Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə ötən ilin dekabrın 24-də, saat 21 radələrində Quba rayonunun kəndində baş verib.
Kənd sakini, 1982-ci il təvəllüdlü Əfqan qonşusu və tanışı Pərviz (adlar şərtidir – red.) ilə aralarında yaranmış mübahisə zamanı qəsdən onun sifət nahiyəsindən yumruq vurub. Onun sağlamlığının qısa müddətə pozulmasına səbəb olub.
Hadisəni törədən Əfqanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əfqan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O, ifadəsində göstərib ki, dekabrın 24-də yaşadığı evdə olan zaman qonşuluğunda yaşayan Pərviz adlı şəxsin bacısı Səmayəni söyüb təhqir etdiyini və onun ünvanına nalayıq ifadələr işlətdiyini eşidib:
“Bu səbəbdən yaşadığım evdən çölə çıxdım. Bu zaman Pərviz yaşadığı evə getdi. Bundan sonra onun yaşadığı evin qarşısına getdim və nə səbəbə bacımı söydüyünü soruşdum. Pərviz yenidən mənim bacım haqqında nalayiq ifadələr işlətdi, məni təhqir etdi. Bu zaman əsəbləşərək Pərvizin boğazından tutaraq yerə yıxdım və yumruqla onu vurdum. Bu hadisədən sonra oradan uzaqlaşaraq yaşadığım evə getdim”.
İş üzrə zərərçəkmiş qismində ifadə verən Pərvizin sözlərinə görə, saat 21 radələrində həmkəndlisi Əfqan onun yaşadığı evə gəlib və ona bacısı Səmayə haqqında nalayiq ifadələr işlətdiyini deyib, mübahisə etməyə başlayıb:
“Mübahisə zamanı Əfqan sifət nahiyyəmdən bir dəfə yumruqla vurdu, məni boğazımdan tutaraq yerə yıxdı. Sonradan arvadım ora gələrək bizi ayırdı. Bu zaman Əfqan oradan uzaqlaşdı. Mübahisə zamanı Əfqana heç bir xəsarət yetirməmişəm, nədə onun bacısı Səmayə haqqında hər hansısa nalayiq ifadələr işlətməmişəm”.
Bu cinayət işinə Quba Rayon Məhkəməsində baxılıb.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilib və o, cinayət məsuliyyətindən azad edilib.
Hökmə əsasən, Əfqanın Cinayət Məcəlləsnin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair sadələşdirilmiş icraat materialları üzrə icraata xitam verilib.
Fariz Məlikli
Demokrat.az