AZ

Artıq köhnə İran olmayacaq - TƏHLİL

ABŞ və İsrail İranı masaya oturtmaq istəyir

Telman Nüsrətoğlu: “İranın daxilində dəyişiklik qaçılmazdır”


İran və İsrail arasında silahlı qarşıdurma təhlükəli mərhələyə keçib. Raket hücumları, hava zərbələri və diplomatik ritorika hər iki tərəfin geri çəkilməyə hazır olmadığını göstərir. Ekspertlər qarşıdurmanın qısa deyil, həftələrlə, hətta aylarla çəkə biləcəyini iddia edirlər. Reallıq odur ki, qarşılıqlı hücumlar davam edir və hər iki tərəfdən ciddi itkilər qeydə alınır. 

Həyatını itirənlər arasında mülki insanlar da var. İndiyədək İranda 224 nəfər ölüb, 1227 nəfər yaralanıb. Ölənlər arasında yüksək rütbəli hərbçilər və nüvə alimləri də var. İranın cavab zərbələri nəticəsində İsraildə 24 nəfər ölüb, 287 nəfər yaralanıb. Qeyd olunur ki, İsrailin əsas məqsədi İranın nüvə və raket imkanlarını sıradan çıxarmaqdır. İsrail Baş naziri Benyamin Netanyahu hərbi əməliyyatların konkret zamanla məhdudlaşmadığını açıq şəkildə bəyan edib. İsrail Baş naziri Benyamin Netanyahu İranda hakimiyyət dəyişikliyini istisna etməyib. Yəhudi dövlətinin rəhbəri İranda hazırkı vəziyyəti keçmiş SSRİ və Suriyada Əsəd rejiminin devrilməsi hadisəsi ilə müqayisə edib. İsrail Kəşfiyyatının rəhbəri, general-mayor Şlomi Binder deyib ki, İran Ordusunun əsas dayaq məntəqələri və bir sıra generallarının zərərsizləşdirilməsində əldə etdikləri kəşfiyyat məlumatlarının rolu böyük olub. O, həmçinin Yaxın Şərqdəki vəziyyət və girovların məsələsinə toxunaraq, bu problemin diqqətdən kənarda qalmadığını söyləyib: "Yaddaşınızda saxlayın ki, biz yalnız bir cəbhədə hərəkət etmirik. İranla bərabər Qəzzadakı girovlar və ön cəbhədəki hərbçilərimizlə bağlı məsələləri də diqqətdə saxlayırıq. Sizin üzərinizə vətəndaşlarımızın raket hücumları ilə bağlı vaxtında məlumatlandırılması kimi mürəkkəb bir missiya düşüb. Bunun nəticəsində onlar təhlükəsiz ərazilərə vaxtında təxliyə edilərək, öz həyatlarını xilas edə biləcəklər. O ki qaldı sizə, bundan sonra yalnız irəli getməlisiniz". Binder eyni zamanda geri çəkilməyin mümkünsüzlüyünü tabeçiliyindəki şəxsi heyətin diqqətinə çatdırıb. İran tərəfi rəsmi olaraq münaqişəni genişləndirmək istəmədiyini, danışıqlara hazır olduğunu desə də, hər gün İsrailə yüzlərlə ballistik raketləri göndərir. ABŞ Prezidenti D.Tramp İranla nüvə proqramı sazişinin imzalanacağına ümid etdiyini bildirib. Tramp deyib ki, İran nümayəndələri ondan nüvə sazişi bağlamağı xahiş edirlər: "Düşünürəm ki, İran sazişi imzalamamaqla səfeh addım atmış olur". Bu arada İran Prezidenti Məsud Pezeşkian ilə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. Pezeşkian deyib ki, ABŞ danışıqları bərpa etmək üçün İsrailin Tehrana hücumlarını dayandırmalıdır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə İran-İsrail müharibəsi ilə bağlı öhdəsinə düşən hər şeyi etməyə hazırdır. O qeyd edib ki, rəsmi Ankara hərbi gərginliyi dayandırmaq üçün ciddi diplomatik səylər ortaya qoyur. Ərdoğan həmçinin söyləyib ki, o, bu məqsədlə müxtəlif ölkələrin liderləri ilə danışıb: "Problemin həlli diplomatiya və dialoq yolu ilə mümkündür. İrana hücum təkcə İrana aid olan hadisə deyil". İran xarici işlər naziri Abbas Arakçı da deyib ki, ABŞ-nin İsrail və İran arasında hərbi münaqişəyə müdaxiləsi nizamlama üzrə danışıqların istənilən perspektivini məhv edəcək: "ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahunu "cilovlamaq" üçün sadəcə bir zəng etməlidir, bu da diplomatiyaya yol aça bilər". Ərəb və islam ölkələri xarici işlər nazirləri İsrailin İrana  zərbələrini pisləyib və bunu BMT Nizamnaməsinin pozulması adlandırıb. Birgə bəyanatda İsrailin İrana hücumu fonunda Yaxın Şərqdə nüvə silahından azad zona yaratmağa çağırıblar.

