AZ

“Startup Genome” hesabatı: Azərbaycanda İKT, rəqəmsal dövlət və oyun sənayesi kimi sahələr yüksəlişdədir

Bakı, 18 iyun, AZƏRTAC

İnnovasiya ekosisteminin qlobal müstəvidə təhlilini aparan “StartupGenome” platforması 2025-ci il üçün hesabatını açıqlayıb. Hesabatda Azərbaycanın bir sıra innovativ texnologiyalar üzrə irəliləyiş əldə etdiyi vurğulanır.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən (İRİA) AZƏRTAC-a bildirilib ki, ölkəmiz İKT, dövlət idarəetməsində rəqəmsal texnologiyaların tətbiqi və oyun sənayesi kimi sahələrdə rəqabətqabiliyyətli göstəricilərə sahibdir. Bundan əlavə, hesabatda bildirilir ki, Azərbaycan “Asiya ekosistemində istedadların əlçatanlığı” reytinqində ilk iyirmi beş ölkə arasında yer alır.

“Startup Genome” hesabatında göstərilir ki, Azərbaycandakı ekosistem dövlətin rəqəmsal transformasiya yanaşması, kibertəhlükəsizlik və insan kapitalının inkişaf təşəbbüsləri ilə hərtərəfli dəstəklənir. Bu kontekstdə İRİA-nın həyata keçirdiyi fəaliyyət xüsusilə qeyd edilib. Agentliyin təşəbbüsü sayəsində 2024-2025-ci illərdə startaplar üçün “Microsoft”, “Viveka” və “Startup Wise Guys” kimi qlobal səviyyədə tanınan şirkətlərin cəlb edilməsi ilə bir sıra layihələr reallaşdırılıb, rəqəmsal dövlət xidmətlərinin spektri və miqyası genişləndirilib. Ölkədə, həmçinin oyun sənayesinin inkişafı strategiyasının bir hissəsi olaraq nüfuzlu “Xsolla” şirkəti ilə oyun studiyaları üçün inkubasiya proqramı keçirilir.

Hesabatda Azərbaycan texnoparklarının da yerli və xarici texnologiya şirkətləri üçün əlverişli olduğu qeyd edilib. Belə ki, texnoparklarda rezidentlik həm Azərbaycan, həm də xarici şirkətlər üçün müvafiq imtiyazlar təqdim edir. Xarici şirkətlər coğrafi mövqeyi, vergi güzəştləri və yüksək həyat standartlarının əlçatanlığına görə məhz bizim ölkəni seçirlər.

İRİA-nın sədri Fərid Osmanovun ölkənin rəqəmsal transformasiyası və innovativ ekosistemi haqqında fikirləri hesabatda yayımlanıb: “Azərbaycanın innovasiya ekosistemi rəqəmsal transformasiya, strateji yatırımlar və dövlət-özəl tərəfdaşlıqları əsasında inkişaf edir. Biz yerli insan kapitalını və startapları yetişdirməklə effektiv texnoloji həlləri bir araya gətirən, qlobal çağırışlarla ayaqlaşan və dayanıqlı sahibkarlıq prinsipləri ilə formalaşan regional texnologiya mərkəzini qururuq”.

“Startup Genome”un idarəedici ortağı Stefan Kuesser də ölkəmizin startap ekosistemi haqqında fikirlərini bölüşüb: “Azərbaycanın startap ekosistemi beynəlxalq əlaqələri və dinamik texnologiya icmasının inkişafı ilə regionda strateji əhəmiyyətə sahibdir. İnnovasiya təşəbbüsləri dərinləşir və bu da uzunmüddətli inkişaf üçün fundamental imkanlar yaradır. Bizimlə tərəfdaş olan İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi Azərbaycanda innovativ sahibkarlığın inkişafı və ölkənin regional innovasiya gücünə çevrilməsi istiqamətində əhəmiyyətli işlər görür”.

Qeyd edək ki, “Startup Genome” builki hesabatında 65-dən çox ölkənin innovasiya ekosisteminin təhlilini təqdim edib. Platformanın son 10 ildə dərc edilmiş hesabatlarında regionlar və ölkələr üzrə innovasiya ekosisteminin əsas göstəriciləri, ekosistemin hərəkətverici oyunçuları və strateji inkişaf hədəfləri kimi məlumatlar yer alır.

Seçilən
7
1
azertag.az

2Mənbələr