AZ

Tramp TikTok istifadəçilərini sevindirdi

ABŞ Prezidenti Donald Tramp “TikTok”un Amerika aktivlərinin Çin şirkəti “ByteDance”dən ayrılması üçün nəzərdə tutulan son müddəti daha 90 gün uzatmaq niyyətindədir. 

 

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ağ Evdən məlumat verilib.

 

Xatırladaq ki, 2024-cü ilin aprelində ABŞ-nin keçmiş prezidenti Cozef Bayden “TikTok”un ölkədə fəaliyyətini qadağan edən qanun layihəsini imzalamışdı. Tramp isə vəzifəyə gəldiyi ilk gün bu qərarı ləğv edərək, son müddəti iki dəfə uzatmışdı. Sonuncu uzadılma isə bu həftənin cümə axşamı günü başa çatır.

 

Hazırkı qanunvericiliyə əsasən, “TikTok”un ABŞ-də fəaliyyətini davam etdirməsi üçün onun Amerika bölməsi Çinlə əlaqəsi olmayan qurumlara satılmalıdır. Prezident Tramp isə hesab edir ki, ABŞ bu şirkətin ən azı 50%-nə sahib olmalıdır.

 

Ağ Evin nümayəndəsi Karolin Leavitt bildirib ki, “Prezident Tramp “TikTok”un çöküşünü istəmir” və administrasiya qarşıdakı üç ay ərzində amerikalıların bu platformadan istifadə etməyə davam edə bilməsi və onların məlumatlarının təhlükəsizliyi üçün bir razılaşma əldə etməyə çalışacaq.

 

Mart ayında Tramp “ByteDance” ilə razılıq əldə etmək üçün hətta Çin idxalına tətbiq edilən tariflərin azaldılmasına hazır olduğunu demişdi. Yaz aylarında isə “TikTok”un ABŞ biznesinin idarəsini yeni əksəriyyəti ABŞ investorlarına məxsus olan yerli şirkətə ötürəcək bir razılaşma müzakirə olunmuşdu. Lakin Trampın Çin mallarına qarşı geniş tarif qərarından sonra Pekin həmin razılaşmanı təsdiqləməkdən imtina etmiş və danışıqlar dayanmışdı.

 

Trampın imzalayacağı yeni sərəncam “ByteDance”a müqaviləni sentyabrın ortalarına qədər yekunlaşdırmaq üçün əlavə vaxt verəcək.

 

Fidan Hacızadə
Sfera.az

 

Seçilən
8
1
sfera.az

2Mənbələr