
“İsrail-İran savaşının nəticələri faktiki görünmür. İndi İsrailin açıq üstünlüyü hiss olunsa da, İranı hərbi yolla udmağa imkanı çatmayacaq. İran özü də hələlik təslim olmağa hazır deyil”.
Bunu “Reytinq” qəzetinə hərbi ekspert Azad İsazadə İran-İsrail savaşından danışarkən deyib.
A. İsazadə əmindir ki, sonda ABŞ özü prosesə daxil olacaq və savaşı bitirəcək.
Ekspert qeyd edib ki, hazırda üstünlük İsraildə olsa da, bir məqam var - müharibəni quruda aparmayanda, savaşdığın dövlətin ərazisində əsgərin olmayanda həmin dövlət üzərində qələbə qazanmaq nadir hallarda ola bilər, bəlkə də mümkün deyil. Çünki bu halda ən zəif dövlət belə ölkəyə nəzarətini itirmir, itirsə də, dərhal bərpa edə bilir. “İndi görürük ki, İran ancaq havadan və məsafədən vurulur, quru əməliyyat yoxdur və olması da gözlənilmir. Çünki İsrailin belə bir personal potensialı yoxdur, digər tərəfdən, iki dövlət arasında quru sərhədi mövcud deyil. Məhz bu səbəbdən də İran daxilində nəyisə “qaynatmaq” istəyirlər. İsrail baş nazirinin bu mövzuda fikirləri olub. Amma biz hələlik heç nə görmürük”,- deyə A. İsazadə əlavə edib.
Müsahibimiz hesab edir ki, bu kampaniyada məqsəd İran hakim rejimini zəiflətmək və ya əvəz etməkdir: “İkinciyə, yəni rejimin dəyişməsinə yalnız İran daxilində proseslər təsir göstərə bilər. İran dünyanın qədim dövlətlərindən biridir, dövlət kimi də qalacaq, amma hansı sərhədlər daxilindəqalacaq və ona kimin rəhbərlik edəcəyini indi demək çətindir”.
A. İsazadə sonda əlavə edib ki, hazırda proseslərin aktiv fazasıdır, amma İran tam zəiflətdikdən sonra çox güman ki, ABŞ ona imzalamaq üçün hansısa təkliflər təqdim edəcək.
Onu da qeyd edək ki, ABŞ prezidenti Donald Tramp bir neçə saat əvvəl İrandan qeyd-şərtsiz təslim olmağı tələb edib.
Tramp İran problemini həll etmək üçün ABŞ ordusundan istifadə etmək istəmədiyini, lakin Vaşinqtonun səbrinin tükəndiyini vurğulayıb.
Bundan əlavə, o bildirib ki, İranın ali lideri Əli Xamnəinin yerini bilir, buna baxmayaraq Vaşinqton hələlik onu aradan götürməyi planlaşdırmır.
Xatırladaq ki, iyunun 13-nə keçən gecə İsrail ordusu İrana qarşı “Yüksələn Aslan” adlı genişmiqyaslı əməliyyata başlayıb.
Y. QACAR
Reyting.az