“Ermənistan Baş naziri Nikol Paşinyanın Ərdoğanın dəvəti ilə Ankaraya səfəri təsadüfi addım deyil, bu, uzunmüddətli siyasi strategiyanın tərkib hissəsidir. Paşinyan rəhbərliyi daxildəki gərgin sosial-siyasi vəziyyətdən diqqəti yayındırmaq üçün xarici siyasət manevrlərinə üstünlük verir. Türkiyə ilə əlaqələrin bərpası cəhdi həm Qərbə loyal görünmək, həm də regionda yeni iqtisadi imkanlar əldə etmək istəyi ilə izah oluna bilər”.
Bunu Editor.az-a açıqlamasında siyasi analitik Tural İsmayılov deyib.
Onun sözlərinə görə, Paşinyan iqtidarı uzun müddətdir ki, Rusiya orbitindən çıxaraq Qərbə yaxınlaşmaq üçün addımlar atır və bu səfər həmin istiqamətdə daha bir pillədir:
“Ermənistan cəmiyyəti bu cür yaxınlaşmalara skeptik yanaşsa da Paşinyan komandası prosesə davam edir. Türkiyə ilə münasibətlərin normallaşması Zəngəzur dəhlizi məsələsinin regionda iqtisadi və geosiyasi sabitlik üçün əhəmiyyətini artırır.
Bu səfərin fonunda Azərbaycanla yekun sülh sazişi məsələsi də dolayı yolla gündəmdə saxlanılır. Ermənistan rəhbərliyi daxili siyasi qeyri-populyarlığını xarici siyasət uğurları ilə balanslaşdırmaq niyyətindədir. Ankaraya səfər həm də Ermənistanın Cənubi Qafqazda bloklanmış statusdan çıxmaq istədiyinin göstəricisidir.
Lakin Paşinyanın tez-tez dəyişən ritorikası və ziddiyyətli mesajları onun regional aktorlar tərəfindən etibarlı tərəfdaş kimi qəbul edilməsinə əngəl yaradır. Türkiyə ilə açıq dialoq istəyi olsa da, Ermənistan daxilindəki revanşist qüvvələr bu prosesi sabotaj edə bilər. Bu da göstərir ki, sülhə gedən yol asan olmayacaq”.
T. İsmayılov bildirib ki, Ankara görüşü Cənubi Qafqazda barış və əməkdaşlıq üçün yeni bir mərhələnin başlanğıcı ola bilər:
“Əgər real siyasi iradə göstərilərsə, bu səfər region üçün tarixi dönüş nöqtəsinə çevrilə bilər. Lakin hər şey Ermənistanın daxili sabitliyi və Paşinyanın qərarlılığı ilə sıx bağlıdır. Əks təqdirdə, bu da əvvəlki nəticəsiz təşəbbüslərdən biri kimi tarixə qovuşa bilər”.
//Gülnarə Abasova, Editor.az