AZ

Ermənistan:Dini islahatlar, yoxsa siyasi çəkişmələr?..

Ermənistanda keçiriləcək parlament seçkilərinin tarixi ilə bağlı rəsmi açıqlamadan sonra ölkə daxilində  polemikalar qızışmaqdadır.  2026-cı  ilin iyun ayına təyin edilən  parlament seçkilərinə bir il qalmasına baxmayaraq  Ermənistanda ağız deyəni qulaq eşitmir.  Ermənistanın baş naziri Nikol Paşinyanla  Erməni  Apostol kilsəsinin başçısı II Qaregin arasında yaranan ixtilaflar,  sabiq prezidentlərin yenidən hakimiyyətə gəlmək naminə apardıqları mübarizələr, revanşist qüvvələrin fəallaşaması  daxili gərginliyi daha da artırıb. Azərbaycan ilə Ermənistan arasındakı sülh sazişinin bütün müddəalarının razılaşdırılması, baş nazir Paşinyanın konstitusiya dəyişikliyi və ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı hələ də tam dəqiqləşməyən  qeyri- rəsmi açıqlamalarından  təlaşlanan, «kilsə kartı» ssenarilərindən  istifadə edən  revanşistlərin «keşiş Baqrat» oyunlarını  Qareginin simasında davam etdirmələri, «beşinci kalon»un siyasi hadisələrə müdaxiləsi Ermənistanda vəziyyəti daha da ağırlaşdırıb.   «Ermənistan Azərbaycanla davamlı sülhə nail olmaq üçün hansı yola üstünlük verməlidir» sualı cəmiyyətdə fikir ayrılığı yaradıb. Belə bir şəraitdə Erməni  Apostol Kilsəsi ilə hakimiyyət arasında baş verən ixtilaflar  vəziyyəti daha da gərginləşdirir.

İllərdən bəri  kimliyindən asılı olmayaran  ölkənin siyasi hakimiyyətinə təsir imkanlarından istifadə edən  Apostol kilsəsi bu günlərdə daha da aqressivləşib. Ermənistanla Azərbaycan arasında sülh sazişinə azacıq  da olsa  isti münasibətlərin yarandığı məqamlarda insanları itaətsizliyə, mitinqlərə və yeni müharibəyə çağıran revanşistlərin qışızdırıcı çağırışları ilə eyniləşən sabiqlərin ittihamları  siyasi hadisələri daha da  gərginləşdirməklə maraqlı qüvvələr arasındakı  qarşıdurmaları qızışdırır.  

Parlamentdəki «Ermənistan fraksiyası»nın bəyanatından  sonra ölkədə milli parçalanmanın daha da  genişlənməsi hakim dairələri təlaşlandırır, siyasi, iqtisadi böhranı dərinləşdirir. «Erməni Apostol Kilsəsi xalqımızın həyatında müstəsna rol oynamış və bu, konstitusiyada da təsbit olunmuşdur» sözlərinin yer aldığı bəyanatda  Paşinyanın kilsə, onun patriarxı və ruhani rəhbərliyinə qarşı ritorikası erməni xalqının ləyaqətini alçaldan, milli birliyi və dəyərlər sistemini sarsıdan davranış kimi qiymətləndirilib. Erməniliyin millitarist  prinsiplərindən qaynaqlanan bu yanaşma dolayı yolla da olsa   Qareginin müdafiəsini təmin edir. Hakimiyyətə gəldiyi vaxtdan  erməni kilsəsinin ölkənin siyasi həyatına müdaxiləsi ilə razılaşmayan Paşinyan ermənilərin katolikosu II Qaregin haqqında söylədiyi  sözlərə əlavə olaraq bildirir ki,  bütün ermənilərin katolikosunun seçilməsi, təyinatı  prosesində  son qərarı Ermənistan hökuməti verməlidir.  Dini qurumlarla bağlı islahat kimi dəyərləndirilən  bu seçim bəzi dairələri narhat edir. Ermənistanda bəzi kilsələrin acınacaqlı vəziyyətdə olduğunu  bildirən ,  məbədlərdə  tikinti materiallarının, inşaat tullantılarının, bəzi hallarda silah-sursatların  saxlanılmasını yolverilməz adlandıran baş nazir kilsələrlə bağlı standartların  tətbiqini tələb edir.
 Amma görünür Qareginin hakimiyyətə «həvəsləndirdiyi»” Tavuş yeparxiyasının rəhbəri arxiyepiskop Baqrat Qalstanyanın «Bəli, mən özümü revanşist hesab edirəm və ömrümün son saniyəsinə qədər belə yaşayacam»  ideyası bütünlükdə   Erməni Apostol Kilsəsinin əsas fəaliyyət istiqamətlərindəndir.  Səlahiyyətlərini aşan  Baqrat bəyan edib ki, Ermənistan 2026-cı ilin parlament seçkilərinə Paşinyan olmadan getməlidir. O, ruhanilərin  seçkilərə  daha yüksək səviyyədə, təşkilatlanmış halda gedəcəklərini də bəyan edib. Hadisələr göstərir ki, həmişə olduğu kimi, bu gün də erməni kilsəsindən dini məbəd kimi deyil, siyasi alət kimi istifadə aktuallaşıb. Ölkədə  siyasi hadisələrə  müdaxiləni davam etdirən  kilsə hökumətə təzyiq rıçaqlarını işə salır, xarici ölkələrdə formalaşan erməni lobbisinin dəstəyi ilə  xüsusi imtiyazlara sahiblənmək niyyətlərini  açıq-aşkar bildirir.  Bu ölkənin təhlükəsizlik və müdafiə siyasətinə qarışmaqdan belə çəkinməyən  qareginlər tarix boyu cəmiyyətdə  Ermənistanın Azərbaycan torpaqlarını işğalına haqq qazandıran təxribatlar aparmaqla kifayətlənməmiş,  soydaşlarımıza qarşı  törədilən  soyqırımları  dəstəkləmiş, yeri gəldikdə cinayətlərin iştirakçıları belə olmuşlar. Torpaqalırımz 30 il Ermənistanın işğalı altında qaldığı müddətdə  alban kilsələrinə əl gəzdirməklə  «erməniləşdirən»  Apostol kilsəsi  dini qurumdan çox erməni  faşizminin və separatizminin təbliğatçısı  rolunu məharətlə ifa etmişdir. 2026-cı il iyunun 7-də ali qanunverici orqana seçkilərdə də fəal iştirak edəcəyini, öz namizədlərini dəstəkləyəcəyini bildirən II Qareginin özünə yaxın bildiyi sabiq prezidentlər  Serjik Sarkisyanın, Robert  Koçaryanın yanında olacağına şübhə yoxdur”. Baş nazir Nikol Paşinyanın «Vətəndaş Müqaviləsi»” Partiyası isə bu üçlüyün   hakimiyyətinə yaradacağı təhlükəni hiss etdiyi üçün ölkədə siyasi, dini «islahatlara» başlayıb.  Hakimiyyət daxilində  «beşinci kalon»a xidmət edənləri təmizləməklə, orduda da da dəyişiklik edən Paşinyan İkinci Qaregini  əxlaqsızlıqda, dini əqidəsinə zidd həyat tərzində ittiham edərək  seçkiqabağı kampaniyada  müxalif qüvvələri zərərsizləşdirməyə  siyasətinə kilsədən başlayıb. «Baş keşiş»”in mühafizəçilərinin dövlət tərəfindən maliyyələşməsini dayandırmaqla digər «islahatlara» yol açan baş nazir rusiyameilli təbəqələrə qarşı da ideoloji cəbhə açıb. Müxalifyönlü  biznes sahələrində  genişmiqyaslı yoxlamalar aparmaqla gözlənilən  təhlükələrə qarşı  profilaktik tədbirlər görən Paşinyanın hədəfi  Robert Koçaryan və Serjik Sakisyana bağlı, eyni zamanda rusiyameyilli  iş adamlarıdır. Belə bir şəraitin mövcud olduğu Ermənistanın  Azərbaycanla sülh sazişini  imzalamaqdan başqa çıxış yolu yoxdur.

