İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymaninin Yenisabah.az-a müsahibəsi:
- Cənab Süleymani, hazırda İranda vəziyyət necədir? Hərbi toqquşmaların dayandırılması üçün hansısa diplomatik danışıqlar gündəmdədirmi?
- Təəssüflər olsun ki, vəziyyət çox ağırdır. İsrailin İrana təcavüzü davam edir. Onlar heç bir beynəlxalq qanunu nəzərə almırlar. Netanyahu 60 min fələstinlini necə öldürdüsə, iranlılara da eynisini edir. Beynəlxalq qanunvericilik icazə vermədiyi halda, İsrail İranın nüvə silahı düzəltməsini bəhanə edərək, hücumlarını davam etdirir. Təəssüflər olsun ki, BMT-nin Təhlükəsizlik Şurası bu məsələyə baxmadı. ABŞ, Fransa və İngiltərə kimi ölkələr oradan hər hansı bir qətnamənin çıxmasına imkan vermədi. Rusiya və Çin isə siyasi olaraq, İsrailin İrana hücumunu pisləyir. Lakin bundan əlavə bir iş görmürlər.
Mən deyərdim ki, hazırda bütün dünya gücləri İranın qarşısındadır. Onlar insan haqlarına önəm vermədən, demək olar ki, İsraili dəstəkləyirlər. ABŞ açıq-aşkar dəstəkləyir. Tramp və Netanyahu insan hüquqları məsələsini tamamilə unudub. Onlarda vicdan problemi var. Rusiya Ukraynaya hücum edəndə deyirdi ki, Ukrayna NATO-ya üzv olmağa gedir. Amma bu bir bəhanə idi və 3 ildir ki, müharibə davam edir. Tramp Putinlə bağlı bir iş görə bilmir, amma İrana zor tətbiq edirlər. Halbuki İran ABŞ-la apardığı danışıqlara baxmayaraq, İsrail bizə hücum etdi. Bu göstərir ki, bunların heç sözü də söz deyil. Demək istəyirəm ki, sistem güc üzərində qurulub və onlar da bu gücü ölkələrə tətbiq edirlər. Bu dünya belədir. İsrail Fələstin torpaqlarını qəsb edir və illərdir onları öldürür. Əslində ABŞ dəstəkləyir deyə, onlar bu işləri görür.
- İsrail tərəfinin ani hücumu İranda gözlənilən idimi? ABŞ prezidenti Trampın məsələ ilə bağlı mövqeyini necə dəyərləndirirsiniz?
- HƏMAS lideri İsmayıl Haniyə hədəfə alınmadan öncə, İran İsrailə 1 güllə belə atmamışdı. Həmin vaxtdan İran da başladı İsrailə qarşılıq verməyə. Avropa da dolayı yolla İsraili dəstəkləyir. İran İsrailə cavab raketləri göndərəndə onun qarşısını həm ABŞ, həm də İngiltərə və Fransa alır. Tramp sülh adı altında hakimiyyətə gəlib və deyib ki, güc vasitəsi ilə sülhü yaradacam. İndi istəyir ki, zor tətbiq edərək İranı təslim olmağa məcbur etsin.
Amma Rusiya-Ukrayna müharibəsini 2 günə həll edəcəyini demişdi, lakin heç nə edə bilmədi. Kanadanı 51-ci ştat etmək istəyirdi, onu da bacarmadı. Deyirdi ki, qəzzalıları köçürmək istəyirəm başqa yerə. Niyə? Qəzza sənin dədənin malıdır? Qəzzalıları qırmısınız, öldürmüsünüz. Yerdə arvad-uşaq qalıb, onları da köçürmək istəyirlər. Sizdə insaniyyət yoxdur...
- İranın bir neçə günə kapitulyasiyası haqda xəbərlər yayılır, bu nə qədər həqiqətəuyğundur?
- Vəziyyət belədir. İran təkdir. Düzdü, müsəlman ölkələrinin bir qismi İsrailin hücumlarını pisləyib. Amma bu siyasi bəyanatdan o tərəfə keçmədi. İslam dünyası 75-ə yaxın ölkədir. Bunlar heç zaman birləşə bilməyib və bir iş görməyib. Edə bilsəydilər, Fələstin məsələsini həll edərdilər. Onların mövqeyini son Qəzza məsələsində də gördük. Siyasi bəyanatla da bir şey olmaz. Çin və Rusiya da bir iş görmür. İsraili yerinə oturtmaq lazımdır.
