AZ

WhatsApp iranlıların məlumatlarını İsrailə ötürür?

İran dövlət televiziyası WhatsApp mesajlaşma proqramının İsrailə məlumatlar ötürmək üçün istifadə olunması ilə bağlı iddiaları əsas gətirərək vətəndaşları bu proqramı smartfonlarından silməyə çağırıb. Bu barədə Associated Press (AP) məlumat yayıb.

“WhatsApp” nümayəndələri isə bu cür yalan informasiyaların xüsusən də proqrama ən çox tələbatın olduğu dövrdə onun xidmətini bloklamaq üçün bəhanə kimi istifadə oluna biləcəyindən narahat olduqlarını bildiriblər. Şirkət, xidmət provayderinin mesajları oxuya bilməməsini təmin edən xüsusi şifrələmənin olduğunu xatırladıb. Şirkət rəsmiləri həmçinin bildirib ki, onlar istifadəçilərin dəqiq yerini izləmir, yazışma jurnallarını yadda saxlamır və şəxsi mesajlara baxmırlar.

Bundan əlavə, WhatsApp hər hansı bir hökumətin mediasına məlumat verməyi rədd etdiyini iddia edir.

Xatırladaq ki, İsrail iyunun 13-nə keçən gecə İranın nüvə və raket proqramlarına zərər vurmaq üçün "Am KeLavi" (Şir kimi millət) əməliyyatına başladığını elan edib. ÇAXAL Tehran və Natanz da daxil olmaqla bir neçə bölgədə əvvəlcədən müəyyənləşdirilmiş hədəflərə zərbələr endirib. Hədəflər İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) üzvlərinin yerləşdiyi hərbi bazalar, hava hücumundan müdafiə sistemləri və bəzi yaşayış kompleksləri olub.

Belə bir gərginlik fonunda İranın ali dini lideri Əli Xamenei vətəndaşlara müraciət edib. O, gözlənilməz hücumlar nəticəsində bir neçə alim və yüksək rütbəli komandirin həlak olduğunu bildirib. Eyni zamanda Xamneyi İsrailin zərbələrinə cavab məsələsində İran əsgərlərinə “hərəkət azadlığı” verdiyini bildirib. Artıq bir neçə gündür ki, hər iki ölkə qarşılıqlı şəkildə bir-birinin ərazisini bombalayır.

Tural

Seçilən
11
news365.az

1Mənbələr