AZ

Qızıla hücum planı: Dünya Qızıl Şurasından vacib proqnoz

Dünya Qızıl Şurasının sorğusunda iştirak edən mərkəzi bankaların nümayəndələrinin 95 faizi qızıl ehtiyatlarının artacağını proqnozlaşdırıb. 

Valyuta.az xəbər verir ki, sorğuda heç bir iştirakçının qızıl ehtiyatlarında azalma gözləməməsi diqqət çəkib. Mərkəzi bankaların qızıl saxlamaq qərarlarına təsir edən ən mühüm amil kimi isə qızılın böhran dövrlərindəki performansı göstərilib.

Qızılın böhran dövrlərində göstərdiyi güclü performans, mərkəzi bankaların bu qiymətli metala olan tələbatını artırıb. Dünya Qızıl Şurası (WGC) və "YouGov" şirkətinin 72 mərkəzi bankla keçirdiyi sorğu, mərkəzi bankaların qızıl ehtiyatlarını artırmaq planlarında rekord səviyyəyə çatıldığını üzə çıxarıb. Sorğuda iştirak edənlərin 95 faizi qarşıdakı 12 ayda qızıl ehtiyatlarının artacağını, 5 faizi isə dəyişməyəcəyini bildirib. Heç bir iştirakçı ehtiyatların azalacağını düşünmədiyini vurğulayıb. 

Sorğu iştirakçılarının 43 faizi isə öz ölkələrinin qızıl ehtiyatlarının da növbəti 5 ildə artacağına inandığını deyib. Qızılın böhran vaxtlarında sərgilədiyi sabit performansla yanaşı, dəyəri qoruma qabiliyyəti və portfelin şaxələndirilməsi vasitəsi kimi funksiyaları da mərkəzi bankaların bu istiqamətdə addım atmasında əsas səbəblər kimi qeyd edilib. ABŞ-ın "Bloomberg" agentliyinə danışan WGC-nin qlobal mərkəzi banklar üzrə rəhbəri Şaokay Fan bildirib: "Qərb ölkələri qızıl satışını dayandırdığı halda, inkişaf etməkdə olan ölkələr ehtiyat toplamaya başlayıb".

Mərkəzi bankalar son illərdə qızıl bazarındakı yüksəlişin əsas lokomotivlərindən birinə çevrilib. Rusiyanın valyuta ehtiyatlarının böyük hissəsinin dondurulmasından sonra qızıl ehtiyat aktivi kimi daha da cəlbedici olub. Bu müddətdə qızılın qiyməti 2022-ci ilin sonundan bu yana ikiqat artıb. "Metals Focus" adlı məsləhət şirkətinə görə, mərkəzi bankalar son üç ildə hər il 1000 tonun üzərində qızıl alıb və bu il də bənzər alım trendi gözlənilir. Bu rəqəm əvvəlki on ildəki 400–500 tonluq ortalamadan xeyli yüksəkdir.

Mərkəzi bankaların qızıl saxlamaq qərarlarına təsir edən amillərlə bağlı suallara cavab olaraq, iştirakçıların 85 faizi qızılın böhran dövrlərindəki performansını çox mühüm bir amil kimi qiymətləndirib. 81 faizi isə qızılın portfel şaxələndirilməsi üçün keyfiyyətli bir vasitə olduğunu deyib. 80 faizi isə uzunmüddətli dəyərli aktiv olmasını vurğulayıb. Bu cavablar, qızılın strateji bir ehtiyat aktivi kimi cəlbediciliyini daha da gücləndirir.

Eyni zamanda, ABŞ dollarının ehtiyatlardakı payını azaldan amillər arasında ABŞ-ın artan büdcə kəsirləri, aktivlərin dondurulma riski və xarici kreditorların daha aşağı prioritetlə qiymətləndiriləcəyi ehtimalı da yer alır. Bu amillər də qızılı daha cəlbedici edir. Xüsusilə inkişaf etməkdə olan ölkələrdəki mərkəzi bankaların yarıdan çoxu, qızılın siyasi risk daşımadığı üçün üstünlük verildiyini qeyd edib. İştirakçıların 78 faizi isə qızılın defolt riski daşımamasını önəmli bir səbəb kimi dəyərləndirib. Buna baxmayaraq, qızıla maraq artsa da, ABŞ dollarının ehtiyat valyuta statusunu yaxın gələcəkdə itirəcəyi gözlənilmir.

Qlobal bazarlarda, Yaxın Şərqdə davam edən geosiyasi gərginliklərin uzunmüddətli ola biləcəyi gözləntiləri və enerji təchizatı ilə bağlı narahatlıqlar fonunda qarışıq bir mənzərə müşahidə olunub. İran və İsrail arasında ötən həftənin cümə günü başlayan toqquşmalar davam edərkən, neft qiymətlərindəki dəyişkənlik səhmlərin istiqamətinə təsir göstərir. 

Hazırda ABŞ-ın proteksionist ticarət yanaşması səbəbilə sənaye və ticarət strategiyası ilə bağlı qeyri-müəyyənliklərin davam etdiyi qlobal iqtisadiyyatda artan enerji təchizatı riskləri gələcək proqnozlaşdırmaları çətinləşdirir. Yaxın Şərqdəki toqquşmaların yaratdığı enerji təchizatı narahatlıqları dünən bazarlarda yenidən özünü göstərib və "Brent" markalı neftin bir bareli 0,8 faiz artımla 72,7 dollara çatıb. 

"West Texas Intermediate" (WTI) markalı xam neftin bir bareli isə 0,9 faiz artımla 70,6 dollar olub. Geosiyasi gərginliklər fonunda dəyişkənlik göstərən qızılın bir unsiyasının qiyməti əvvəlki gün 1,4 faiz azalaraq 3385 dollardan bağlanıb. Dünən də qiymətlərdə dəyişkənlik davam edib. İki gün əvvəl səhmlərə olan marağın artması ilə ABŞ-da istiqraz bazarlarında satış yönümlü bir tendensiya müşahidə olunub və 10 illik istiqrazların gəliri təxminən 5 baza bəndi artaraq 4,46 faizə yüksəlib.

Paşa Məmmədli

Seçilən
5
valyuta.az

1Mənbələr