AZ

Orqan zədələnməsinin erkən aşkarlanmasında qan testi yeni üfüqlər açır - TƏDQİQAT

Bakı, 18 iyun, AZƏRTAC

Corctaun Universiteti və “MedStar Health” tərəfindən aparılan tədqiqat transplantasiya sonrası ağırlaşmaların erkən mərhələdə aşkarlanması üçün yeni texnologiyanın potensialını ortaya qoyur. Qaraciyər transplantasiyası həyat qurtaran tibbi müdaxilə olsa da, xəstələrin əhəmiyyətli bir hissəsi orqan imtinası və digər ciddi fəsadlarla üzləşir. yeni tədqiqat bu problemləri daha erkən mərhələdə aşkarlamağa imkan verən qan testinin istifadəsini təsvir edir.

AZƏRTAC “MedicalXpress” portalına istinadla xəbər verir ki, nəticələr “Nature Communications” jurnalında dərc olunub.

Tədqiqatda qaraciyər transplantasiyasından sonra qan dövranında dolaşan və hüceyrə ölümü nəticəsində yaranan metilləşdirilmiş DNT fraqmentləri analiz olunaraq, orqan zədələnməsinin mənbəyi dəqiqliklə müəyyənləşdirilib. Bu yanaşma maye biopsiya texnologiyasının inkişafında mühüm addım hesab olunur və invaziv testlərə ehtiyacı əhəmiyyətli dərəcədə azalda bilər.

Tədqiqatın baş müəllifi, Corctaun Xərçəng Mərkəzinin professoru Anton Velştayn bu texnologiyanın transplantasiya uğursuzluğunun səbəblərini daha dərindən anlamağa şərait yaratdığını bildirib. “Qan nümunəsi vasitəsilə xəstədə nə baş verdiyini demək olar ki, tam oxumaq mümkündür”, – deyə o qeyd edib.

Transplantasiya cərrahı və tədqiqatın həmmüəllifi Alexandr Kroemer transplantasiya üçün məhdud orqan ehtiyatı fonunda bu cür texnologiyaların əhəmiyyətini vurğulayıb. O bildirib ki, bu üsul sayəsində, məsələn, yalnız öd yollarında zədələnmə baş verdikdə, fərdiləşdirilmiş müalicə yanaşması tətbiq olunaraq daha effektiv pasiyent idarəçiliyi mümkündür. Ənənəvi toxuma biopsiyalarından daha sürətli və az invaziv olan bu qan testi, eyni zamanda, potensial olaraq daha dəqiq nəticələr verir. Biopsiyaların sadəcə orqanın kiçik bir hissəsini əhatə etməsi ilə müqayisədə yeni test orqan daxilindəki genişmiqyaslı dəyişiklikləri daha yaxşı əks etdirə bilər.

Tədqiqatçılar hazırda texnologiyanın klinik istifadəsi üçün sənaye tərəfdaşları ilə əməkdaşlıq imkanlarını araşdırırlar. “Akademiya kəşf edir, lakin praktiki istifadəyə keçmək üçün sənaye dəstəyi vacibdir”, – deyə Velştayn bildirib.

Seçilən
4
1
azertag.az

2Mənbələr