2025-ci ilin yanvar - may ayları ərzində vergi ödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 256.215 şəxs qəbul edilib və onlara 406.303 sayda xidmət göstərilib ki, bunun da 139,6 mindən çoxu şifahi xidmətlər (müraciət etmiş şəxslərin vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualları cavablandırılması), 95,6 mindən çoxu elektron xidmətlər (bəyannamələrin və hesabatların, habelə müxtəlif ərizələrin tərtibatına və elektron formada göndərilməsinə köməklik göstərilməsi) olub.
Aşağıda qeyd olunan 9 xidmət yanvar - may ayları ərzində göstərilmiş ümumi (şifahi və hazır sənədlərin verilməsi ilə bağlı xidmətlər istisna olmaqla) xidmətlərin 89,6%-ni təşkil edib:
- Bəyannamələrin (hesabatların), cari vergi ödəmələrinin hesablanması barədə arayışın vergi orqanlarına təqdim edilməsi;
- Vergi ödəyicisinin fəaliyyətinin dayandırılması (bərpası);
- Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbzin verilməsi;
- Asan İmza sertifikatlarının verilməsi;
- Vergi ödəyicisinə arayışların verilməsi;
- Vergi ödəyicisinin uçot məlumatlarının dəyişdirilməsi;
- Fiziki şəxsin uçota alınması və yenidən uçota alınması;
- Fiziki şəxsin uçotdan çıxarılması;
- Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) uçota alınması (uçotdan çıxarılması).
Yanvar - may aylarında vergi ödəyicilərindən daxil olmuş 15 minə yaxın yazılı müraciət cavablandırılıb, onlara 11,9 milyondan çox məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib. Həmin dövr ərzində 1.908 vergi ödəyicisinin iştirakı ilə 174 görüş keçirilib, 2161 ödəyiciyə ünvanlı xidmət göstərilib. Vergi ödəyicilərinin preventiv məlumatlandırılması məqsədilə onların mobil nömrələrinə 1 milyon 559 minə yaxın SMS göndərilib.
Yanvar - may ayları ərzində ümumilikdə 131. 490 müraciət üzrə 197.724 Asan İmza sertifikatı verilib.