AZ

“Sabah”ın baş məşqçi seçimləri – Reallıq nə deyir?

Avrokuboklarda ölkəmizi təmsil edən klublar üçün yay fasiləsi başa çatmaq üzrədir.

Ölkə futbol ictimaiyyətinin əsas diqqəti “Sabah”a yönəlib. Bu da təsadüfi deyil.

Avrokuboklarda mübarizəyə başlayacaq ilk klubumuz məhz “bayquşlar” olacaq. Avropa Liqasında çıxış edəcək “Sabah” “köhnə qitə”də ilk oyununa iyulun 10-da çıxacaq.

Ötən mövsüm çempionatda istədiyinə nail ola bilməyən klub, ölkə kubokunda inanılmaz əzmkarlıq sərgiləyərək ölkə kubokunun finalında güclü rəqibi – “Qarabağ”ı məğlub edərək, Avropa Liqasına “viza” əldə etdi.

“Qarabağ”ın Qurban Qurbanovun rəhbərliyi altında ilk dəfə ölkı kubokunun finalında uduzması faktı “bayquşlar”ın əslində nə qədər çətin tapşırığın öhdəsindən gəldiyini göstərir.

Mövsüm boyu istər heyət seçiminə, istərsə də turnir cədvəlində aşağı pillələrdə qərarlaşan komandalarla oyunlardakı məğlubiyyətlərə, həmçinin ölkə futbolu tarixində rekord həddə çatmış heç-heçələrə görə sərt tənqid olunan Vasili Berezutski Sumqayıtdakı möhtəşəm qələbə ilə demək olar mövsüm boyu qazandığı bütün “günahlar”ı yumağa nail oldu.

Ölkə kubokunun “Sabah”ın cəmi 8 illik tarixində ilk titul olduğunu nəzərə alsaq, Berezutskinin klubun tarixində necə iz qoyduğunu deyə bilərik. Lakin mövsüm bitdikdən bir neçə həftə sonra klub Vasili Berezutskinin ayrılığını açıqladı – ailəvi səbəblərlə bağlı.

Berezutski həyat yoldaşının səhhətində yaranmış problemnə görə klub rəhbərliyinə mövcud müqaviləsinə xitam verilməsi ilə bağlı müraciət etdi, klub da onun bu müraciətini qəbul etdi.

Düzü, mövzu sağlamlıq olanda axar sular dayanır. Belə yerdə, klubu Berezutskinin gedişinə görə qınamaq mümkün deyil. İndi klub rəhbərliyinin üzərinə böyük yük düşür.

Mühüm avrokubok oyunlarına kimi əsas komandanı təcrübəli bir mütəxəssisə etibar etmək. Vaxt çox azdır.

Yeni gələcək baş məşqçi nə qədər təcrübəli, nə qədər bacarıqlı olsa da bu qədər qısa vaxtda komandanı tanımaq, öz oyun üslubunu komandaya yeritmək, həmçinin bunu hesab tablosunda nəticəyə çevirmək hər oğulun işi deyil.

Bəs bu cür çətin situasiyada “Sabah”ın seçimi necə olacaq? Klub bu vəziyyətdən çıxa biləcəkmi?

“Sabah” adətən məşqçi seçimlərinə görə futbol ictimaiyyətində tənqidlərə məruz qalan klublarımızdandır. Bəziləri klubu daha çox əcnəbi mütəxəssislərə üstünlük verməsinə görə tənqid edir, bəziləri də tez-tez baş məşqçi dəyişməsini ön plana çıxarır.

Bəs bu tənqidlər real faktlarfla nə qədər üst-üstə düşür? Gəlin, son 4 ildə “Sabah”ın məşqçi seçimlərinə və həmin məşqçilərin “Sabah”la hansı nətcələrə imza atmasına göz gəzdirək:

Murad Musayev (2021-2024)

