AZ

Prezidentin köməkçisi: Məhkəmə idarəçiliyi yalnız inzibati funksiya deyil, etimadın təminatıdır

BAKI, 18 iyun. TELEQRAF

Bu il Azərbaycan Respublikasında məhkəmə hakimiyyətinin idarəedici funksiyalarını həyata keçirən Məhkəmə-Hüquq Şurasının yaradılmasının 20 illiyi qeyd olunur.

Teleqraf xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsəgərov Türk Dövlətləri Təşkilatına üzv ölkələrin məhkəmə şuralarının 3-cü iclası və Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının fəaliyyətinin 20 illiyinə həsr olunmuş “Məhkəmə idarəçiliyi sahəsində qlobal çağırışlar” adlı beynəlxalq konfransda deyib.

2005-ci ildə bu qurumun formalaşdırılması ilə ölkəmizdə məhkəmə hakimiyyətinin inkişafı, onun idarə olunmasının institusional əsaslar üzərində qurulması yeni mərhələyə qədəm qoyub.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin başladığı və Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin davam etdirdiyi geniş hüquq islahatları çərçivəsində Məhkəmə-Hüquq Şurasının fəaliyyəti daha da gücləndirilmiş, məhkəmə sistemində səmərəli tənzimləmə mexanizmləri tətbiq olunub.

Eyni zamanda, müasir dövrdə məhkəmə idarəçiliyi artıq yalnız inzibati funksiyaların icrası ilə məhdudlaşmır, əksinə, ədalət mühakiməsinin keyfiyyəti, şəffaflığı və ictimai etimadın formalaşdırılmasında mühüm vasitə kimi çıxış edir.

Ölkəmizdə bu sahədə ardıcıl məqsədyönlü tədbirlər həyata keçirilməkdədir. Bu tədbirlərin bir nümunəsi kimi “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı göstərilə bilər. Həmin Fərmanın icrası nəticəsində məhkəmə sistemində rəqəmsallaşmanın sürətləndirilməsi, hakimlərin seçimi və fəaliyyətinin qiymətləndirilməsi meyarlarının təkmilləşdirilməsi, “Elektron məhkəmə” informasiya sisteminin tətbiqi və məhkəmə fəaliyyətinin digər istiqamətləri üzrə əhəmiyyətli müsbət nəticələr əldə edilib.

Bildiyiniz kimi, 2025-ci il Azərbaycan Respublikasının Prezidenti tərəfindən ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunmuşdur. Bu kontekstdə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində dövlət təsisatlarının, o cümlədən məhkəmə hakimiyyəti orqanlarının fəaliyyətinin bərpası prosesini xüsusi vurğulamaq istərdim. Bu proses Azərbaycanın suverenliyinin real təcəssümüdür və əminəm ki, bu sahədə görülən işlər də uğurla başa çatdırılacaq.

Hörmətli tədbir iştirakçıları,
Azərbaycan Respublikası məhkəmə-hüquq sistemini daha da təkmilləşdirmək əzmindədir. Bu yolda əsas hədəf ədalət mühakiməsinin səmərəliliyinin və keyfiyyətinin hərtərəfli artırılmasıdır. İnanıram ki, bugünkü beynəlxalq tədbir məhkəmə idarəçiliyində qabaqcıl təcrübənin paylaşılması, fikir mübadiləsinin aparılması və gələcək əməkdaşlıq üçün məhsuldar zəmin yaradacaq.

Məhkəmə-Hüquq Şurasının 20 illiyi münasibətilə sizi təbrik edir və konfransın işinə uğurlar arzulayıram.

Seçilən
12
6
teleqraf.com

7Mənbələr