Dünyada baş verən proseslər - xüsusilə geosiyasi gərginliklər, iqtisadi tənəzzül riski, ABŞ-nin ticarət siyasəti və ABŞ-Çin arasında davam edən tarif mübahisələri, son günlərdə Yaxın Şərqdə baş verən hadisələr, eləcə də, bir sıra ölkələrin mərkəzi banklarının qızıl ehtiyatlarını aktiv şəkildə artırmaq siyasətini davam etdirməsi fonunda qiymətli metalların qiymətində müşahidə olunan artım Azərbaycanın qızıl və zinət əşyaları bazarına birbaşa və dolayı təsir göstərir.
Bunu Trend-ə açıqlamasında Qiymətli metallar və qiymətli daşlar üzrə Texniki Komitənin sədri, Azərbaycan Zərgərlər Assosiasiyasının İdarə Heyətinin sədrinin müavini Rövşən Əmircanov deyib.
Onun sözlərinə görə, hazırda London Əmtəə Birjasında qızılın bir unsiyası 3 420-3 450 ABŞ dolları diapazonunda ticarət olunur:
"Gümüş bir unsiya üçün 36,50 ABŞ dolları səviyyəsində qiymətləndirilir. Platin 1 275-1 285 ABŞ dolları, palladium isə 1 050-1 070 ABŞ dolları arasında dəyişir. Qızılın dünya bazarındakı qiymətində müşahidə olunan artım Azərbaycanda bu məhsulların maya dəyərinin yüksəlməsinə gətirib çıxarır.
Ən çox təsir isə pərakəndə satış seqmentində hiss olunur. Bu seqmentdəki qiymət dəyişiklikləri həm qızılın beynəlxalq birjalardakı qiyməti üzrə dalğalanmalarla, həm də yerli iqtisadi və ticarət şərtlərinin dəyişməsi ilə birbaşa əlaqəlidir.
İdxal olunan məmulatlarda bu hal satış qiymətlərinin artması və alıcılıq qabiliyyətinin azalması ilə müşayiət olunur. Qızıl həm xaricdən idxal olunur, həm də ölkə daxilində istehsal edilir. Hər iki halda maya dəyərinin artması müşahidə olunur. Lakin idxal məhsullarında bu artım daha kəskin şəkildə nəzərə çarpır ki, bu da beynəlxalq logistika zəncirindəki çətinliklər, gömrük rüsumları və ticarətə qoyulan məhdudiyyətlərlə izah olunur. Türkiyə və Birləşmiş Ərəb Əmirlikləri kimi əsas ticarət tərəfdaşlarında baş verən qiymət dəyişiklikləri də Azərbaycanda məhsulların qiymətinə və çeşidinə birbaşa təsir göstərir".
R.Əmircanov qeyd edib ki, dəyişən qlobal iqtisadi şərtlər fonunda Azərbaycan istehlakçılarının davranışında da müəyyən fərqliliklər müşahidə olunur:
"İqtisadi qeyri-sabitlik şəraitində əhali ənənəvi olaraq qızıl kimi təhlükəsiz aktivlərə üstünlük verir. İnvestisiya məqsədli qızıl məhsullarına maraq artır, xüsusilə 999.9 əyarlı qızıl sikkə və külçələrin alışı qiymət artımı fonunda investisiya vasitəsi kimi genişlənir.
Bununla yanaşı, yüksək qiymətlər zinət əşyalarına olan ümumi tələbatın azalmasına səbəb olmuşdur. Lakin vətəndaşlar lüks xərclərini məhdudlaşdırdıqları halda belə, toy və nişan kimi zəruri mərasimlər çərçivəsində qızıl və qiymətli daşların alışı davam etməkdədir. Nəticə etibarilə, dünyada baş verən iqtisadi, siyasi və maliyyə prosesləri Azərbaycanın qızıl və zinət əşyaları bazarına həm qiymət dinamikası, həm də tələbat strukturu və ticarət şəraiti baxımından əhəmiyyətli təsir göstərməkdədir".
Milli.Az