AZ

Zəncanda İsrailə işləyən dəstə ifşa edildi – İranda CASUS OVU davam edir

İranın Zəncan vilayətində İsrailə işlədiyi bildirilən casus dəstə ifşa edilərək saxlanılıb.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı TASNİM agentliyinə vilayət qubernatorunun siyasi işlər üzrə müavini açıqlayıb. Onun sözlərinə görə, saxlanılan şəxslər “sionist rejimin muzdluları” adlandırılıb və onların fəaliyyətinə dair mühüm sübutlar əldə olunub.

Rəsmi məlumata əsasən, casus dəstənin istifadə etdiyi evlərdən pilotsuz uçuş aparatları (PUA) və digər casus texnikaları aşkarlanıb. Açıqlamada deyilir ki, PUA-ların bir hissəsi həmin komanda evlərindən idarə olunurdu və təhlükəsizlik qüvvələri bu cihazlardan bir neçəsini vuraraq zərərsizləşdirib.

Zəncan əhalisinin bu prosesdə mühüm rol oynadığı bildirilir. Vilayət rəsmisi deyib:

“Zəncan əhalisinin diqqətli və ayıq mövqeyi sayəsində muzdlular ifşa edilərək zərərsizləşdirildi. Onlar əhaliyə yaxşı zərbə vurmaq istəsələr də, özləri zərbə aldılar.”

Bəyanatda həmçinin vurğulanıb ki, saxlanılan şəxslərin çoxu yerli sakinlər deyil, kənardan gətirilmiş və gəncləri təsir altına salmaq üçün istifadə olunan şəxslər olub. Buna görə də yerli əhalidən gəncləri belə şəbəkələrin təsirindən qorumaq, şübhəli şəxslər və komanda evləri barədə təhlükəsizlik orqanlarına dərhal məlumat vermək çağırışı edilib.

Zəncanda bu əməliyyatların bir neçə gündür davam etdiyi, saxlanılanların sayının artdığı və istintaqın genişləndiyi bildirilir. İran rəsmiləri bu hadisəni İsrailin daxildəki kəşfiyyat və təxribat fəaliyyətlərinə qarşı önəmli zərbə kimi qiymətləndirirlər.
Məsələ ilə bağlı İsrailin müvafiq qurumları münasibət bildirməyiblər.

 

Musavat.com

Seçilən
5
musavat.com

1Mənbələr