AZ

Səbinə Əliyeva: 18 iyun Azərbaycanda İnsan Hüquqları Günü kimi qeyd olunur

BAKI, 18 iyun. TELEQRAF

"18 iyun tarixi Azərbaycan Respublikasında İnsan Hüquqları Günü kimi qeyd olunur".

Teleqraf xəbər verir ki, bunu "Konstitusiya və Suverenlik İli" və 18 iyun-Azərbaycan Respublikasında İnsan Hüquqları gününə həsr olunmuş "Qanunun aliliyinin gücləndirilməsi: ombudsmanların və milli insan hüquqları institutlarının rolu" mövzusunda keçirilən Ombudsmanların Beynəlxalq Simpoziumunda İnsan Hüquqları üzrə Müvəkkil Səbinə Əliyeva deyib.

"Bu əlamətdar gündə “Qanunun aliliyinin gücləndirilməsi” kimi qlobal əhəmiyyətli mövzu ətrafında bir araya gəlməyimiz, insan hüquqlarının müdafiəsi sahəsində qətiyyətimizi və birgə səylərə dəstəyimizi nümayiş etdirir. Əminəm ki, bu beynəlxalq platforma qanunun aliliyi və insan hüquqlarının müdafiəsi məsələlərinin müzakirəsi, gələcək perspektivlərin dəyərləndirilməsi və təcrübə mübadiləsi baxımından faydalı olacaq.

İlk olaraq, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təminatçısı, uzun illər ərzində işğal altında olmuş torpaqlarımızın azad edilməsində və əzəli yurdlarından didərgin düşmüş soydaşlarımızın fundamental hüquqlarının bərpa olunmasında, bununla da BMT Təhlükəsizlik Şurasının icra edilməmiş qətnamələrinin həyata keçirilməsində misilsiz tarixi xidmətləri olan Prezident İlham Əliyevə Beynəlxalq Simpoziumun iştirakçılarına ünvanladığı müraciətə və insan hüquqlarının inkişafına davamlı dəstəyinə görə təşəkkürümü bildirirəm.

Qanunun aliliyi təkcə cəmiyyətin ədalətli və dayanıqlı inkişafının təməl daşı deyil, həm də insan hüquq və azadlıqlarının ən mühüm təminatçısıdır. Bu baxımdan, Konstitusiyada insan hüquq və azadlıqlarının təmin edilməsinin dövlətin ali məqsədi kimi təsbit olunması, habelə bu ali məqsədin həyata keçirilməsində məsul olan, konstitusion statusa malik Ombudsman təsisatının yaradılması ölkəmizdə insan hüquqlarına verilən ən yüksək dəyərin təzahürüdür.

Konstitusiyanın əsas məqsədlərindən biri də dövlət müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunmasıdır. Bu amillər demokratik dövlətin mövcudluğunun və institusional davamlılığının, onun beynəlxalq hüququn subyektinə çevrilməsinin başlıca şərtləri kimi çıxış edir. Qürurverici haldır ki, Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyevin rəhbərliyi ilə 30 ildən çox işğal altında olan torpaqlarımız azad edildi, ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü və suverenliyi tam olaraq bərpa edildi, bölgədə sülh və sabitlik təmin olundu.

Bu baxımdan, Azərbaycan Respublikası Konstitusiyasının qəbulunun 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümünü münasibətilə ölkə Prezidentinin müvafiq sərəncamına əsasən elan olunmuş “Konstitusiya və Suverenlik İli” çərçivəsində təşkil edilmiş bugünkü Beynəlxalq Simpozium qanunun aliliyinin və suverenlik dəyərlərinin təbliği və təşviqi nöqteyi-nəzərindən xüsusi önəm daşıyır",-deyə o vurğulayıb.

Seçilən
7
2
teleqraf.com

2Mənbələr