2025-ci ildə cənab prezidentin tapşırığı ilə Azərbaycanda beşinci sosial paket icra olunur. Sosial müavinətlər və təqaüdlər artırılmamışdan öncə minimum əməkhaqqı, minimum pensiya, eləcə də bir sıra sektorlarda əməkhaqqı artımları həyata keçirilib.
Far.Az-in məlumatına görə, praktiki olaraq sosial paket yanvar ayından etibarən icra olunmağa başlayıb. Amma ötən müddətdə mərhələli şəkildə artımların həyata keçirilməsi müşahidə olunub.
Bütövlükdə sosial paket 3 milyon insanı əhatə edəcək və bu istiqamətdə 1,4 milyard manat əlavə vəsait yönəldiləcək. Sonuncu artımlar bir milyondan çox vətəndaşımızı əhatə edəcək.
Bəs müharibə veteranlarının müavinətlərinin arıtırlması nə vaxt reallaşacaq?
Mövzu ilə bağlı danışam millət vəkili Vüqar Bayramov bildirib ki, müharibədə iştirak edən və əlilliyi olan vətəndaşlarımızın müavinətləri artırıldı:
"Eyni zamanda Milli Qəhrəmanlarımız, Vətən müharibəsi qəhrəmanları, şəhid ailələri və bu istiqamətdə dövlət tərəfindən mütəmadi dəstək həyata keçirilir.
Müharibə veteranlarının aldığı müavinətin artırılması məsələsi müzakirə olunan məsələlərdir. Bununla bağlı təkliflər də təqdim olunub. Burada həmin vətəndaşlarımızın əmək bazarına daha çox inteqrasiyası, yəni işlə təmin olunması məsələsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin diqqətindədir.
Son açıqlamada qeyd olunub ki, müharibə iştirakçılarının əmək bazarında işlə təmin olunması və məşğulluğunun təmin edilməsi istiqamətində işlərin genişləndirilməsi həyata keçirilir, İstənilən müavinətin artırılması ilə bağlı müzakirələr mütəmadi aparılır. Bu istiqamətdə təkliflər təqdim olunur".