İran əlindən gələni edir, amma bu vəziyyət ağır bir vəziyyətdir. Çalışırlar ki, İran təslim olsun. Tramp müzakirədən danışır. 5 dəfə danışırlar amma 6-cıda İsrailə yaşıl işıq yandırır ki, vur. Müzakirə belə olur? Azərbaycan torpaqları 30 il işğalda olanda BMT 4 qətnamə qəbul etmişdi. Amma heç vaxt yerinə yetirilmədi. Heç İsrailin İrana hücumunu belə pisləmirlər. İlk öncə müsəlman ölkələrinin boynuna borc düşür. Türkiyə bu məsələdə öndə olmalıdır. Həm İranın qonşusu, həm də müsəlman ölkəsi kimi. Azərbaycanın İsraillə əlaqələri güclüdür. Hətta Azərbaycanın nüvə danışıqlarında iştirakı da mümkündür. Hər halda Azərbaycan İranı yaxşı tanıyır və əlaqələr var. İran əvvəl də, indi də deyir ki, mən nüvə silahı hazırlamayacağıma zəmanət verirəm. Sadəcə uranın 3.67 faizə qədər zənginləşdirilməsində problem var idi. Qərb deyirdi ki, sıfır olsun. Bunu danışıqlarla davam etdirsəydilər, hər halda bir yol tapılacaqdı. Amma beynəlxalq qanunları pozaraq hücuma keçmək, belə nəticəyə gətirib çıxardı. Hətta İran ABŞ-yə təklif etdi ki, gəl atom elektrik stansiyalarının tikintisində iştirak et. İran həmçinin MAQATE-nin müşahidəçilərindən savayı Amerikanın da müşahidəçilərinin gəlməsini təklif etmişdi. Sən istəmirsən İran nüvə silahı istehsal etsin, gəl özün gözünlə gör. İran dəfələrlə təklif etmişdi ki, hətta gəlib başqa sahələrdə investisiya qoyuluşu etsinlər. Düzdü, onlar İranın İsraillə bağlı bəzi bəyanatlarını istinad edirdilər. Amma əməldə bir şey olmayıb ki...
- İranın parçalanacağı və yerində bir neçə dövlətin yaranacağı haqda da versiyalar var: Bu mümkündürmü?
- Bunu gizlətmək olmaz ki, İranda problemlər var. Vəziyyət ağırlaşır. Bacaranlar Tehranı tərk edir. Amma diplomatik yollarla aradan qaldırmaq mümkündür.
Bəzi söhbətlər də var ki, onlar istəyirlər İranın rejimini hakimiyyətdən salsınlar. Hər hakimiyyətin problemi öz xalqını maraqlandırır. Xalq özü nə istəyirsə, gərək onu etsin. Netanyahu nazirlərinə deyir ki, biz İranın rejimini dəyişmək istəyirik. İranda hansı insan gəlib sənin sözünə baxar? Hətta rejimdən narazı da olsa, sən elə bir adam deyilsən ki, bu sözləri deyəsən. Çünki sən bir qatilsən. 60 min qəzzalını öldürmüsən, Qəzzanı yerlə-yeksan etmisən. Hətta sən öz israilli vətəndaşını da vurub öldürmüsən. 50-yə yaxın israilli əsiri HƏMAS vurmadı ki, İsrail ordusu vurub öldürdü. İndi də çadırları vurursan. Dünya da buna gözünü yumur və dəstəkləyir. Beynəlxalq hüquq, BMT hamısı boşa çıxıb. Göz qabağında belə cinayətlər olur.
Netanyahu İranın daxili işinə qarışır ki, belə edin, elə edin. Bəzi yerlərdən də səslər gəlir ki, İranı parçalamaq lazımdır. İran durub hansısa ölkəyə bunu deyir? İranı parçalamaq asan deyil. Əhalinin bir qismi narazı da olsa, bunun baş verməsi mümkün deyil. Heç onlar özləri də buna inanmırlar. Sadəcə bir növ alət kimi istifadə edirlər.
Atəşkəs olmalıdır və danışıqlar aparılmalıdır. İran təkbaşına bu məsələni həll edə bilməz. İnsanları rahatlıqla vurub öldürürlər, bu demokratiyadır? Yaxşı olardı ki, İslam Əməkdaşlıq Təşkilatı bir fövqəladə iclas keçirsin.
Nazim Hacıyev
Telegram kanalımız