Erkən nikahlar, yəni gənc yaşda evliliklər, dünya üzrə müxtəlif cəmiyyətlərdə fərqli şəkildə qəbul olunur və qiymətləndirilir. Bu mövzu yalnız sosial və hüquqi məsələlərdən ibarət deyil, eyni zamanda dərin dini və mədəni baxışlarla da bağlıdır. Din erkən nikahların qəbulunda və tənqidində həm müsbət, həm də mənfi təsir göstərə bilər.
Din sahəsi üzrə mütəxəssis Hacı Məmməd Əliyev deyib ki, müasir hüquq sistemləri və insan haqları konsepsiyası erkən nikahların uşaqların təhsili, sağlamlığı və inkişafı üçün təhlükəli olduğunu bildirir.
“Erkən nikahların qurbanları əsasən qızlar olur və bu, onların təhsil imkanlarının məhdudlaşmasına, psixoloji və fiziki sağlamlıq problemlərinə səbəb olur”, - Hacı Məmməd Əliyev qeyd edib.
Onun sözlərinə görə, bir çox din erkən nikaha dair fərqli mövqelərə malikdir:
“İslamda əsas prinsip qadının razılığı və nikahın hər iki tərəf üçün faydalı olmasıdır. Erkən nikah məsələsində dini alimlər arasında fikir fərqlilikləri var. Müasir İslam alimləri erkən nikahın zəruri olmadığı, əksinə, gənclərin yetkinlik yaşına çatmasını gözləməyin daha məsləhətli olduğunu vurğulayırlar”.
Mütəxəssis bildirib ki, xristianlıqda da nikah müqəddəs bir andır və sevgi, hörmət üzərində qurulur:
“Erkən nikahlar xristian dünyasında da fərqli qiymətləndirilir. Bəzi dini icmalarda ənənəvi və sosial səbəblərlə erkən nikahlar baş verə bilər, lakin ümumi olaraq yetkinlik və şüurlu razılıq önəmlidir. Yəhudilik, Hinduizm, Buddizm kimi digər dinlərdə də erkən nikahlar müəyyən coğrafi və mədəni kontekstdə mövcuddur. Ancaq əksəriyyətində yaşın və razılığın önəmi vurğulanır”.
Din sahəsi üzrə araşdırmaçı jurnalist bildirib ki, erkən nikahlar cəmiyyətdə ailə strukturlarına və fərdlərin həyatına dərindən təsir edir.
“Dini baxımdan nikah müqəddəs bir bağ olsa da, gənc yaşda bu əlaqənin qurulması uşaqların psixoloji və fiziki sağlamlığı üçün risklidir. Erkən nikaha məcbur edilən qızlarda təhsilin yarımçıq qalması, sosial təcrid və bəzən zorakılıq hallarının artması müşahidə edilir.
Bəzi hallarda din erkən nikahları sosial məsuliyyət və ailə bağlarının gücləndirilməsi kimi qəbul etsə də, müasir insan hüquqları prinsipləri və cəmiyyətlərin inkişafı erkən nikahların qarşısını almaq üçün dini liderlərin də dəstəyini tələb edir.
Dünyada erkən nikahların qarşısını almaq məqsədilə bir çox beynəlxalq təşkilat fəaliyyət göstərir. Burada dini liderlərin rolu çox önəmlidir. Din xadimləri erkən nikahların mənfi təsirlərini izah edərək, cəmiyyətləri daha maarifləndirilmiş və insan hüquqlarına hörmət edən istiqamətə yönəldə bilərlər.
Məsələn, müsəlman ölkələrində bir çox alim və din xadimi erkən nikahların zərərli tərəflərini açıq şəkildə vurğulayır və gənclərin təhsilini önə çəkir. Bu, dini ənənələrə hörmətlə yanaşmaqla yanaşı, çağdaş sosial problemlərə həll yolu tapmağa yönəlib”.
Müsahibimiz deyib ki, erkən nikahlar və din mövzusu kompleks və çoxsahəlidir. Din erkən nikahları təşviq edə və ya tənqid edə bilər, lakin əsas məsələ gənclərin hüquqları və rifahıdır. Müasir dünyada dini dəyərlər insan hüquqlarını uyğunlaşdırmaq, erkən nikahların zərərlərini azaltmaq üçün ən yaxşı yoldur. Bu istiqamətdə dini liderlərin, dövlətlərin və vətəndaş cəmiyyətlərinin birgə işi vacibdir.
Araşdırmalar göstərir ki, Azərbaycanda yetkinlik yaşına çatmayan şəxslərin dini kəbinini kəsmə halları mövcuddur. Belə ki, bəzi din xadimləri valideynlərin təhrikilə qanundakı boşluqdan istifadə edib bu yola gedirdilər.
Elə buna görə də Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə yeni - 189-3-cü maddə əlavə edilib. 2025-ci il iyulun 1-dən qüvvəyə minən bu maddə yetkinlik yaşına çatmayan şəxslərin kəbinini kəsən din xadimlərinin cəzalandırlmasını nəzərdə tutur.
Qanuna əsasən, yetkinlik yaşına çatmayan şəxs barəsində dini kəbinkəsməyə görə-fiziki şəxslər 1000 manat məbləğində cərimə ediləcək.
Yuxarıda nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə isə fiziki şəxslər 2 min manat məbləğdə cərimə ediləcək və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla 15 gündən 1 ayadək müddətə inzibati həbs tətbiq olunacaq.
Araz Zeynalov
Yazı “Jurnalist Araşdırmaları Mərkəzi” İB-nin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı ilə həyata keçirdiyi “Erkən nikah əleyhinə ictimai maarifləndirmənin gücləndirilməsi” layihəsi çərçivəsində hazırlanıb.
Telegram kanalımız