AZ

Moskvada Azərbaycan hökumətinin dəstəyi ilə nəşr olunan “Dünya xalqlarının nağıllarında uşaq hüquqları” kitabının təqdimatı keçirilib

Azertag saytına istinadən ain.az xəbər verir.

Moskva, 18 iyun, AZƏRTAC

Rusiya Dövlət Kitabxanasının Şərq Ədəbiyyatı Mərkəzində Azərbaycanın Moskvadakı səfirliyinin dəstəyi ilə “Dünya xalqlarının nağıllarında uşaq hüquqları” kitabının təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, Rusiya Dövlət Kitabxanasının (RSL) Şərq Ədəbiyyatı Mərkəzində Rusiya Pediatrlar İttifaqının və Azərbaycan Pediatrlar Assosiasiyasının birgə layihəsinin – Azərbaycan Respublikası hökumətinin dəstəyi ilə nəşr edilmiş “Dünya xalqlarının nağıllarında uşaq hüquqları” kitabının təqdimatı olub. Kitab rus və Azərbaycan dillərində yazılıb.

Tədbirdə rusiyalı alimlər, tibb, media təmsilçiləri, Moskvanın Azərbaycan icmasının nümayəndələri, paytaxtın ali məktəblərinin müəllim və tələbələri iştirak ediblər. Mərkəzin rəhbəri Marina Melanyina qeyd edib ki, RSL uzun müddətdir Azərbaycanla əməkdaşlıq edir. Kitabxana dəfələrlə Azərbaycan mədəniyyətinə həsr olunmuş sərgi və təqdimatlara ev sahibliyi edib.

Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev nağıllar və vizual obrazlar vasitəsilə cəmiyyəti uşaq hüquqları ilə tanış edən layihənin tərbiyəvi əhəmiyyətini vurğulayıb.

Kitabın həmmüəlliflərindən biri - Avropa Pediatriya Assosiasiyasının prezidenti, Rusiya Pediatrlar İttifaqı İcraiyyə Komitəsinin sədri, Rusiya Federasiyasının Əməkdar elm xadimi, Rusiya Elmlər Akademiyasının akademiki Leyla Namazova-Baranova vurğulayıb ki, “Dünya xalqlarının nağıllarında uşaq hüquqları” kitabı Azərbaycan və Rusiya pediatrlarının birgə zəhmətinin bəhrəsidir. O, nəşrin məzmunundan danışaraq bildirib ki, “BMT Uşaq Hüquqları Konvensiyası”nın maddələri nağıllar, rəsmlər və illüstrasiyalar ilə müşayiət olunur. Natiq əlavə edib ki, bu kitabın mütaliəsi uşaqlara və onların valideynlərinə uşaq hüquqları haqqında daha çox məlumat əldə etmək, dil biliklərini artırmaq və dost xalqın mədəniyyətini yaxından öyrənmək imkanı verəcək. L.Namazova-Baranova kitabın təqdimatının keçirilməsinə verdiyi dəstəyə görə Azərbaycanın Rusiyadakı səfirliyinə təşəkkür edib.

Tədbir MDBMİ-nin Yaxın və Orta Şərq ölkələrinin dilləri kafedrasının professoru, Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin sədri Abuzər Bağırovun, K.Ə.Kərimov adına 1583 nömrəli məktəbin direktorunun müşaviri Ramidə Qasımovanın və rusiyalı rejissor, prodüser və ssenarist Yelena Tvyordoxlebin çıxışları illə davam edib. Onlar müxtəlif xalqlarını mədəni kodu vasitəsilə uşaqlarda humanizm dəyərlərinin formalaşmasının əhəmiyyətini qeyd ediblər.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
8
azertag.az

1Mənbələr