AZ

Goranboyda taxıl biçini ilə bağlı regional müşavirə keçirilib - FOTOLAR

Bölgələrdə taxıl biçininə hazırlıq, mövcud vəziyyət və qarşıda duran vəzifələrlə bağlı məlumatlandırma sessiyaları davam edir.

"Unikal" xəbər verir ki, Goranboy rayonunda keçirilən regional müşavirədə Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri, Goranboy, Yevlax, Naftalan və Samux rayonlarının icra hakimiyyəti strukturlarının məsul şəxsləri, Dövlət Aqrar İnkişaf Mərkəzlərinin direktorları, “Aqroservis” ASC-nin məsul şəxsləri və regional nümayəndəliklərinin, rayon bölmələrinin əməkdaşları, texniki nəzarət müfəttişləri, mühəndislər, mexanizatorlar və fermerlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Goranboy Rayon İcra Hakimiyyətinin başçısının I müavini Seymur Nazarov bildirib ki, ölkədə kənd təsərrüfatının inkişafına dövlət tərəfindən ciddi dəstək verilir. Dövlətin qayğı və diqqəti sayəsində rayonda kənd təsərrüfatının müxtəlif sahələri, o cümlədən taxılçılıq inkişaf etməkdədir.  Seymur Nazarov rayonda taxıl əkini, biçinə hazırlıq və yığım prosesinin təşkili ilə bağlı tədbir iştirakçılarına ətraflı məlumat verib. O, əlavə edib ki, Goranboy rayonunda iqtisadiyyatın əsasını təşkil edən kənd təsərrüfatı sahəsinin inkişafının təmin edilməsi məqsədilə Rayon İcra Hakimiyyəti tərəfindən aidiyyəti təşkilatlarla əlaqəli iş qurulur, yerlərdə fermer və istehsalçılar üçün əlverişli şərait yaradılır.

Müşavirədə çıxış edən Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) sədri Sərdar Hacıyev qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində iqtisadiyyatın digər sahələri kimi aqrar sahə də dayanıqlı inkişaf edir. Sərdar Hacıyev diqqətə çatdırıb ki, kənd təsərrüfatının strateji əhəmiyyətli istehsal sahələrindən biri olan taxılçılığın inkişaf etdirilməsi, məhsul istehsalçılarının keyfiyyətli toxuma olan tələbatının daxili istehsal hesabına təmin olunması prioritet vəzifələrdən biri kimi müəyyən edilib və bu istiqamətdə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən davamlı olaraq zəruri tədbirlər həyata keçirilir. Regional müşavirənin əhatə etdiyi rayonlarda ümumilikdə 59 156 hektar sahədə payızlıq taxıl əkildiyini bildirən AXA rəhbəri respublikada taxıl biçininin aktiv mərhələyə qədəm qoyduğunu, əksər rayonlarda aktiv biçin prosesinin getdiyini bildirib. Biçinin mütəşəkkil şəkildə, itkisiz başa çatdırılması üçün Nazirlik tərəfindən tədbirlər planı hazırlandığını deyən Sərdar Hacıyev vurğulayıb ki, taxılın vaxtında və itkisiz yığılması istiqamətində koordinasiya olunmuş fəaliyyət mühüm əhəmiyyət kəsb edir.  

Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri Seymur Səfərli toxumçuluq və taxılçılığın elmi əsaslarla inkişafı, istehsalda innovativ texnologiyaların tətbiqi, taxıl biçininin təşkili, mövcud vəziyyət və qarşıda duran vəzifələr barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. O, respublikada taxıl biçininin aktiv mərhələyə qədəm qoyduğunu, əksər rayonlarda aktiv biçin prosesinin getdiyini bildirib.

Müşavirədə çıxış edən yerli qurumların nümayəndələri biçin prosesinə hazırlıq dövrü, biçinin təşkilində meydana çıxa biləcək çətinliklərin aradan qaldırılması üçün görülmüş önləyici tədbirlər barədə məlumat veriblər. Qeyd olunub ki, hazırda bölgədə arpa sahələrində aktiv biçin gedir, məhsulun vaxtında və itkisiz yığılması istiqamətində təcili və təxirəsalınmaz fəaliyyət həyata keçirilir.
Müşavirədə tədbir iştirakçıları taxıl biçininin təşkili, mövcud vəziyyət və qarşıda duran vəzifələr barədə ətraflı məlumatlandırılıb, biçin zamanı qarşıya çıxa biləcək çətinliklər, onların həlli yolları müzakirə edilib, fermer və mexanizatorların təklifləri dinlənilib, qaldırılan məsələlərin operativ həlli üçün müvafiq tapşırıqlar verilib.
 

Seçilən
20
2
unikal.az

10Mənbələr