AZ

ONKOLOJİ XƏSTƏ OLAN GƏNCİ HƏRBİ XİDMƏTƏ APARDILAR... - "TSEK-in həkimləri yenə də cəzalandırılmayacaq?"

Cəlilabad rayon sakini Ağayev Səfa tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi onkoloji xəstə olan oğlunun hərbi xidmətə aparıldığını bilidrir:

“Hörmətli redaksiya!

Diqqətinizə çatdırım ki, oğlum Ağayev Fərah 02.04.2025-ci  ildə hərbi xidmətə yola salınıb. Xəstəliyi ilə əlaqədar oğlumun əsgərliyə göndərilməməsi üçün çalışsam da, heç bir faydası olmadı. Uşağın valideyni olaraq xəstəliyini onlara izah etməyə çalışdım, amma əhəmiyyət vermədilər.

Tibbi komissiyadan keçmək üçün 39 nömrəli poliklinikaya göndərdilər. Müayinə olundu, yazdılar ki, “linfa vəzinin düyünü var”. Amma Tibbi-Sosial Ekspert Komissiyasının həkimləri uşağı müayinə edərək, sənədə qeyd etdilər ki, hərbi xidmətə yararlıdır.

Mən sizin sayt vasitəsilə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Anar Əliyevə sual verirəm: Sizin agentliyin həkimləri Azərbaycan xalqının düşmənidir? Niyə onkoloji xəstəyə sağlamlıq kağızı verirlər? Onlar həmişəki kimi, yenə də cəzalandırılmayacaq?! 

Oğlum Gəncədə N saylı hərbi hissədə 8 gün qulluq edib. Dəfələrlə burnundan qan açıldığına görə, Şəmkir şəhərində yerləşən hərbi hospitala yerləşdirilib. 10 gün müalicə və müayinə olunub. Daha sonra oğlumu təcili “Papanin Hospitalı”na göndəriblər. Ona həkimlər diaqnoz qoymaqda çətinlik çəkiblər. Sonradan mənim təkidimlə oğlumu Milli Onkologiya Mərkəzinə göndərdilər. Orada analiz götürüldü və burun-udlaq xərçəngi diaqnozu qoyuldu. Müalicələr olundu, kimyaterapiya qəbul etdi, lakin qan axınını kəsmək mümkün olmadı.

30.05.2025-ci ildə oğlumu hərbi xidmətdən tərxis etdilər. Bununla bağlı Hərbi Prokurorluğa ərizə ilə müraciət etmişəm. Mənim xəstə uşağımı aparıb, lap pis günə qoyub üstümə göndərdilər. Heç bir qurum isə məsuliyyəti üzərinə götürmür. Belə çıxır ki, həkim səhlənkarlığı ucbatından oğlum ölsəydi, yenə heç kim məsuliyyət daşımayacaqdı?

Kimə deyək dərdimizi. Həkimlərdən nazirliyə şikayət edirsən, baxmırlar". 

Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adları qeyd olunan qurumların mövqeyini dərc etməyə hazırıq.

Seçilən
3
4
hurriyyet.az

5Mənbələr