AZ

Ermənistanda yeni seçki sınağı:Hakimiyyət-müxalifət qarşıdurması

Ermənistanda siyasi səhnədə yenidən canlanma müşahidə olunur. Ölkədə seçkilərə doğru gedən yolda həm siyasi dairələr, həm də ictimaiyyət arasında gərginlik hiss olunur.  Parlamentin sədri Alen Simonyan artıq seçki tarixini elan edib: 2026-cı il iyunun 7-də Ermənistan vətəndaşları növbəti dəfə sandıq başına gedəcək. “Geri sayım başladı” deyən Simonyan ölkədə yeni mərhələnin başlandığını vurğulayıb. 

Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” Partiyası son parlament seçkilərində seçicilərin 54 faizinin səslərini qazanaraq 107 mandatdan 71-ni əldə edib və parlamentdə üstünlüyə nail olub. Müxalif “Ermənistan” bloku 29, “Şərəfim var” fraksiyası isə 7 deputat yeri tutub. Digər partiyalar isə seçki baryerini aşmağa nail ola bilmədikləri üçün parlamentdə təmsil olunmayıblar. Bu nəticələr Paşinyanın siyasi mövqeyini möhkəmləndirsə də, müxalifət bloku hələ də kifayət qədər güclü şəkildə fəaliyyət göstərir.

Ölkədə  son növbədənkənar parlament seçkiləri 2021-ci il iyunun 20-də Ermənistanın 44 günlük müharibədə məğlubiyyətindən sonra keçirilib. Həmin vaxt Rusiyaya yaxın müxalifət, xüsusən də sabiq prezidentlər Robert Koçaryan və Serjik Sarkisyan müharibədə uduzaraq üçtərəfli Bəyanata imza atan baş nazir Nikol Paşinyanı hakimiyyətdən uzaqlaşdıracaqlarına inanırdılar. Lakin bu gözləntilər reallaşmadı. Paşinyanın komandası seçkilərdə qalib gəldi. Bu, əsasən Ermənistan cəmiyyətinin müharibə istəməməsi və erməni əsgərlərinin başqa ölkənin ərazisində işğalçı kimi həlak olmasına qarşı etirazı ilə bağlı idi. Kampaniya, eyni zamanda, keçmiş prezidentlərə qarşı ictimai etirazın ifadəsi kimi qiymətləndirilirdi. Seçkilərdən sonra Ermənistanda ictimai-siyasi vəziyyət gərgin olaraq qaldı. Paşinyan bir sıra sahələrdə kadr dəyişikliklərinə gedərək, hökuməti “beşinci kolon”dan təmizləməyə başladı. O, ordu strukturunda da dəyişikliklər etdi və mifləşdirilmiş hərbi sistemə toxundu.

Azərbaycan torpaqlarından işğalçı kimi çıxarıldıqdan sonra Paşinyanın komandası hakimiyyətdə qalaraq Qərbyönlü kursunu daha açıq şəkildə nümayiş etdirmək imkanı əldə etdi. Bu müddət ərzində baş nazir müxtəlif nazirliklərdə struktur dəyişiklikləri və kadr islahatları həyata keçirdi.  Müxalifətin İrəvanda təşkil etdiyi davamlı mitinqlər və yürüşlər isə gözlənilən nəticəni vermədi və Paşinyanın istefasına səbəb olmadı. 2018-ci ilin mayından sonra baş nazir ilə kilsə arasında yaranmış gərginlik 2024-cü ildə açıq müstəviyə keçdi. Keşiş Baqrat Qalstyanın rəhbərlik etdiyi “Vətən naminə Tavuş” hərəkatının keçirdiyi aksiyalar və yürüşlər nəticə vermədi. Son günlərdə Baqrat bildirib ki, 2026-cı ildəki parlament seçkilərinə artıq Paşinyansız getməlidirlər və təşkilatlanmada əvvəlkindən daha irəlidədirlər. Sergey Lavrovun İrəvana səfəri isə siyasi dairələrdən daha çox kilsənin aktivliyini artırmış kimi göründü.  Ümumerməni katolikosu II Qaregin indiyədək neytral mövqe sərgiləməyə çalışsa da, Baqrat Qalstyanın addımlarına dolayı dəstək verdiyi hiss olunurdu. Onun arxasında Koçaryan və Sarkisyan kimi keçmiş liderlərin dayandığı isə gizli qalmadı. Bütün bunlar Nikol Paşinyana Baqratın rəhbərlik etdiyi bu hərəkatın ciddi bir siqnal olduğunu göstərdi.

