AZ

İstədiyi paltarı tapa bilmədi, özü tikdi, brendə çevrildi - 19 yaşlı kuryerin sahibkarlığa gedən yolu

Fikir versək, dünyada yaranan və uğurlu inkişaf yolu keçən bizneslərin çoxu ehtiyacdan yaranıb. O bizneslərin əsas ideyası nəyisə ortaya qoymaq yox, problemi həll etmək olub. Bu fikri texnologiya sahəsindən tutmuş adi geyim biznesinə qədər hər sahəyə aid etmək olar. Buna birmisal gətirək. 

Dünyanın ən sürətlə böyüyən idman geyim markalarından biri olan “Gymshark” 19 yaşında bir tələbənin istədiyi idman geyimini tapmamasından başlayıb. 

Valyuta.az sizə idman geyim markası olan “Gymshark” brendinin necə yaranmasını təqdim edir.

Yataq otağında başlayan brend

Ben Frensis 1992-ci ildə İngiltərənin Birmingem şəhərində anadan olub. Universitet təhsilini Aston Universitetində biznes və idarəetmə üzrə alıb. Amma onun əsas dərsi əslində pizzada kuryer işləyərkən, boş vaxtlarında mobil fitness tətbiqləri hazırlayarkən və idman zallarında geyim çatışmazlığını hiss edərkən başlayıb. O, bədən tərbiyəsi ilə məşğul olan zaman bazarda nə geyim dizaynı, nə də material baxımından istədiyi kimi məhsul tapa bilmədiyini görüb. Geyimlər ya çox bahalı, ya da rahat deyildi. Frensis deyirdi: “Mən özüm geyinmək istədiyim, amma tapmadığım geyimi yaratmaq istədim”.

Brend qurarkən 19 yaşında idi

Cəmi 19 yaşında, 2012-ci ildə dostu ilə birlikdə “Gymshark” brendini yaradaraq ilk məhsullarını öz yataq otağında tikiş maşını ilə hazırlayıb. Maraqlıdır ki, həmin tikiş maşınını ona nənəsi hədiyyə etmişdi və Frensis tikiş qaydalarını “YouTube” videolarına baxaraq öyrənirdi. İlk kolleksiya üçün o, cəmi 300 funt sterlinq xərcləmişdi. Hazırlanan məhsullar internet üzərindən satışa çıxarıldı və bir neçə saat ərzində hamısı satıldı. Bu sadə addım bir neçə il ərzində milyard dollarlıq brendin təməlini qoydu.

İlk dəstək ailədən gəldi

Başlanğıcda brendin idarə olunmasında ailə üzvləri də fəal iştirak edirdi. Frensisə anası, qardaşı və əmisi də kömək edirdi. O dövrdə bu kiçik ailə komandası sifarişləri toplamaqdan tutmuş, qablaşdırmaya qədər bütün prosesləri birlikdə həyata keçirirdi. eləliklə satışlar böyüməyə başladı. Lakin iş yanlız bununla bitmirdi, insanlar bu əl işlərini görməli idi.

Frensis sosial media strategiyasını bilirdi

Brendin ilk böyük sıçrayışı 2013-cü ildə İngiltərədə keçirilən "BodyPower" sərgisində oldu. Lakin əsl uğur “Gymshark”ın sosial media strategiyası ilə gəldi. Frensis o dövrdə yeni sayılan bir yanaşmaya əl atdı: fitness influencer-lərlə əməkdaşlıq. Bu yolla brend qısa müddətdə sosial şəbəkələrdə böyük izləyici auditoriyası qazandı.

Reklam büdcəsinə milyonlar xərcləmədən, o, “Gymshark”ı gənclər arasında trenda çevirdi. Hazırda markanın “İnstagram” və “TikTok” platformalarında milyonlarla izləyicisi var, məhsulları isə 180-dən çox ölkəyə satılır.

Milyardlıq marka

2020-ci ildə “Gymshark”ın 21 faizi Amerika investisiya şirkəti “General Atlantic”ə satıldı. Bu razılaşmadan sonra brendin dəyəri 1.45 milyard funt sterlinq (təxminən 1.8 milyard ABŞ dolları) olaraq qiymətləndirildi və “Gymshark” Böyük Britaniyanın “unicorn” (milyard dollarlıq startap) statusu almış nadir şirkətlərindən biri oldu.

Şirkət artıq yalnız onlayn satışla kifayətlənmir. 2022-ci ildə Londonun məşhur “Regent Street”ində açılan fiziki mağaza markanın inkişafında yeni mərhələ sayılır. Ben Frensis hazırda “Gymshark” şirkətinin baş direktoru (CEO) olaraq fəaliyyətini davam etdirir və gündəlik idarəetmədə fəal rol oynayır. Onun 2025-ci ilə olan şəxsi sərvəti təxminən 900 milyon dollar olaraq qiymətləndirilir. Bu gün Ben Frensis 33 yaşındadır və onun qurduğu “Gymshark” artıq 13 ildir fəaliyyət göstərir.

Sərvanə Rəmixanova

Seçilən
7
valyuta.az

1Mənbələr