AZ

“Borcla verilən çay da haramdır" – İlahiyyatçıdan açıqlama

Azərbaycanda yas mərasimləri, xüsusilə ehsan süfrələri uzun illərdir cəmiyyətin ciddi müzakirə mövzusudur. Elə ailələr var ki, yaxınlarını dəfn edər-etməz borca düşərək təmtəraqlı süfrələr açırlar. Səbəb sadədir: “Gələnlər deməsin ki, filankəs yas verə bilmədi”.

 

Bəs Quranda yas süfrəsi verməyə dair bir göstəriş varmı?

 

Sfera.az-a açıqlama verən ilahiyyatçı Tural İrfan bildirib ki, nə Quranda, nə də Peyğəmbərimizin hədislərində yas mərasimi təşkil etmək və ehsan süfrəsi vermək kimi bir göstəriş yoxdur:

 

“Peyğəmbərin əmisi Həmzə şəhid olanda, o, insanlara yas mərasiminə yemək aparmağı tövsiyə etdi. İslamın buyurduğu budur: yas sahibinə yük yox, dəstək olmaq lazımdır”.

 

 

İlahiyyatçının fikrincə, Azərbaycanda formalaşmış adət təkcə dinə zidd deyil, həm də sosial ədalətsizliyə yol açır:

 

“İnsanlar borca girib yasda təmtəraqlı süfrə açır. Bu, ehsan yox, borcdur. Ehsan təmənnasız olar. Yaslı ailəyə belə yük qoymaq haramdır”.

 

O qeyd edir ki, bəzi insanlar bu mərasimlərə sadəcə “qarın doyurmaq” üçün gəlir. Süfrə zəif olanda isə qeybət edib deyirlər ki, ölüsünü urvatdan saldı".

 

T.İrfan bu ənənənin kök salmasında bəzən riyakar din xadimlərinin də rol oynadığını deyir:

 

“Mollalar bu məclislərdə oturub yeyirlər. Halbuki, israfı tənqid etməli, insanları maarifləndirməlidirlər”.

 

İlahiyyatçı vurğulayır ki, İslamda “yas məclisi” anlayışı yoxdur:

 

"Məclis toyda, nişanda olar. Yas isə hüzn məkanıdır. Əgər uzaqdan gələn, xəstə və yaşlı qonaqlar varsa, sadə çay süfrəsi qurula bilər. Amma bu da yas sahibinin deyil, camaatın dəstəyi ilə baş verməlidir. Borcla, kreditlə verilən çay belə haram sayılır”.

 

Onun fikrincə, ehtiyac varsa, qohum-qonşular yemək və ərzaq gətirməklə ailəyə yardım etməlidirlər. Hətta imkanı olan yas sahibinin belə təmtəraqdan çəkinməsi vacibdir. Cəmiyyətdə bu yarışın qarşısını almağın yolu isə maarifləndirmə, təbliğat və dini dəyərlərin düzgün çatdırılmasından keçir:

 

“Yas süfrəsi deyil, sükut və dəstək ön planda olmalıdır. Xaricilər deyirlər ki, sizdə ölənə sevinirlər, çünki qonaqlıq verilir. Bu, bizim ayıbımızdır. 
Yas sahibinə ehsan düşmür. Ona dəstək düşür. Borcla süfrə açmaq yox, dua etmək, paylaşmaq və mərhumu yad etmək lazımdır. Bunu həm din, həm də sağlam düşüncə deyir”.

 

Bəsti Rəfizadə
Sfera.az

Seçilən
11
7
sfera.az

8Mənbələr