AZ

Qalaktik dumanlıqlarda gizli maddə aşkar edilib: Alimlər bunu necə bacarıb?

Kainatda iki növ maddə mövcuddur. Bunlardan biri görünməyən və yalnız cazibə qüvvəsinə təsiri ilə müəyyən edilə bilən "qara maddədir", digəri isə adi maddədir. Uzun müddət adi maddənin böyük hissəsinin harada yerləşdiyi naməlum qalmışdı...

Poliqon xəbər veruir ki, "Reuters"in məlumatına görə, yeni araşdırma bu sualın cavabını tapmağa imkan verib.

Alimlər uzun müddətdir ki, kainatda adi və qara maddənin mövcud olduğunu bilirdilər. "Qara maddə" hiss edilə və ya müşahidə oluna bilməz, amma onun çəkisi və cazibə qüvvəsi digər cisimlərə təsir göstərdiyi üçün varlığı hesablanıb. Hazırda kainatdakı maddənin təqribən 85 faizinin "qara maddə", yalnız 15 faizinin isə adi maddə olduğu qəbul edilir.

Adi maddəyə qazlar, ulduzlar, planetlər və kosmik toz daxildir. Yer üzündəki maddələrin hamısı, məsələn, peçenye xəmirindən tutmuş ulduzlara qədər, bu kateqoriyaya aiddir. Lakin hesablamalar göstərir ki, bu maddələrin müşahidə olunan hissəsi həmin 15 faizdən də azdır.

Alimlər illərdir qalan adi maddənin harada yerləşdiyini müəyyənləşdirməyə çalışırdılar. Onlar bu məqsədlə kosmosda 69 fərqli mənbədən gələn güclü radio dalğalarını izləyiblər. Araşdırmanın nəticəsinə əsasən, bu dalğalar vasitəsilə qalaktikalar arasında geniş sahələrdə yayılan zəif qaz izlərinə rast gəlinib. Bu seyrəkləşmiş qaz qalaktikalararası mühiti təşkil edir və sanki qalaktikalar arasındakı kosmik dumanlıqdır.

Tədqiqatın əsas müəllifi, Harvard Universitetinin astronomiya professoru Liam Konnor bunu belə izah edib:

"Uzun müddətdir cavab axtardığımız sual belə idi: bu maddə harada gizlənir? Cavab budur: qalaktikalardan uzaqda, seyrək və nazik kosmik tor kimi yayılmış vəziyyətdə".

Araşdırma nəticəsində müəyyən olunub ki, çatışmayan adi maddənin kiçik bir hissəsi qalaktikaları əhatə edən halodifuz maddədə, o cümlədən bizim Samanyolu qalaktikamızın ətrafında yerləşir.

Adi maddə baryonlardan – proton və neytron kimi subatom hissəciklərdən ibarətdir. Məhz bu baryonlardan insanlar, planetlər, ulduzlar və digər maddi obyektlər yaranır. Konnor qeyd edir ki:

"İnsanlar, planetlər və ulduzlar baryonlardan ibarətdir. Qara maddə isə tamamilə fərqli və hələ tanımadığımız bir maddədir. Amma biz adi maddənin nə olduğunu bilirik, sadəcə onun harada olduğunu bilmirdik".

Araşdırmada həmçinin izah edilib ki, bu qədər çox adi maddə kosmosun mərkəzində necə yerləşib. Bildirilib ki, ulduzların supernova şəklində partlaması və ya qalaktikaların mərkəzindəki nəhəng qara dəliklərin ulduzları və ya qazları udduqdan sonra maddəni geri püskürməsi nəticəsində böyük miqdarda qaz qalaktikalardan kənara atılır. Bu proseslər nəticəsində adi maddə böyük məsafələrə yayılaraq kosmik boşluqlara çatır. Bu maddə adətən plazma formasında olur – burada elektronlar və protonlar ayrılmış vəziyyətdədir.

Alimlər adi maddəni aşkarlamaq və miqdarını təyin etmək üçün FRB (sürətli radio partlamalar) adlanan hadisələrdən istifadə ediblər. Bu radio siqnalları kainatın uzaq nöqtələrindən gələn güclü impulslardır. Onların yayılmasını izləmək üçün Kaliforniyada, "Kaltex"in "Owens Valley" radioobservatoriyasında yerləşən 110 teleskoplu şəbəkə və əlavə olaraq 30 digər teleskopdan alınan məlumatlardan istifadə olunub.

Artıq adi maddənin ümumi miqdarı müəyyən edildikdən sonra, alimlər onun paylanmasını da hesablaya biliblər. Nəticələrə görə, bu maddənin təqribən 76 faizi qalaktikalararası məkanda, 15 faizi qalaktikaların ətrafındakı halo zonalarında, qalan 9 faizi isə qalaktikaların daxilində – əsasən ulduzlar və qazlar şəklində cəmlənib.

Poliqon.info

Seçilən
1
poliqon.info

1Mənbələr