AZ

İran elitasının xaricdə(?) sığınacaq axtardığı iddia olundu...


İsrail İranda 3 məqsəd güdür: nüvə proqramının, raket proqramının və “terror oxları”nın məhv edilməsi. Bu sözləri İsrail Baş naziri Benyamin Netanyahu deyib. İran isə əvvəlki mövqeyində qalır və İsrailin yer üzündən silinməsi fikrindən əl çəkmir. Son əməliyyatlar Yaxın Şərqi hərtərəfli müharibə həddinə çatdırır.

Belə bir vaxtda ekspertlər bildirir ki, İsrail iyunun 13-də başlayan "Yüksələn şir" əməliyyatı fonunda İranın siyasi rəhbərliyinin süqutunu istisna etmir. Ən azından, yəhudi dövlətinin baş naziri Benyamin Netanyahu Amerika televiziyasında çıxış edərək belə bir ssenarini mümkün hesab etdiyini bildirib. Bununla belə, hələ ki, İslam Respublikasının Ali Rəhbəri Əli Xamneyiyini aradan götürülməsindən danışılmır. Amerika mətbuatının yazdığına görə, ABŞ prezidenti Donald Tramp belə bir olayın əleyhinədir. İsrailin Rusiyadakı səfirliyi bildirib ki, ordu hazırda birbaşa hərbi təhlükə yaradanların aradan qaldırılması ilə məşğuldur. Amma Netanyahu “Fox News” telekanalında deyib ki, İsrailin İrandakı əməliyyatı nə vaxtsa İran siyasi sisteminin tamamilə çökməsinə səbəb ola bilər: “İran rejimi çox zəifdir”. Onun sözlərinə görə, İsrailin hazırkı hücum tədbirləri İranın nüvə proqramını “əhəmiyyətli dərəcədə” gecikdirib və Tehranla əvvəllər Tramp administrasiyası tərəfindən başladılan danışıqlar prosesi bu baxımdan açıq şəkildə faydasız olub: “Ancaq sizə deyə bilərəm: məncə, biz etməli olduğumuzu edirik. Düşünürəm ki, Birləşmiş Ştatlar onlar üçün nəyin yaxşı olduğunu bilir”. Baş nazir ayrıca Ağ Ev rəhbərinin İsrailə Xamneyiyə qarşı məqsədyönlü sui-qəsd həyata keçirməyi qadağan etməsi ilə bağlı xəbərləri təkzib edib. Daha əvvəl “Axios” portalının adının açıqlanmasını istəməyən amerikalı mənbəyə istinadən verdiyi məlumata görə, "Yüksələn şir" əməliyyatı başlayandan israillilər İranın ali liderini öldürmək imkanı əldə ediblər, lakin Vaşinqtonun bu ssenarini rədd etdiyi bildirilir. “Axios” mənbəyi qeyd edib: “Biz israillilərə dedik ki, prezident Tramp buna qarşıdır. İranlılar bir dənə də olsun amerikalını öldürməyiblər və siyasi liderlərin öldürülməsi müzakirəsi gündəmdə olmamalıdır”. Öz növbəsində, “Reuters” agentliyinin Amerika hökumətindəki mənbəsi vurğulayıb ki, nə qədər iranlılar Yaxın Şərqdə Amerika personalının nümayəndələrini öldürməyiblər, İslam Respublikasının siyasi rəhbərliyinin təqib edilməsindən söhbət gedə bilməz. Yəhudi dövlətinin Rusiyadakı səfiri Simona Qalperin İsrail tərəfinin İranın yüksək siyasi rəhbərliyini hədəfə almaqda hər hansı məhdudiyyətinin olub-olmaması ilə bağlı sualına cavab olaraq qeyd edib: “İsrail İranın nüvə proqramını idarə edən, İsraili məhv etmək proqramını idarə edən, İsrailə hərbi təhlükə yaradan bütün obyektləri və şəxsləri vurur”. Bununla belə, diplomatik missiya açıq şəkildə bildirir ki, iyunun 13-də başlayan əməliyyat üçün konkret müddətlər və ya dəqiq yekun çərçivələr yoxdur; İsrail lazım bildiyi müddətcə bunu davam etdirəcək. Bu fonda iyunun 15-də İsrailin İranın şərqindəki Məşhəd hava limanına endirdiyi hava zərbələri Xamneyiyə ölkədə təhlükəsiz yer qalmadığına dair şəxsi xəbərdarlığı olub. “Axios” mənbəyinin sözlərinə görə, İsrail əməliyyatın ilk gecəsində İranın ali liderini aradan götürə bilərdi, lakin Netanyahu hökuməti ona İslam Respublikasının nüvə proqramının tamamilə ləğvi üçün son şans vermək məqsədilə onun həyatına indilik son qoymamağa qərar verib.

