AZ

Şükürov kamikadze rolunda - KÖŞƏ

Azər Bağırovun “Kəpəz”dən ayrılması hamı kimi məni də təəccübləndirdi. Həmin vaxt yadıma tut arağı satan tovuzlu kişinin macərası da düşdü. Qonşusu onun tut arağı satdığını görüb soruşmuşdu ki, bunu satıb bundan yaxşı nə alacaqsan?

Məsəli Azər bəydən uzaq olsun, bilirəm ki, dini baxışlarına görə spirtli içkilərdən uzaqdı. “Kəpəz” rəhbərliyinin Bağırovu əldən buraxandan sonra necə bir məşqçi tapacağını, kimi Gəncədə işləməyə razı salacağını maraqla gözləyirdim. Sağ olsunlar, çox da uzağa getmədilər. Ötən ilin avqustunda elə “Kəpəz”dən ayrılan və o vaxtdan bəri işsiz olan Adil Şükürovu seçdilər. Öz növbəmdə Adil bəyi yeni təyinat münasibətiylə təbrik edir, uğurlar arzulayıram.

Amma bilirəm ki, ona xeyli çətin olacaq. Mən hələ Adil Şükürov “Kəpəz”dən istefa verəndə, onun boşaltdığı posta Azər Bağırov gələndə təəccümü gizlədə bilməmişdim. Yazılarımın birində qeyd etmişdim ki, Bağırov özündən əvvəl məşqçilərin başına gələnləri nəzərə almalı, rəhbərliyin sürpriz qərarlarına hazır olmalıdı. Necə demişdimsə, elə də oldu. Azər bəy çəkdiyi zəhmətin, qazandığı uğurların qarşılığında heç normal sağollaşmaya da layiq görülmədi, “Turan Tovuz”la oyunda onu ağır məğlubiyyətlə yola saldılar.

Oxşar hadisə daha əvvəl Tərlan Əhmədovun da başına gəlmişdi. “Kəpəz” rəhbərliyi “sarı-göylər”i elitada saxlamağı bacaran, azarkeşlərin də sevgisini qazanan çalışdırıcını urvatsız şəkildə yola saldı. Ona görə də mən Azər Bağırovun “Kəpəz”dən ayrılıq ssenarisinə heç də təəccüblənmədim.

Məsələ ondadı ki, Adil bəyin özü də “Kəpəz”ə yad isim deyil. Bağırovdan əvvəl elə “Kəpəz”in çalışdırıcısı o idi. Azər Məmmədovun yerinə gələn Şükürovun “Kəpəz”dəki ilk ili yaxşı alındı, Gəncə təmsilçisi “qara zolaqdan çıxa”, premyer-liqadakı yerini qoruya bildi. Gəncəli azarkeşlər ümid edirdilər ki, uğurun davamı gələcək və “Kəpəz” yeni mövsümdə turnir cədvəlinin ortalarına doğru irəliləyəcək, elitadan düşmək təhlükəsi yaşamayacaq. Amma olmadı. Mövsümə bərbad başlayan “Kəpəz” xala həsrət qaldı. Hətta qol vurmaq belə mümkün olmurdu. Belədə Şükürov da çarəni getməkdə gördü, “Kəpəz”dəki işindən ayrıldı.

Bu ayrılıqda da müəmmalar olmamış deyildi. Aylar sonra bunu Adil bəyin özü də etiraf etmiş, rəhbərliyin ona dəstək vermədiyinə eyham vurmuşdu. Onun ötən ilin oktyabrında “fanat.az”a verdiyi müsahibədən bir neçə cümləyə diqqət edək:
“Getmək variantı son anda yarandı. Rəhbərliklə danışmışdıq ki, millinin fasiləsinə qədər 2-3 yerli, təcrübəli oyunçunu heyətə qataq. Konkret adlar da çəkə bilərəm. Turan Manafovla Rauf Hüseynlini komandada görmək istədiyimi bildirmişdim. Rauf hətta düşərgəyə qoşulmuşdu. Düzdü, zədədən sonra tam formada deyildi. Bu baxımdan "milli fasiləsi" işimizə yarayacaqdı. Tam heyət ixtiyarımda olandan sonra komandadakı çatışmazlıqları yoluna qoya biləcəyimə inanırdım. Demişdim ki, milliyə görə iki fasilə arasındakı 4 turda 4 xal götürə bilərəm. Son anda deyildi ki, Turanla Raufu transfer etmək üçün pulumuz yoxdu. Belədə ərizəmi yazıb istefa verdim. Məndən sonra onları komandaya götürdülər. Necə oldu, deyə bilmərəm”.
Necə deyərlər, xoruzun quyruğu burda görünür. Adil bəy açıq-aşkar ona eyham vurur ki, rəhbərlik sözünü tutmayıb, onun heyəti gücləndirmək istəyinə qarşılıq verməyib. Ən maraqlısı da odu ki, elə onun “gözaltı etdiyi” futbolçuların transferi Şükürov istefaya gedəndən sonra həyata keçirilib. Deməli, transfer etməyə pul var imiş. Sadəcə, rəhbərlik Şükürovla işləmək istəməyib, gözləyiblər ki, uğursuzluq davam etsin və baş məşqçi istefa ərizəsini yazsın. Adını da qoysunlar ki, bacarmadı və getdi. Səbəbin nə olduğu biz bilmirik. Ən doğrusunu Adil Şükürovun özü və “Kəpəz”in rəhbərliyində təmsil olunanlar bilir.

Nə sirri-xudadısa, bütün bunlar Adil bəyin gözünü qorxutmayıb, çalışdırıcı yenidən “Kəpəz”də işləməyə razılıq verib. Gəncədən ayrılandan cəmi 9 ay sonra ora qayıtmaq böyük riskdi. Görünür, Adil bəyi bu risk etməyə vadar edən səbəblər ciddidi. İndiki halda mən onu kamikadzeyə bənzədirəm. Təki yanılım.

AMAL
Seçilən
10
1
football-plus.az

2Mənbələr