AZ

Terrorçuluğu maliyyələşdirməkdə təqsirləndirilən şəxslərin məhkəməsində yeni faktlar açıqlandı

Azərbaycanda terrorçuluğun maliyyələşdirilməsi ittihamı ilə bağlı üç nəfər - Xəqani Ömərov, Anar Salamzadə və Elçin Əzizovun barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nigar İmanovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs Elçin Əzizov ifadə verib.
O bildirib ki, bəzi silahlı qruplaşmalarla əlaqəsi olub: "Mən Türkiyədə yardım qruplarında iştirak etmişəm. Sonradan həmin qrupla Suriyaya getmişəm. 4 ay mən Suriyada qalmışam. Bizi əvvəlcə başqa bir silahlı qruplaşma ilə bağlı həbs etmişdilər. Amma istintaqın sonunda bizi İŞİD-lə əlaqələndirdilər".
Təqsirləndirilən şəxs qeyd edib ki, 2018-ci ildə Suriyada müharibə dayanıb: "İdlibdə normal həyat olub. Həmin vaxtdan sonra keçmiş hökumət rejiminə qarşı mübarizə başlayıb. Mən özüm orada olmuşam. Oranı yaxşı tanımışam. Elşəni də həmin vaxt yardımlar paylayanda tanımışam. Azərbaycana gələndən sonra Elşənə müxtəlif məbləğlərdə pullar göndərmişəm. Mən Türkiyəyə pulu göndərmişəm, oradan da götürmüşəm. Mən 350 manat miqdarında pul göndərmişəm".
Təqsirləndirilən şəxs ifadəsində daha sonra göstərib ki, Xəqani Ömərovla tanış olmayıb, onu məhkəmədə tanıyıb.
Növbəti proses avqustun 12-nə təyin olunub.
İttihama görə, mütəşəkkil dəstənin üzvləri Şükür Həmidli və Elşən Mustafayev "İŞİD"-in tərkibində çoxsaylı silahlı münaqişələrdə iştirak edib, Suriya Ərəb Respublikasının ərazində terrorçu qruplaşmaların tərkibində silahlı birləşmələrə qoşulub, Suriya silahlılarına qarşı döyüşüblər. Azərbaycanın hüdudlarından kənarda insanları vahiməyə salan partlayışların həyata keçirilməsində və digər cinayətlərdə iştirak ediblər.
Bundan başqa, təqsirləndirilən şəxslər - Xəqani Ömərov, Anar Salamzadə və Elçin Əzizov sosial şəbəkələrdə terrorçuluğun maliyyələşdirilməsinə yönələn çağırışlar ediblər.
Onlar imkanı aşağı olan şəxslərə sədəqə toplamaq adı ilə pul yığıblar. Topladıqları pulları mütəşəkkil dəstənin digər üzvlərinə verməklə terrorçuluğun maliyyələşdirilməsinə yönələn hərəkətlər ediblər.
Xəqani Ömərov, Anar Salamzadə və Elçin Əzizov DTX-nin keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılıblar.
İstintaq orqanı müəyyən edib ki, təqsirləndirilən şəxslər terrorçuluğa dəstək məqsədilə xarici ölkədə fəaliyyət göstərən müəyyən şəxslərə maliyyə vəsaitləri köçürüblər.
Qeyd edək ki, təqsirləndirilən şəxslərə qarşı AR Cinayət Məcəlləsinin 214-1-ci (terrorçuluğun maliyyələşdirilməsi) maddəsi ilə ittiham irəli sürülüb. Bu maddə ilə onlar 10 ildən 14 ilədək azadlıqdan məhrum edilə bilərlər.

Seçilən
18
teleqraf.com

1Mənbələr