Yarandığı andan 20 il ərzində Məhkəmə-Hüquq Şurası uğurlu və şərəfli yol keçib.
Teleqraf xəbər verir ki, bu sözləri Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri Gündüz Kərimov Türk Dövlətləri Təşkilatına üzv ölkələrin məhkəmə şuralarının 3-cü iclası və Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının fəaliyyətinin 20 illiyinə həsr olunmuş “Məhkəmə idarəçiliyi sahəsində qlobal çağırışlar” adlı beynəlxalq konfransda deyib.
Onun sözlərinə görə, Məhkəmə-Hüquq Şurası və onun əməkdaşlarının 20 illik gərgin fəaliyyəti nəticəsində Azərbaycanda müasir, savadlı və vicdanlı hakim korpusu formalaşıb.
"Son illərdə Məhkəmə-Hüquq Şurasının fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra islahatlar keçirilib. Qanunvericiliyə edilmiş dəyişikliklərə əsasən, 2023-cü ildən etibarən Məhkəmə-Hüquq Şurası əsasən hakimlər tərəfindən formalaşır və Şura hazırda hakimliyin yeganə özünüidarəetmə orqanıdır. Beləliklə, əgər əvvəl məhkəmə hakimiyyəti ilə Məhkəmə-Hüquq Şurası arasında distant, sıx, orqanik əlaqələr olmadığından, mahiyyətcə məhkəmə hakimiyyətindən kənar olan Şurada məhkəmə sisteminin qarşısında olan məsələlərə çatmaq üçün əlavə fəaliyyət göstərmə məsuliyyəti narahatlığı olsa da, görülmüş tədbirlər nəticəsində qanunvericə hakimiyyəti və təşkilati funksiyaları Məhkəmə-Hüquq Şurasına ötürmüş və nəticədə, bu gün hakimiyyətin bir qolunu təşkil edən məhkəmə hakimiyyəti özü-özünü effektiv və səmərəli şəkildə idarə edir" - Gündüz Kərimov bildirib.
O deyib ki, məhkəmələrin fəaliyyətində şəffaflığın artırılması qanunçuluq, obyektivlik və qərəzsizlik prinsipləri ilə sıx bağlıdır: "Məhkəmə icraatının effektivliyinin yüksəldilməsi isə vahid məhkəmə təcrübəsinin formalaşdırılması, məhkəmə prosedurlarının səmərəli və effektiv keçirilməsi, qəbul edilmiş qərarların aydın və ağlabatanlığı, qərarı qəbul etmiş hakimin düşüncəsinin və qərarqəbuletmə bacarığının, qərəzliliyinə şübhələrin olmaması ilə dəyərləndirilir. Bu gün sadaladığımız həmin tələblərə cavab verən hakim korpusunun formalaşdırılması vəzifəsi yalnız və yalnız Məhkəmə-Hüquq Şurasının çiyinlərinə düşür.
Arzu edirik ki, növbəti illərdə Məhkəmə-Hüquq Şurası məhkəmə icraatının effektivliyinin yüksəldilməsi və ümumən məhkəmələrin fəaliyyətində şəffaflığın artırılması səylərini daha da artırsın. Cəmiyyətin bu etibarını və etimadını saxlamaq üçün mövcud və gələcək hakimlər savadlı, biliyi ilə yanaşı yüksək mənəvi keyfiyyətlərə malik olmalıdır".