AZ

Aşağı Qarabağlar, Aşağı Qaraqala, Aşağı Qaranlıq - türk tarixinin izi - Qərbi Azərbaycan Xronikası

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə Baku TV-də “Aşağı və Yuxarı Qaraqala kəndləri niyə ləğv edilib?” adlı süjet hazırlanıb.

“Report” xəbər verir ki, bugünkü süjetdə süjetdə erməni saxtakarlığına, addəyişmə terroruna məruz qalan Aşağı Qarabağlar, Aşağı Qaraqala, Aşağı Qaranlıq toponimi haqqında söz açılır.

Bildirilir ki, Qərbi Azərbaycan ərazisi zaman-zaman erməni işğalına, insanları tarixi etnik vətənlərindən deportasiyaya məruz qalıb, coğrafi məkanları isə yadlaşdırılıb.

Aşağı Qarabağlar - Vedibasar mahalının Vedi, sonralar Ararat adlandırılan rayonda kənd adıdır. 1950-ci ilədə indiki Ermənistan ərazisində mövcud olan Qarabağlar rayonu ləğv ediləndən sonra ərazisi Vedi rayonunun tabeliyinə verilib. Kənddə 1873-cü ildən yaşayan azərbaycanlılar 1918-1919-cu illərdə qırğınlarla qovulub və Türkiyədən köçürülən ermənilər burada yerləşdirilib. 1920-ci ildə azərbaycanlılar geri qayıtsalar da 1948-1953-cü illərdə onlar yenidən zorla tarixi-etnik torpaqlarından çıxarılıb. 1918-1920-ci illərdə kəndin adı dəyişdirilib Çimənkənd, 1978-ci ildə isə Uradzadzor qoyulub.

Aşağı Qaraqala - Loru mahalının Vorontsovka, sonralar Kalinino adlandırılan rayonda kənd olub. 1930-cu ildən sonra rayonun Yuxarı Qaraqala kəndi ilə birləşdirilərək Qaraqala kəndi yaradılıb. 1937-ci ilədək, yəni Kalinino rayonunun yaranmasına kimi Cəlaloğlu/ Stepanavan rayonunun tərkibində olub.

Aşağı Qaranlıq - Göyçə mahalının Qaranlıq, sonralar Martuni adlandırılan rayonun mərkəzi olub. 1939-cu ilin sentyabrın 9-da rayon kimi yaradılıb. 1963-cü ildən şəhər tipli qəsəbədir. Adı 1926-cı ildə dəyişdirilib Martuni qoyulub.

Sonda vurğulanır ki, yaşadığımız bölgəyə süni yerləşdirilən köçəri ermənilər müxtəlif vaxtlarda azərbaycanlılara məxsus yer, insan adlarını mənimsəməyə çalışıblar: “Lakin hayların bu daşnak siyasəti zaman-zaman fiaskoya uğrayıb, bəd niyyətləri puça çıxıb. Təbii ki, xəyallarının qurbanına çevrilən ermənilər bu gün də qondarma arzularının girdabına düşüblər”.

Ümumiyyətlə, Qərbi Azərbaycana aid toponimlərin, oykonim, oronim və hidronimlərin öyrənilməsi və təbliği günümüzün reallığı olmaqla yanaşı, gələcək nəsillərin doğma yurd-yuvamıza sahib çıxması baxımından çox böyük məna və əhəmiyyət daşıyır. Çünki bunlar yerli xalqın tarixini, etnoqrafiyasını, coğrafiyasını əks etdirir. Hazırlanan süjetlədə ermənilər tərəfindən dəyişdirilən Qərbi Azərbaycan toponimlərinin tarixi və etimologiyası araşdırılır, həmçinin yer adlarının mənşəyi, mənası və sonrakı taleyi haqqında məlumat verilir.

Veriliş Qərbi Azərbaycandan deportasiya olunmuş minlərlə azərbaycanlının yaşadığı faciəni, acı taleyi və yurda dönüş arzusunu əks etdirir.

Layihənin məqsədi Qərbi Azərbaycanın qədim türk torpağı olduğunu sübut edən tarixi faktların, toponimlərin və mədəniyyət nümunələrinin dünyaya çatdırılması, həmçinin Prezident İlham Əliyevin “Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır” fikrindən irəli gələn Qayıdış Konsepsiyasının təbliğidir. Bununla yanaşı, layihə deportasiyaya məruz qalmış insanların həyat hekayələrini işıqlandırmağı da hədəfləyir.

Seçilən
32
2
report.az

3Mənbələr