60 yaşlı Martin Eger Almaniyada ən təcrübəli böhran diplomatlarından biri hesab olunur. O, əvvəllər Maliyyə Nazirliyi və Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb, həmçinin Prezident Frank-Valter Ştaynmayerin yanında xarici siyasət üzrə nümayəndə kimi fəaliyyət göstərib. Eger Almaniyanın Əfqanıstan və İraqdakı səfiri olub, 2023-cü ilin iyul ayından isə Ukraynadakı Almaniya səfirliyinə rəhbərlik edir.
Hazırkı BND rəhbəri Bruno Kal isə Almaniyanın Vatikan səfiri vəzifəsinə təyin ediləcək. Kal 2016-cı ildən bəri bu vəzifədə çalışır. Onun rəhbərliyi dövründə BND bəzi hallarda kəskin tənqidlərə məruz qalıb - xüsusilə Əfqanıstanda "Taliban"ın hakimiyyətə gələcəyini və Rusiyanın Ukraynaya qarşı xüsusi hərbi əməliyyata başlamasını düzgün qiymətləndirə bilmədiyinə görə.
Der Spiegel jurnalının məlumatına görə, Egerin rəhbərliyi dövründə BND-nin maliyyə imkanlarının genişləndirilməsi və fəaliyyətində daha çox çeviklik qazanması gözlənilir. Hökumət bu istiqamətdə ciddi dəyişikliklərə hazırlaşır. Qeyd olunur ki, Almaniyada hakimiyyət dəyişikliyindən sonra BND-də kadr islahatları gündəmə gəlib. Məsələn, xidmət rəhbərinin müavini Filip Volf artıq kanslerin aparatına keçib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31