ABŞ-nin tanınmış iş adamı İlon Maskın sahibi olduğu sosial media platforması “X” (əvvəlki Twitter), Nyu-York ştatında qəbul edilən yeni qanuna etiraz olaraq məhkəməyə müraciət edib. Şirkət iddia edir ki, 2024-cü ilin dekabrında qüvvəyə minmiş və platformalardan onlayn nifrət nitqlərinə qarşı görülən tədbirlər barədə hesabat tələb edən bu qanun ifadə azadlığı prinsipini pozur.
Sfera.az xarici KİV-lərə istinadla bildirir ki, “X” məsələ ilə bağlı Nyu-York Cənub Dairə Məhkəməsinə təqdim etdiyi sənədlərdə qeyd edib: "Bu qanun ştat hökumətinə sosial media platformalarının məzmun üzərində nəzarət etmək üçün vasitə yaradır". Şirkət əlavə edir ki, bu cür dövlət müdaxiləsi sosial şəbəkələrdə fikir plüralizmini və azad ictimai müzakirələri təhlükə altına alır.
Hüquqi arqumentlərə görə, qanun ABŞ Konstitusiyasının Birinci Düzəlişi ilə təsbit edilmiş ifadə azadlığı hüququna ziddir. “X” platforması, eyni zamanda, ötən il Kaliforniya ştatında da oxşar bir qanuna qarşı uğurlu məhkəmə iddiası qaldırmış, nəticədə bu ştatda platformalara nifrət nitqi ilə bağlı hesabat vermə öhdəliyi qanundan çıxarılmışdı.
Bəsti Rəfizadə
Sfera.az