AZ

Şagirdləri orta məktəbdən "vorovskoy mahnılarla" yola salırıq - hara gedirik...


14 iyun tarixində ölkənin bütün ümumitəhsil müəssisələrində “Son zəng” çalındı. 11-ci sinif şagirdləri hazırladıqları şeirlər, mahnılar, rəqslər və digər kompozisiyalarla çıxış edib “Son zəng” gününü olduqca əyləncəli keçirdilər. Lakin bəzi məktəblərdə səslənilən musiqilər cəmiyyətdə heç də birmənalı qarşılanmadı. Sosial şəbəkələrdə yayılan videolardan belə görünür ki, bir sıra təhsil ocaqlarındakı “Son zəng” tədbirində şagirdlər “meyxana” janrında olan müsiqiləri səsləndirir, ifa edirlər, hətta “oğru” aləminin mahnıları belə səslənib.

Maraqlıdır, 11-ci sinif şagirdlərinin bu davranışları nədən irəli gəlir? Ümumiyyətlə, məktəb rəhbərləri bu kimi halların qarşısını niyə almır?

Elçin Əfəndi: “Məktəblərdə "Son zəng" keçirildiyi zaman bayağı, xüsusilə "meyxana" janrında, həm də “oğru” aləminə mənsub olan musiqilərin səslənməsi o deməkdir ki…”

Təhsil eksperti Elçin Əfəndi “Bakı-Xəbər”ə şərhində bildirdi ki, bu tip mahnıların səsləndiyi məktəblərdə təhsil ölüb: “Məktəblərdə "Son zəng" keçirildiyi zaman bayağı, xüsusilə "meyxana" janrında, həm də “oğru” aləminə mənsub olan musiqilərin səslənməsi o deməkdir ki, həmin məktəblərdə təhsil ölüb, təhsil yoxdur. Çünki məktəb direktoru və təlim-tərbiyə üzrə director müavinləri bu məsələyə göz yumursa, bu o deməkdir ki, həmin şəxslər üçün şagirdlərin hansı musiqiyə qulaq asdığı əhəmiyyətli deyil. Musiqi dinləmək olar, amma normal musiqidən söhbət gedir. Bu gün bəzi məktəblərimizdə baş verən özbaşınalıqlar, düzgün nəzarətin olmaması, rəhbər heyətin təhsil prosesindən kənar dayanması, bəzi direktorların uşaqlara və müəllim heyətinə nəzarət etməməsi belə özbaşınalıqların yaranmasına səbəb olur. Təsadüfi deyil ki, buna qədər biz çox kriminal halların şahidi olmuşuq”.

Fatimə Hacıbəyli: “Məzunların “vorovskoy” mahnıya oynaması bir yana, bu musiqinin “Son zəng” günü məktəbdə səsləndirilməsi qəbuledilən deyil”

Sosioloq Fatimə Hacıbəyli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, cəmiyyətdə dəyərlər ciddi şəkildə məhv olur: “Təəssüf ki, gənclərin bir hissəsi kriminal əməllərə, kriminal aləmə meyl edir. Ötən illərdən fərqli olaraq, “Son zəng” tədbirləri milli-mənəvi dəyərlərə uyğun şəkildə deyil, kriminal aləmin mahnıları ilə müşayiət olunur. Məzunların geyindiyi köynəklərin üzərinə “oğru” aləminə aid şüarlar yazılması da vəziyyətin hansı səviyyədə olduğunu göstərir. Məzunların “vorovskoy” mahnıya oynaması bir yana, bu musiqinin “Son zəng” günü məktəbdə səsləndirilməsi qəbuledilən deyil. Bu əyləncə deyildi, biabırçılıq idi. Bir yerdə ki orta məktəb şagirdləri kriminal avtoritetə həsr olunmuş mahnıya oynayır, təhsilimizin səviyyəsinin əlavə izaha ehtiyacı qalmır. Uşaq da, gənc də, xoşu gələn, ürəyinə yatan mahnını ifa edə bilər, rəqs də edər. Küçə musiqisi, tin mahnıları, “vorovskoy” mahnılar bütün dövrlərdə olub. Məsələ sadəcə bundadır ki, bu cür mahnılar təhsil ocağına ayaq açıb. Bu o deməkdir ki, şagirdlər təhsilə, təlim-tərbiyə sisteminə uyğunlaşmayıblar, təhsili, təlim-tərbiyəni özlərinə uyğunlaşdırıblar, təhsil onlara təsir etmir, onlar təhsilə təsir edir”.

Günel CƏLİLOVA

Seçilən
8
baki-xeber.com

1Mənbələr