AZ

Tramp Putinin İran-İsrail müharibəsi barədə sözlərinə niyə inandı?..


Əli Orucov: “Yaxın və Orta Şərqdə müharibənin alovlanması ən çox Putinin işinə yarayır”

ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə telefon söhbətindən sonra sosial mediada yazıb ki, “Putin də mənim kimi düşünür ki, İsrail-İran müharibəsi bitməlidir”.

İsrail İrana iyunun 13-də zərbələr endirməyə başlayıb. Tərəflər bir-birinə raket və dron zərbələrini davam etdirir.

Maraqlıdır, indiki şəraitdə Putin İran-İsrail müharibəsinin dayandırılmasında səmimi şəkildə maraqlı ola bilərmi? Ukraynada müharibə fonunda doğrudanmı Putin İsrail-İran müharibəsinin sona çatmasında maraqlıdır? Axı məntiqlə İsrail-İran müharibəsinin qızışması Ukraynada vəziyyəti Rusiyanın xeyrinə yüngülləşdirə bilər. Düzdür, İran Rusiyanın müttəfiqidir, amma Rusiya öz maraqlarını daha prioritet hesab edir. O baxımdan Putin nə dərəcədə səmimidir?

“Kim zəmanət verə bilər ki, Putin Trampla telefon danışığında İranı qurban verməyib?”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən AMİP funksioneri Əli Orucovun fikrincə, İsrail-İran müharibəsi ən çox Putinin maraqlarına cavab verir: “Bəli, İran Rusiyanın müttəfiqidir. Ancaq tarixən Rusiyanın öz müttəfiqlərini satdığını nəzərə alsaq, bir gün İranı da satacağı aydın məsələdir. İraq da, Liviya da Rusiyaya yaxın idi. Bu ölkələr silahlarını əsasən Rusiyadan alırdılar. Ancaq Moskva onları bir gündə satdı. 2015-ci ildə Rusiya Suriyada İŞİD-lə mübarizə məqsədi ilə Əsəd rejiminin yardımına getdi, elə həmin Rusiya Əsədi qurban verdi. Rusiyanın timsalında bənzər xəyanət İranı da gözləyir. Nə olsun ki, İran Rusiyanı “Şahid” zərbə dronları ilə təmin edir? Kim zəmanət verə bilər ki, Putin Trampla telefon danışığında İranı qurban verməyib? Rusiya üçün bərabərhüquqlu müttəfiq anlayışı yoxdur. Rusiya üçün vassal anlayışı var. Yaxın və Orta Şərqdə müharibənin alovlanması ən çox Putinin işinə yarayır. Rusiya bundan istifadə edərək Ukraynanı daha da vəhşicəsinə bombalayır. Dron əleyhinə olan vasitələri ABŞ İsrailə göndərdi. Halbuki, həmin vasitələr Ukraynaya göndərilməli idi. İyunun 13-dən bəri açıq görünür ki, bütün diqqət İrana yönəlib və Ukrayna arxa plana keçib. Əlbəttə ki, bu, ən çox Putinin maraqlarına cavab verir. O üzdən, Putinin səmimiyyətinə inanmaq üçün gərək sadəlövh olasan. Tramp Putinə güzəştə getməsinə haqq qazandırmaq üçün belə yalanlar uydurur. Tramp hamıdan yaxşı bilir ki, İsrail-İran müharibəsi Ukraynada Rusiyanın xeyrinədir”.

Vidadi ORDAHALLI

Seçilən
9
baki-xeber.com

1Mənbələr