Xəzər Universitetinin Tarix və arxeologiya departamentinin müdiri, tarix elmləri doktoru, siyasi şərhçi Telman Nüsrətoğlu "Şərq"ə deyib ki, kifayət qədər mürəkkəb bir vəziyyətin yarandığını deyib. Alim vurğulayıb ki, proseslər çoxşaxəli dəyərləndirmə tələb edir: 

"İranda ciddi milli-təhlükəsizlik probleminin olduğu üzə çıxdı. Ölkənin təhlükəsizliyinə, məxfi bilgilərinin qorunmasına məsul şəxslərin əksəriyyəti nöqtə əməliyyatları ilə ortadan qaldırıldı. Texnoloji imkanlar və kəşfiyyat baxımından İran İsraillə müqayisə edilə bilməz. Sanksiyalar altındakı İranın ağır durumu ortadadır. İdarəçilikdə də ciddi nöqsanlar var. Xalq-dövlət birliyi kifayət qədər sarsılıb. Doğru həyata keçirilməyən daxili və xarici siyasət İran üçün çox ciddi problemlər yaradıb. Halbuki, Tehran qonşu Pakistanla daha yaxşı müttəfiqlik qura bilərdi. O cümlədən Azərbaycan və Türkiyə ilə normal əlaqələr formalaşdırardılar. İran bu məsələlərdə daim antaqonist siyasət izləyib, daha çox məzhəbçilik və farsçılıq üzərindən siyasət yürüdüb. Açıq əməliyyatlardan sonra artıq köhnə İran olmayacaq. Daxildə dəyişiklik şərtdir. Ölkədə radikal qanad, inqilab keşikçiləri kifayət qədər zəiflədilib və bu proses davam etməkdədir. Xalqda bu zehniyyəti təmsil edən insanlarla bağlı suallar yaranır. Proses göstərdi ki, iqtidar layiqli şəkildə ölkənin müdafiəsini təmin edə bilmədi". 

T.Nüsrətoğlu əlavə edib ki, İsrail Baş naziri B.Netanyahu öz açıqlamasında İranda rejim dəyişikliyində maraqlı olduqlarını açıq bəyan edib:

 "Əsas məsələ bazarlıq masasında ABŞ-nin İrandan nə istəyəcəyi ilə bağlıdır. Əlbəttə, ABŞ və müttəfiqləri İranda daha da zəifləmiş bir iqtidar, sarsılmış hökumət görmək istəyirlər ki, onların bütün şərtlərini qəbul etsinlər. Pərdə arxasında davam edən bazarlıqlar fonunda İranın hansı şərtləri qəbul edəcəyi bəlli olacaq. İranla bağlı strategiya məhz ondan sonra müəyyənləşəcək. ABŞ və İsrail "Hizbullah", HƏMAS və digər proksi gücləri böyük ölçüdə zəiflədiblər. Vaşinqton bu hücumların iştirakçısı olmadığını iddia etsə də, İsrailin İrana hücumlarında ABŞ-nin rol oynadığı sirr deyil. Netanyahunun da açıqlamasından görünür ki, obyektlərin hədəf alınmasında ABŞ-nin kəşfiyyat dəstəyi var. Amerika İsrailə silah-sursat, raketlər verir, planlanma prosesində yer alır. Hələlik onu söyləmək olar ki, İran daxilində rejim dəyişməsə də, mahiyyət dəyişəcək. İran coğrafi və enerji baxımından strateji önəmə sahibdir. Ona görə İranla bağlı hesablar ciddi dəyərləndirilir. Təbii ki, İrandakı rejimin məsələyə yanaşmasından da çox şey asılı olacaq. Açıq suallar qalmaqdadır, lakin birmənalı bəlli olan odur ki, artıq köhnə İran olmayacaq". 

Seçilən
21
1
sherg.az

2Mənbələr