AZ

Azərbaycanda kazino açmaq istəyən şəxs 340 min manat ödəməlidir

BAKI, 18 iyun. TELEQRAF

Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsində süni torpaq sahələrində kazino oyunlarının təşkili ilə bağlı lisenziya verilməsinə görə dövlət rüsumunun dərəcələri müəyyənləşdirilir.

Teleqraf xəbər verir ki, sözügedən məsələ parlamentin Hüquq siyasəti və dövlət quruculuğu və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin bu gün keçirilən birgə iclasında müzakirə olunan “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

Sənədə əsasən, Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsində süni torpaq sahələrində kazino oyunlarının təşkili ilə bağlı lisenziya verilməsinə görə dövlət rüsumu 340 min manat (lisenziyanın qüvvədə olduğu müddətdə hər il əlavə 340 min manat) təşkil edəcək.

Bu dövlət rüsumunun hər il ödənilən hissəsi hər növbəti il lisenziyanın verildiyi günədək ödəniləcək.

Qeyd edək ki, Azərbaycanda kazino fəaliyyəti 1998-ci il yanvarın 27-də qadağan olunmuşdu. İndi isə Azərbaycan qanunvericiliyinin tələbləri nəzərə alınmaqla, yalnız süni torpaq sahələrində olmaqla kazino oyunlarının təşkili və keçirilməsinə icazə verilir. Bunun üçün Mülki, Cinayət və İnzibati Xətalar Məcəllələrində və daha altı qanunvericilik aktında dəyişiklik edilir.

Milli Məclisə daxil olan yeni layihəyə əsasən, həmin oyunların yalnız xüsusi ayrılan və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən müəyyən edilən tələblərə cavab verən yerlərdə təşkili və keçirilməsi nəzərdə tutulur.

Sənədə əsasən, kazino oyunlarının təşkili və keçirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən müəyyən edilir. Oyunlar yalnız nəzarət orqanının rəyi nəzərə alınmaqla lisenziya əsasında hüquqi şəxs tərəfindən təşkil edilə bilər.

Seçilən
8
34
teleqraf.com

10Mənbələr