Ötən aydan etibarən Nikol Paşinyan ilə II Qaregin arasında qarşıdurma açıq müstəviyə keçib. Hər iki tərəf bir-birinə qarşı etikadan kənar ifadələr işlədərək təhqiramiz açıqlamalar verib. Paşinyan ümumerməni kilsəsinin rəhbərini əxlaqsız davranışlarda və dini prinsiplərə zidd həyat tərzində ittiham edərək onu “dələduz” adlandırıb. II Qaregin isə baş naziri həyat yoldaşı ilə rəsmi nikahda olmamaqda və tərbiyəsizlikdə suçlayıb. Paşinyan Qaregin və onun komandasını siyasi və ictimai müstəvidə tam neytrallaşdırmaqla qarşıdakı kampaniyada üstünlük qazanmağa çalışır. Ümumerməni kilsəsi tarixən Rusiya və keçmiş sovet təsiri altında olub. SSRİ dövründə kilsələrin Moskvadakı pravoslav mərkəzə bağlılığı heç kimə sirr deyil. Məsələn, Ukrayna-Rusiya münaqişəsi zamanı ilk atılan addımlardan biri yerli pravoslav kilsənin Moskvadan asılılığının aradan qaldırılması olmuşdu. Hətta Ukraynanın xüsusi xidmət orqanları bir neçə keşişi Rusiyaya casusluq ittihamı ilə həbs etmişdi.

Bu kontekstdə Qaregin və ondan əvvəlki I Vazgen də müəyyən mənada “beşinci kolon”un nümayəndələri kimi qəbul olunur. Çünki Azərbaycanın əraziləri işğal altında olduğu dönəmdə onların mənəvi və siyasi mövqeləri açıq şəkildə üzə çıxdı. Hər iki dini lider, əsasən, Rusiyanın maraqlarını müdafiə edən çıxışlar edirdilər.

Paşinyan hakimiyyətə gəldikdən sonra isə Eçmiədzin kilsəsi onun siyasi kursuna qarşı açıq mövqe sərgilədi. Baş nazirin Qareginə qarşı atdığı ilk addımlardan biri “baş keşiş”in mühafizə xidmətinin dövlət büdcəsindən maliyyələşdirilməsini dayandırmaq oldu. Görünür, Paşinyan indi də “təmizləmə” prosesini Eçmiədzində həyata keçirmək və hətta katolikosu vəzifədən uzaqlaşdırmaq məqsədilə xüsusi bir qrup yaratmaq niyyətindədir.

O, II Qaregini postundan kənarlaşdıraraq, bütün ermənilər üçün yeni katolikosun seçilməsini təşkil edəcək bir koordinasiya qrupunun formalaşdırılmasını planlaşdırır. Baş nazirin sözlərinə görə, bu qrupun ilk 10 üzvünü şəxsən özü təyin edəcək. Paşinyan qeyd edir ki, bu vəzifəyə namizədlər yalnız qəlbən İsa Məsihə inananlar, həyatında azı bir dəfə “İncil”i tam oxuyanlar, son 5 il ərzində bir dəfə də olsa Böyük pəhriz saxlayanlar və gündəlik dua edənlər ola bilər. Baş nazirin din xadimləri üçün müəyyən etdiyi meyarlardan belə aydın olur ki, onların bəziləri nə dua edir, nə də “İncil”i tam oxuyublar. Bu, əslində Paşinyanın kilsəni sıradan çıxarmaq məqsədilə hazırladığı “zərərsizləşdirmə” kampaniyasının əsas istiqamətlərindən biri kimi görünə bilər.

Ermənistanda seçki ab-havası getdikcə intensivləşir. Baş nazir Nikol Paşinyan artıq siyasi meydanda rəqiblərinə və xüsusilə də hakimiyyət daxilindəki “beşinci kolon” hesab etdiyi dairələrə qarşı hədəfli addımlar atmağa başlayıb. Qarşıdan gələn parlament seçkiləri ərəfəsində Paşinyan həm kilsə institutunu, həm də müxalif iş adamlarını zəiflətməyə çalışır. Bu isə ölkədə həm siyasi gərginliyi artırır, həm də seçkilərin təkcə siyasi deyil, ideoloji mübarizəyə çevrildiyini göstərir.

Şəmsiyyə Əliqızı, “İki sahil”

Seçilən
43
49
ikisahil.az

10Mənbələr