AZ

İran hakimiyyəti əhalidən WhatsApp-ı silməyi xahiş edib » AzadMedia.az


Tehran məşhur messenceri sübut təqdim etmədən istifadəçilərdən məlumat toplamaqda ittiham edir.
Çərşənbə axşamı İranın Dövlət Televiziyası messenceri istifadəçi məlumatlarını İsrailə ötürməkdə ittiham edərək, vətəndaşları smartfonlarından WhatsApp tətbiqini silməyə çağırıb. Eyni zamanda efirdə heç bir konkret sübut təqdim olunmayıb.

Meta korporasiyasına aid olan WhatsApp şirkəti rəsmi açıqlamada ittihamları rədd edərək, "insanların əlaqə saxlamasının xüsusilə vacib olduğu bir vaxtda bu yalan mesajların xidmətin bloklanması üçün bəhanə ola biləcəyindən narahat olduğunu" bildirib.

— Biz istifadəçilərin dəqiq yerini izləmirik, rabitə jurnallarını saxlamırıq və kütləvi informasiyanı heç bir hökumətə ötürmürük, — şirkət vurğulayıb.

“WhatsApp” həmçinin xatırladıb ki, o, mesajların məzmununu yalnız göndərən və alıcının görə biləcəyi “end-to-end” şifrələmədən istifadə edir. Məlumatlar ələ keçirilsə belə, onlar xüsusi açar olmadan əlçatmaz qalacaq.

Eyni zamanda ekspertlər qeyd edirlər ki, tətbiq hələ də şifrələnməmiş metadata toplaya bilir.

— Bu, çoxdankı problemdir, ona görə də bəzi istifadəçilər WhatsApp-dan istifadə etməməyə üstünlük verirlər, — Kornel Universitetinin Mühəndislik fakültəsinin professoru Qreqori Falko Associated Press agentliyinə izahat verib.

Onun sözlərinə görə, narahatlığın digər səbəbi rəqəmsal suverenlik məsələlərini gündəmə gətirən məlumatların ölkədən kənarda saxlanmasıdır.

— Dövlətlər öz alqoritmlərindən istifadə edərək məlumatları öz ərazilərində yerləşdirməli və emal etməlidirlər. O əlavə edib ki, qlobal məlumatların saxlanması infrastrukturuna inam azalır.

İranda sosial şəbəkələrə giriş vaxtaşırı məhdudlaşdırılır. Rəsmi qadağalara baxmayaraq, bir çox istifadəçi VPN-in köməyi ilə onlardan yan keçir. 2022-ci ildə əxlaq polisi tərəfindən həbs edilən qadının ölümündən sonra kütləvi etirazlar fonunda hakimiyyət WhatsApp və Google Play-i blokladı, lakin 2024-cü ilin sonuna qədər qadağa götürüldü.

Bundan əvvəl WhatsApp Telegram və Instagram ilə birlikdə ölkənin ən populyar messencerlərindən biri olaraq qalırdı.

Onu da qeyd edək ki, çərşənbə axşamı İranın Kibertəhlükəsizlik Təşkilatı hökumət rəsmilərinə və onların təhlükəsizlik xidmətlərinə internetə qoşulmuş bütün cihazlardan istifadə etməyi qadağan edib.

Smartfonlar, ağıllı saatlar, planşetlər və digər əlaqəli cihazlara şamil edilən direktiv, görünür, İsrailin ötən il “Hizbullah” üzvlərinə “peycer hücumu”na bənzər hadisələrin qarşısını almağa yönəlib.

Çərşənbə axşamı İranın aparıcı dövlət banklarından biri olan "Sepah Bank" haker qrupu tərəfindən genişmiqyaslı kiberhücuma məruz qalıb və bu, müştərilərə xidmət və bank sistemlərinə çıxışda fasilələrə səbəb olub.

Bu arada ABŞ prezidenti bildirib ki, İranın ali lideri Əli Xamneyini vəzifədən uzaqlaşdırmağa qadirdirlər, lakin hələlik onu aradan götürməyi planlaşdırmırlar.
Seçilən
9
1
azadmedia.az

2Mənbələr