Qaynarinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.
Kainatda iki növ materiya mövcuddur: biri – yalnız cazibə qüvvəsi vasitəsilə hiss edilən, amma birbaşa müşahidə olunmayan qaranlıq materiya, digəri isə adi, yəni baryon materiyasıdır. Lakin bu adi materiyanın böyük hissəsinin dəqiq harada yerləşdiyi uzun illər naməlum qalmışdı.
Qaynarinfo "Reuters”ə istinalda yazır ki, yeni elmi tədqiqat bu sirrə aydınlıq gətirib.
Alimlər çoxdan müəyyən ediblər ki, kainatın tərkibindəki materiyanın təxminən 85 faizi qaranlıq, yalnız 15 faizi isə adi materiyadır. Qaranlıq materiyanın mövcudluğu onun cazibə qüvvəsi ilə yaratdığı anomaliyalara əsasən hesablanıb.
Adi materiya – qazlar, ulduzlar, planetlər, tozlar və Yer üzündəki bütün maddi varlıqlardır, məsələn, peçenye xəmiri də buna daxildir. Lakin bu 15 faizlik adi materiyanın yalnız bir hissəsi müşahidə edilə bilirdi – qalan hissənin harada olduğu bilinmirdi.
Yeni tədqiqat göstərdi ki, həmin "itkin düşmüş” materiya çox zəif yayılmış qaz formasında qalaktikalararası geniş boşluqlarda, yəni qalaktik dumanlıqlarda yerləşir. Bu qaz radiodalğalara təsiri vasitəsilə aşkarlanıb. Tədqiqat Harvard Universitetinin astronomiya professoru Liam Connorun rəhbərliyi ilə aparılıb. Onun sözlərinə görə:
"Bizim illərlə cavab axtardığımız sual belə idi: O, harada gizlənir? Cavab isə budur: qalaktikalardan uzaqda, çox zəif və seyrək yayılmış bir kosmik tor kimi yerləşir”.
Alimlər bu adi materiyanı 69 fərqli mənbədən gələn sürətli radiodalğalar – FRB (Fast Radio Bursts) vasitəsilə aşkar ediblər. Bu dalğaların kosmosdan keçərkən zəif qazla qarşılıqlı təsiri sayəsində maddənin olduğu yerlər müəyyən edilib. Əldə olunan nəticələrə görə, adi materiyanın əsas hissəsi qalaktikalararası plazma qazı formasındadır.
Baryon materiyası – yəni proton və neytronlardan ibarət olan, atomları formalaşdıran maddədir. İnsanlar, planetlər, ulduzlar – hamısı baryonlardan ibarətdir. Liam Connor bu barədə belə deyib:
"Biz qaranlıq materiyanın nə olduğunu hələ də bilmirik. Amma adi materiyanın nə olduğunu çox yaxşı bilirik. Sadəcə, onun harada olduğunu bilmirdik”.
Alimlərə görə, bu qədər adi materiyanın qalaktikalardan kənarda olmasının səbəbi – supernovaların partlaması və superkütləli qara dəliklərin maddə "tüpürməsi” kimi güclü kosmik proseslərdir. Bu hadisələr nəticəsində qaz plazma formasında qalaktikadankənar məkana atılır. Bu qaz artıq neytral deyil, plazma halındadır – yəni proton və elektronlar ayrılıb.
Araşdırma zamanı Kaliforniyada yerləşən Caltech-in Owens Valley Radio Observatory adlı radio-observatoriyasında qurulmuş 110 teleskopdan ibarət şəbəkə və əlavə olaraq 30 digər teleskopun məlumatları istifadə edilib.
İndi isə, ilk dəfə olaraq bütün adi materiya balansı aparılıb:
76% – qalaktikalararası plazma qazında (kosmik "dumanlıqda”),
15% – qalaktikaların ətrafındakı halo qaz qatlarında,
9% – qalaktikaların öz daxilində, əsasən ulduzlar və qaz şəklində toplanıb.
Bu nəticələr kainatdakı maddə balansının və onun necə paylandığının başa düşülməsi üçün mühüm bir addımdır.
Alpər
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.