“İran İnternational”ın məlumatına görə, Xamneyi hazırda Tehranın şimal-şərqində xüsusi yeraltı bunkerdədir. O, İsrailin Tehrana hücumlarına başladıqdan bir neçə saat sonra qohumları ilə birlikdə oraya köçürülüb. Nəinki Ayətullahın özü, həm də ətrafının bir hissəsi tərəfindən birbaşa varisi hesab edilən oğlu Müctəba onun yanındadır. Eyni məlumatlara görə, İran elitasının bəzi nümayəndələri fövqəladə vəziyyətdə canlarını xilas etmək üçün üçüncü ölkələrdən sığınacaq istəməyə çalışırlar. Belə ki, “İran İnternational”ın materialında qeyd olunduğu kimi, ali rəhbərin aparat rəhbərinin müavini Əli Əsgər Hicazi Rusiya rəsmiləri ilə müvafiq danışıqlar aparır. Müxalifət mediası iddia edir ki, digər yüksək rütbəli İran rəsmilərinin də oxşar əlaqələri var və onlardan bəziləri artıq nəhayət ki, qaçmağa qərar verib. İranın özündə, rəsmi olaraq etiraf edildiyi kimi, İsrail əməliyyatının əvvəlində ölkənin hava hücumundan müdafiə sistemlərini sıradan çıxarmaq üçün təxribatda iştirak edən potensial Mossad agentləri üçün ov gedir. Belə ki, İran polisi Tehranın cənub ətraflarında İsrail kəşfiyyatının iki agentini saxladıqlarını bildirib. Onların üzərində 200 kq-dan çox partlayıcı aşkar edilib. Eyni zamanda, yerli hüquq-mühafizə orqanlarının məlumatına görə, saxlanılanlardan 23 döyüş pilotsuz uçan aparatı, onlar üçün buraxılış qurğuları, istiqamətləndirmə sistemləri və idarəetmə pultları müsadirə edilib. Bu arada İranın “Defa Press” agentliyi ölkənin ali rəhbərliyini Bəsic hərbiləşdirilmiş qüvvələrini ölkə daxilində yerləşdirməyə çağırır. “Defa Press” qeyd edir ki, qüvvə genişmiqyaslı patrullar aparmalı və dayanma-axtarış postları qurmalıdır. Agentliyin məqaləsində iddia edilir ki, bu hərəkətlər Mossad agentlərinin gələcək sızmasına qarşı çıxmaq üçün lazımdır. Lakin reallıqda bunun kömək edəcəyi ehtimalı azdır, çünki Qərb mediasının yazdığına görə, İsrail kəşfiyyat idarəsi İrandakı əməliyyatında əsasən çoxdan işə cəlb olunmuş İran əsilli agentlərinə arxalanır.

Ölkə parlamentinin açıq iclasında İrana qarşı həyata keçirilən hücumların əhəmiyyətli hissəsinin İrandakı İsrail agentləri tərəfindən reallaşdığını qeyd edən İran Məclisinin sədri Məhəmməd Bağır Qalibafın bəyanatları İsrail əməliyyatı səbəbindən İranda güclü repressiyaların başlaya biləcəyini göstərir. Məhəmməd Bağır Qalibaf bildirir: “Biz hamımız başa düşməliyik ki, fövqəladə vəziyyətdəyik və qatı düşmənimiz heç bir qırmızı xəttə əməl etmir. Yekun qələbənin qaçılmaz olmasına baxmayaraq, təbii ki, bu yolun eniş-yoxuşları var”.

Tahir TAĞIYEV

Seçilən
9
baki-xeber.com

1Mənbələr