AZ

Zülfüqar Hüseynzadəsiz ikinci il – Yaddaşlarda yaşayan böyük qələm sahibi!

Bu gün – 18 iyun mərhum jurnalist, Moderator.az saytının təsisçisi və baş redaktoru Zülfüqar Hüseynzadənin vəfatının ikinci ildönümüdür.
Tanınmış jurnalist  Zülfüqar Hüseynzadə 2023-ci ilin iyununda – 52 yaşında doğulub boya-başa çatdığı Kəlbəcər rayonunun Başlıbel kəndində dünyasını dəyişib. O, həmin gün Kəlbəcərə nənəsinin qalıqlarını axtarmaq üçün getmişdi və elə doğma kəndində – Başlıbeldə həyatla vidalaşdı.
Zülfüqar Hüseynzadə 1971-ci ildə Kəlbəcərin Başlıbel kəndində anadan olub. Orta təhsilini də burada alıb və məktəbin ən yaxşı şagirdlərindən biri kimi yadda qalıb. Universitet illəri Qarabağ müharibəsinin ən gərgin dövrlərinə təsadüf edən Zülfüqar bəy, cəbhəyə könüllü yollanaraq torpaqlarımızın müdafiəsində iştirak edib.
Tələbəlik illərindən başlayaraq jurnalistikaya xüsusi marağı olan Z.Hüseynzadə sonralar uzun müddət dövri mətbuatda çıxış edib, publisistik yazıları və köşə yazıları ilə oxucuların rəğbətini qazanıb. 2005-ci ildə o, doğma Kəlbəcərdən deputatlığa namizədliyini irəli sürüb.
2012-ci ildə Zülfüqar Hüseynzadə Moderator.az xəbər portalını təsis edib və ömrünün sonuna qədər saytın baş redaktoru kimi fəaliyyət göstərib. Onun rəhbərliyi ilə Moderator.az qısa zamanda ictimaiyyətin diqqətini çəkən nüfuzlu xəbər resurslarından birinə çevrilib.
Zülfüqar Hüseynzadənin həyatı, eləcə də doğma kəndi Başlıbelin taleyi erməni vəhşiliyinin ağrılı izlərini daşıyır. 1993-cü ildə Kəlbəcərin işğalı zamanı onun da ailəsi məcburi köçkün olub və Bərdənin Əliyanlı kəndinə sığınıb. Başlıbel qətliamında isə Zülfüqar bəyin yaxınları da erməni silahlıları tərəfindən qətlə yetirilib. Uzun illər məcburi köçkünlük həyatı yaşayan Z.Hüseynzadə, Kəlbəcər işğaldan azad edildikdən sonra tez-tez doğma kəndinə gedir, Başlıbeldəki ata-baba məzarlarını ziyarət edirdi.
Qeyd edək ki, Zülfüqar Hüseynzadə Bərdənin Əliyanlı kəndində – valideynlərinin yanında torpağa tapşırılıb.
Allah rəhmət eləsin. Nur içində yat, böyük insan!
 
Mehin Mehmanqızı
 
Seçilən
5
moderator.az

1Mənbələr