Son günlərdə bölgədə baş verən hadisələr, İsraillə İran arasında  davam edən müharibə  vəziyyəti gərginləşdirməklə daha mürəkkəb situasiya yaradıb. Ermənistanın əsas müttəfiqlərindən olan, işğalçı dövlətə maddi, siyasi, hərbi dəstək göstərən İranda baş verən dağıntılar,  itkilər, elm  adamlarının, yüksək rütbəli  hərbçilərin sıradan çıxarılması  başqalarının əlinə baxan Ermənistanın daxili və olmayan xarici siyasətinə də təsir edir.  Ermənistanın «Zvartnos» Hava Limanında təhlükəsizliyi, bu  ölkənin bəzi bölgələrində  sərhədlərini qoruyan Rusiyanın qoşunlarını ölkədən çıxaran, hətta 102-ci  bölməyə belə ehtiyacın olmadığın bildirən Paşinyan artıq «Keçən il biz Rusiya qoşunlarının mövcudluq səviyyəsini azaltdıq, lakin digər tərəfdən, hazırda Ermənistanda Rusiya qoşunlarının mövcudluğunu dayandırmaq kimi bir vəzifəmiz yoxdur. Bizim başqa bir vəzifəmiz var - region ölkələri ilə möhkəm və sabit sülh yaratmağı bacarmaq» ifadələrini işlədir. Yəni, regionda  gücsüz dövlət kimi tanınan  Ermənistanın düşdüyü vəziyyət  bölgədə yeni siyasi mühüt formalaşdırıb.   

Bəllidir ki, Azərbaycan Cənubi Qafqazda daimi sülhün yaranması üçün bütün vasitələrdən istifadə edir. Azərbaycan qarşı tərəfdən  sülh sazişinin əsas bəndi olan    Qarabağa hər hansı ərazi iddialarından rəsmən imtina etmək üçün ilk növbədə öz konstitusiyasına düzəliş etməsini tələb edir.  Amma çox təəssüf ki,  Ermənistanda çoxları hələ də bir gün Qarabağın geri qaytarılacağına ümid edir. Paşinyana müxalif qüvvələr  tərəfindən cəmiyyətdə  Qarabağı geri almaq düşüncəsi formalaşdırılır.  Amma müharibələrdən, iqtisadi böhrandan əziyyət çəkən xalq sabitlik və rahat həyat  istəyir. Bu baxımdan qarşıdakı ildə keçiriləcək  parlament seçkilərinin hansı  gərginliklə  müşaiyət olunacağı bəri başdan bəllidir.

Xuraman İsmayılqızı, «İki sahil»

Seçilən
3
ikisahil.az

1Mənbələr