Heç şübhəsiz, rusiyalı mütəxəssis “Sabah”da çalışmış ən uğurlu məşqçidir desək, yəqin ki heç kim etiraz etməz. Musayev “bayquşlar”ın sükanı arxasına 2021-ci ilin noyabrında keçdi. Həmin vaxt komanda çempionatda çətin günlərini yaşayırdı – 9 oyuna 7 xal toplamış “Sabah” turnir cədvəlinin son pillələrində qərarlaşmışdı. Artıq hamı komandanın avrokuboklara gedəcəyi ehtimalının üzərində xətt çəkmişdi. Murad Musayevin təyinatı da ölkənin futbol ictimaiyyətində birmənalı qarşılanmadı. Musayev daha öncə “Krasnodar”la yaxşı nəticələr qazansa da, gənc məşqçinin daha öncə ölkə xaricində çalışmaması onun “Sabah”da da uğurlu olacağını şübhə altına salırdı. Rusiyalı mütəxəssis “Sabah”dakı fəaliyyətinin ilk günlərindən sərgilətdiyi cəsur futbolla ictimaiyyətin sevgisini qazandı. Komanda toparlanaraq, ardıcıl xallar qazandı və avrokuboklara əsas iddiaçılardan biri halına gəldi. “Sabah” 2021-2022-ci il mövsümündə yalnız sona 1 tur qalmış avrokubok “viza”sını qaçırdı. Növbəti mövsüm isə “Sabah” üçün möhtəşəm alındı. Komanda Murad Musayevin rəhbərliyi altında nəinki avrokuboklara vəsiqə qazandı, həmçinin son turlara qədər “Qarabağ”la çempionluq uğrunda mübarizə apardı. Qazanılan 81 xal əslində, çempionluq xalı olsa da, “Qarabağ”ın yenə öz ampluasında olması (90 xal) buna mane oldu. Murad Musayev klubu ilk dəfə avrokuboklara daşıdı, burada isə ilk cəhddəcə mərhələ adlamağı bacardı. Komanda yalnız “lotereya”da Serbiya “Partizan”ına uduzaraq mübarizəni dayandırdı.

Krunoslav Renduliç (2024)

Murad Musayevin istefasından sonra baş məşqçi postuna xorvat Krunoslav Renduliç gətirildi. Renduliç də komandaya baş məşqçi təyin olunanda “Sabah” liqada çətin vəziyyətdə idi. Sona 11 tur qalmışdı, komanda isə avrokuboklara vəsiqə verən yerdən 5 xal geri qalırdı. Vaxt çox az idi. Krunoslav Renduliç bu qədər qısa vaxtda həm komandanı tanımalı, həm ölkə futoluna uyğunlaşmalı, həm də öz oyun stilini komandasına aşılamalı idi. Əlbəttə ki, ən əsası nəticə qazanmalı idi. Renduliç qısa müddətdə tanıdğı, heç bir təlim məşq toplanışı keçmədiyi komanda ilə keçirdiyi 11 oyunun 8-də (!) qalib gələrək, mövsümü 3-cü pillədə başa vurdu və Konfrans Liqasına vəsiqə qazandı. Xorvat mütəxəssis burada güclü Hayfa “Makkabi”sini sıradan çıxararaq bir çoxunu şoka saldı. Lakin sonradan “Sent Patriks” məğlubiyyəti və ölkə çempionatında ardıcıl xal itkiləri Renduliçlə yolların ayrılmasına gətirib çıxardı.

Vasili Berezutski (2024-2025)

Və nəhayət, Rusiya futbolunun əfsanəsi Vasili Berezutski. Bəlkə də son 4 ildə “Sabah”ın ən gözlənilməz təyinatı məhz Berezutski oldu. Keçmiş müdafiəçinin baş məşqçi kimi ilk sınağı olması ona olan inamı bir qədər də azaldırdı. Təcrübəsizliyi çempionatda rusiyalı mütəxəssisin ziyanına işlədi. Gözlənilməz xal itkiləri onun “Sabah”ını liqa yolu ilə avrokuboklara getməsinə mane oldu. Ancaq yuxarıda da xatırlatdığım kimi kubokda uğurlu nəticə ilə nəinki Avropaya yol açıldı, həmçinin “Sabah”a qısa tarixi ərzində ən yüksək nəticə - titul qazandırıldı.

Nəticə

Yuxarıda qeyd edilən faktlara baxdıqda təəccüblənməmək mümkün deyil. Məşqçi seçiminə görə daim tənqid olunan “Sabah” son 3 məşqçisi ilə də nəticəyə nail olub. Özü də ən çətin anlarda. İndi yenə həmin çətin anlardan biridir. Fikrimcə, klubun çətin anlarda doğru məşqçi seçmək bacarığı bu dəfə də köməyə çata bilər. Görək, bu dəfə “Sabah”ın qəhrəmanı kim olacaq?

Xəlil Sadıq

Seçilən
12
sportinfo.az

1Mənbələr