AZ

Yaxşı liderliyin 3 əsas prinsipi – liderlər necə formalaşır?

Yaxşı liderin xüsusiyyətləri və liderliyin rolu ilə bağlı 60 ilə yaxındır araşdırmalar aparan Creative Leadership Mərkəzi (CCL) bu sahədə əldə etdiyi təcrübələrə əsaslanaraq, effektiv liderlik haqqında 3 əsas prinsipini bölüşüb.

Valyuta.az sözügedən 3 prinsipi təqdim edir:

1. Liderlər doğulmur – formalaşır

CCL-in fikrincə, liderlik doğuşdan gələn keyfiyyət deyil, zamanla inkişaf etdirilən bacarıqdır. Yaxşı lider olmaq üçün insan davamlı təcrübə, öyrənmək istəyi, məqsədyönlü zəhmət və dəyişikliklərə uyğunlaşma ilə formalaşır.

Bu o deməkdir ki, liderliyə aid əsas keyfiyyətlər istər qərarvermə, istərsə də komanda idarəetməsi – inkişaf etdirilə bilən qabiliyyətlərdir. Əgər bir şəxs şəxsi inkişaf üçün açıqdırsa və təcrübələrindən dərs çıxararaq öz üzərində işləyirsə, yaxşı lider olmaq mümkündür. Eyni zamanda təşkilatlar da işçilərinə bu bacarıqları inkişaf etdirmək üçün təlimlər, mentorluq proqramları və öyrənmə imkanları yaratmaqla onların liderlik potensialını gücləndirə bilər.

2. Liderlik fərdi yox, sosial prosesdir

Mərkəzin vurğuladığı digər əsas fikir budur ki, liderlik bir nəfərin gücü və ya xarizması üzərində qurulmur. Əksinə, bu, bir qrup insanın ortaq məqsəd naminə birlikdə işləməsi prosesidir.
Lider bir neçə müsbət keyfiyyətə sahib ola bilər, lakin bu, təkbaşına kifayət etmir. Uğurlu nəticələr üçün lider komanda daxilində istiqamət, uyğunluq və öhdəlik yaratmağı bacarmalıdır. CCL bu üçlüyü “DAC modeli” adlandırır və liderliyin nəticələrinin əsas göstəricisi hesab edir.

3. Liderlik daimi bir inkişaf yoludur

Lider olmaq bir dəfə əldə edilən status deyil. Bu, karyera boyunca davam edən bir öyrənmə və inkişaf prosesidir. Fərqli komandalar, layihələr və vəziyyətlər liderdən fərqli yanaşmalar və bacarıqlar tələb edir. Buna görə də hər mərhələdə liderlik keyfiyyətlərini yeni şəraitə uyğun tətbiq etmə bacarığı vacibdir.

Lider heç vaxt “yetər” deməməlidir. Daim yenilənmək, öyrənmək və çevik yanaşma nümayiş etdirmək uzunmüddətli uğurlu liderliyin açarıdır.

Yaxşı liderlik necə inkişaf etdirilir?

Təşkilatlar effektiv liderlərin formalaşması üçün iş yerində öyrənmə imkanları, mentorluq və formal inkişaf proqramları təqdim etməlidirlər. Creative Leadership Mərkəzi bu istiqamətdə dünyanın müxtəlif ölkələrində mükafatlı proqramlar həyata keçirir və qurumlara bu sahədə dəstək göstərir.

Eyni zamanda fərdlər də liderlik bacarıqlarını inkişaf etdirmək üçün təşəbbüs göstərə bilərlər. Öz liderlik keyfiyyətləri üzərində sistemli şəkildə işləmək istəyənlər üçün CCL tərəfindən hazırlanmış fəaliyyət planı və vizual xülasə materialları mövcuddur. Liderlik yolunda ilk addımı atmaq istəyənlər üçün bu resurslar əhəmiyyətli dəstək ola bilər.

Sərvanə Rəmixanova

Seçilən
2
valyuta.az

1Mənbələr