İsrailin İrana hücum etdiyi ilk gün Türkiyə hava məkanında fövqəladə vəziyyət yaşanıb. Belə ki, hücumun ilk günü bəzi İsrail hərbi təyyarələri Türkiyə hava məkanını pozub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə türk mediası məlumat yayıb.
Məlumata görə, bundan sonra Türk Hava Qüvvələrinə dərhal həyəcan siqnalı verilib. Türk döyüş təyyarələri İsrail təyyarələrinə xəbərdarlıq edərək hava məkanını dərhal tərk etmələrini tələb edib. Bu xəbərdarlıqdan sonra İsrailə məxsus təyyarələrin Türkiyə hava məkanını tərk edib. Qeyd olunub ki, İran-İsrail münaqişəsindən sonra Türkiyədə erkən xəbərdarlıq sistemləri və radarlar fasiləsiz fəaliyyət göstərir.
Azər Qasımov: Sərgilənən mövqe Türkiyəni vasitəçi kimi çıxış etmək şansından məhrum edir
Mövcud vəziyyətlə bağlı politoloq Azər Qasımov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, İsrail-İran müharibəsinin regionda yayılması ehtimalı ilə bağlı fikri əslində xarakterizə edən amillər İsrailə qarşı olan münasibətdən qaynaqlanır:
"İsrailə qarşı mövqe nümayiş etdirən ölkələr, məsələn, Türkiyə iddia edir ki, İranın məğlub olacağı təqdirdə növbə Pakistana, sonra isə Türkiyəyə gələcək və İranı məğlub edən qüvvələr onların da məğlub olmasına çalışacaqlar. Təbii olaraq bu, konspirativ fikirlərin qaynağının nədən ibarət olduğu məntiqi başadüşülən deyil. Göründüyü kimi, Pakistan bir tərəfə Türkiyə özünü hansı ölkələrin yerinə qoyur ki, özünün məğlubiyyətini öncədən planlaşdırır. Əlbəttə ki, müharibə regionda insan faciələri, miqrasiya yaradır, qonşu ölkələr də bundan əziyyət çəkir. Amma məhz Türkiyənin növbədə hansısa dağıdıcı proseslərə məruz qalacağını planlayan qüvvələrin olması ehtimalı absurd yanaşmadır".
İsrailin öz təhlükəsizliyi üçün bu müharibəni çoxdan planladığını bildirən politoloqun fikrincə, nəticə alınmayana qədər müharibə davam edəcək.
"Ərdoğan qeyd edir ki, bu müharibə təkcə İrana aid deyil. Sərgilənən mövqe əslində Türkiyəni vasitəçi kimi çıxış etmək şansından məhrum edir. Ancaq Azərbaycan tərəfi bu məsələdə hansısa cəhdlər edə bilər. Bunun isə nəticə verəcəyi müəmmalıdır. Bu müharibə mürəkkəb xarakter daşıyır" - A.Qasımov qeyd edib.
Xəqani Cəfərli: Türkiyənin İsrailə heç bir təzyiq elementi yoxdur, buna görə də...
Türkiyənin vasitəçiliyinin mümkün olub-olmayacağı ilə bağlı politoloq Xəqani Cəfərli isə Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, bu, gözlənilən deyil:
"Türkiyənin İran-İsrail müharibəsi ilə bağlı öhdəsinə düşən hər şeyi etməyə hazır olmasını bəyan etməsinə baxmayaraq, vasitəçi ola bilməz. Birincisi, İsrailin Türkiyəyə münasibəti İrana münasibətindən çox da fərqli deyil. İkincisi, Türkiyənin İsrailə heç bir təzyiq elementi yoxdur. Üçüncüsü, İranın nüvə proqramı ilə bağlı məsələnin həlli üçün Türkiyənin təklif edə biləcəyi heç bir xidməti yoxdur. Məsələn, Moskva İranın uranın zənginləşdirilməsini Rusiya ərazisində aparmağı təklif edir. Türkiyənin belə infrastrukturu yoxdur”.
Müsahibimiz qeyd edib ki, ümumiyyətlə, İstanbulda Rusiya ilə Ukrayna arasında danışıqların vasitəçisi Türkiyə deyil. Onun fikrincə, Rusiya ilə Ukrayna ABŞ-nin təzyiqlərindən sonra bir masa arxasında oturublar, Türkiyə sadəcə ev sahibliyi edib. Bunlar isə fərqli məsələlərdir.
Gülşən Şərif