi”nin gəlirlər üzrə baş direktoru Aşvini Anburajan bu vəziyyəti belə şərh edir: "İdeya o idi ki, avtonom nəqliyyat vasitələri normal sürücülərin işini əlindən alacaq. Amma məsələ ondadır ki, bu avtomobillərin istismarı çox bahadır və gözlənilən transformasiya düşündüyümüz qədər tez baş verməyəcək."
Qeyd edək ki, San-Fransiskoda xüsusilə pik saatlarda “Waymo”nun tarifləri Lyft-dən orta hesabla 11 dollar, “Uber”dən isə 9,50 dollar bahadır. Görünür ki, istifadəçilər bu qiymət fərqini ödəməyə hazırdırlar. Aşvini Anburacan bunu bir cümlə ilə izah edir: “Yeni texnologiyaya olan maraq, həyəcan və avtomobildə tək olmaq istəyi aradakı qiymət fərqini kölgədə qoyur”.
Qeyd edək ki, “Waymo” tam avtonom, süni intellektlə idarə olunan avtomobillər hazırlayır. Şirkətin əsas hədəfi sürücüsüz taksi xidmətləri, yol təhlükəsizliyinin artırılması, avtomobil idarəsində insan səhvlərinin aradan qaldırılmasıdır. “Waymo One” ABŞ-da fəaliyyət göstərən ilk tam avtonom taksi xidmətidir. Hazırda Arizona ştatının Finiks şəhərində ictimai istifadədədir. “Waymo Via” yükdaşıma üçün avtonom kamaz və fur sistemləri hazırlayır və logistika sahəsində tətbiq olunur. Lidar və sensor texnologiyası ilə “Waymo” öz radar və kameralarını istehsal edərək yüksək dəqiqlikli xəritələr və sensorlu idarəetmə təmin edir.
“Waymo” avtomobillərində kamera, lidar (360 dərəcə ətrafı skan edir), radar, süni intellekt sistemi vasitəsilə maşın real vaxtda mühitə uyğun dönmə, dayanma, sürətlənmə və s. qərarları verir. “Waymo” hesab edir ki, yol qəzalarının 90%-ni təşkil edən insan səhvlərini aradan qaldırmaqda avtonom avtomobillər idealdır. Şirkət nəqliyyatı daha əldəçatan, sürətli və təhlükəsiz etməyi hədəfləyir. Avtonom avtomobillər avtomobil texnologiyasının gələcəyini formalaşdıran əsas oyunçulardan biri hesab olunur.
Ümumiyyətlə, bu gün dünyanın qabaqcıl ölkələri avtonom avtomobillərlə bağlı xeyli yol qət ediblər. İstifadəyə verən də var, avtonom avtomobil texnologiyası üzərində işləyən də. Onların bəziləri nəhəng texnologiya və avtomobil koorporasiyalarına məxsusdur, digərləri isə müstəqil startaplardır.
“Waymo” lidar və süni intellektlə ən təhlükəsiz və sabit sistemlərdən biri hesab edilir, ictimai istifadə üçün hazırdır. Alphabetin (Google) məhsulu olan və 4-cü səviyyə hesab edilən bu avtomobillər Phoenix, San Francisco, Los Angelesdə avtonom taksi, yükdaşıma (Waymo One, Waymo Via) kimi xidmətlər göstərir.
CEO-su Elon Musk olan “Tesla”nın səviyyəsi 2 olaraq qiymətləndirilir, unikal cəhəti odur ki, lidar yerinə yalnız kamera və AI istifadə edir. Yəni “Tesla” yalnız kameraya əsaslanır, hələ tam avtonom deyil. Fəaliyyət sistemi kamera əsaslı autopilot, FSD sistemidir.
“General Motors”un 4-cü səviyyə hesab edilən “Cruise” şəhər daxilində tam sürücüsüz testlər edir, amma bəzi qəzaları da baş verib. Fəaliyyət istiqaməti əsasən robotaksi, şəhərdaxili testlərdir. Xüsusiyyəti 100% elektrikli və sükan olmamasıdır.
Amerikanın daha bir avtonom markası “Aurora Innovation”dır, əsas hədəfi yük daşıma və robotaksidir. Tərəfdaşları “Volvo”, “Toyota”, “PACCAR” olan bu avtonomlar test mərhələsindədir, yükdaşıma üzrə fokuslanıb. “Amazon”un “Zoox” avtonomları avtonom texnologiyası üçün sıfırdan hazırlanmış futuristik taksilərdir. Məqsəd təkcə proqram deyil, həm də fiziki platforma istehsal etməkdir.
Çinin “Baidu Apollo” şirkətinin avtonom avtomobilləri Pekin, Vuhan, Şençjendə fəaliyyət göstərir. Texnologiyası lidar, radar, süni intellekt olan bu avtonomlar robotaksi, ağıllı şəhər həlləri üçün istifadə edilir.
Çin və ABŞ-ın ortaq layihəsi olan “Pony.ai”nin tərəfdaşı Toyotadır, fəaliyyət istiqaməti Çin və ABŞ-da avtonom nəqliyyat testləridir, həmçnin lisenziya alaraq bəzi şəhərlərdə pullu xidmət göstərir. İsrailin “Mobileye” avtonomları “İntel”in məhsuludur, texnologiyası kamera əsaslı sürücü yardım sistemləridir. Məqsəd avtomobil istehsalçılarına sistem təmin etməkdir. ABŞ-ın “Nuro” markası avtonom çatdırılma robotlarını fokuslayıb və insanlar üçün nəzərdə tutulmayıb. Müştəriləri “Walmart”, “Kroger” olan bu idmət növü kiçik, yavaş və təhlükəsiz avtonom çatdırılma vasitələri təklif edir. Qeyd edək ki, avtonom avtomobil istehsalında ABŞ və Çin liderdir.
Lalə Mehralı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “informasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” istiqaməti çərçivəsində hazırlanıb
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.