AZ

Ermənistanın Azərbaycana qarşı asimmetrik, qeyri-insani müharibəsi davam edir


Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər törədən şəxslərin məhkəməsində olduqca maraqlı faktlar üzə çıxır. Bunlar bir daha Ermənistanın hansı dəhşətli müharibə cinayətlərinə yol verdiyini açıq şəkildə meydana qoyur.

3400 nəfərdən çox insan ermənilərin basdırdığı minaların qurbanı olub​

Sözügedən məhkəmə prosesində diqqət çəkən məqamlardan biri də Levon Mnatsakanyanın açıqlamalarıdır. Xatırladaq ki, Mnatsakanyan 2015-2018-ci illərdə Qarabağdakı qondarma rejimin “ordu komandanı”, 2018-2019-cu illərdə “fövqəladə hallar xidmətinin rəisi”, 2019-cu ilin iyunundan 2020-ci il iyunun əvvəlinədək “polis rəisi” işləyib. O, Azərbaycan xalıqna qarşı müxtəlif hərbi cinayətlərin iştirakçısıdır. Bura mina terroru da daxildir. Mnatsakanyan minalar basdırılandan sonra tərtib olunan xəritələrlə bağlı deyib: “Minalanmış sahələrin xəritələri “yuxarı”ya - Ermənistan silahlı qüvvələrinin mühəndis qoşunları idarəsinə gedirdi. Amma formulyarları dəqiq bilmirəm”. Bu hal təsdiq edir ki, dəqiq mina xəritləri Ermənistanda mövcuddur.Amma Ermənistan hələ də dəqiq xəritələri Azərbaycaan təqdim etmir. Bu isə müharibə cinayətinin davamının təzahürüdür. Təbii ki, bu və digər cinayətlər həm beynəlxalq humanitar hüquq normalarını, həm də Cenevrə Konvensiyalarını kobud şəkildə pozur. Mnatsakanyan isə etiraf edir ki, işğal olunmuş ərazilərdə piyada və tank əleyhinə minalar basdırıb. Onun sözlərinə görə, ilkin mərhələdə Sovet İttifaqında istehsal olunmuş, sonrakı mərhələdə isə Rusiyadan alınıb Ermənistan vasitəsilə rejimə verilmiş minalar basdırılıb: “Son dövrlərdə Ermənistan Respublikasında da minalar istehsal olunurdu və bizə verilirdi”. Bunlar fonunda bir daha xatırladaq ki, Azərbaycan dünyada minalarla ən çox çirkləndirilmiş ölkələr sırasındadır. Aparılan hesablamalara görə, Ermənistan işğal dövründə torpaqlarımıza 1,5 milyon mina basdırılıb. Yuxarıda qeyd edildiyi kimi Ermənistan hələ də müxtəlif bəhanələrlə dəqiqləşdirilmiş mina xəritələrini verməkdən boyun qaçırır. Bu hal da öz növbəsində hələ dəmina hadisələrinin yaşanmasına, nəticədə insan itkilərinə səbəb olur. Minalar və partlamamış hərbi sursatlar azad olunmuş ərazilərin bərpası və keçmiş məcburi köçkünlərin öz evlərinə qayıtmasına da maneə törədir. 1991-ci ildən bu günədək 3400 nəfərdən çox insan mina qurbanı olub. Onu da qeyd edək ki, Azərbaycan humanitar minatəmizləmə fəaliyyəti kimi çətin prosesi öz resursları hesabına həyata keçirir.Mina terroru Ermənistanın Azərbaycana qarşı apardığı asimmetrik və qeyri-insani müharibənin davamı olaraq qiymətləndirilir.

Beynəlxalq hüquq hələ də Ermənistan tərəfindən kobud şəkildə pozulur

Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə, xüsusilə Füzuli, Cəbrayıl, Ağdam, Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər rayonlarında yüz minlərlə mina basdırıldığı məlumdur. Bu minaların əksəriyyəti yaşayış məntəqələri, kənd yolları, su mənbələri və qəbiristanlıqlar kimi mülki obyektlərin ətrafında yerləşdirilib. Bu fakt Ermənistanın məqsədli olaraq dinc əhaliyə qarşı terror taktikasından istifadə etdiyini göstərir. 2020-ci il müharibəsindən sonra Ermənistan yalnız müəyyən təzyiqlərdən sonra məhdud sayda və çox zaman natamam mina xəritələri təqdim edib ki,bu xəritələrin də dəqiqiliyi 25%-ə yaxındır.

Beynəlxalq humanitar hüquqa əsasən, mina istifadəsi zamanı mülki şəxslərin həyatının təhlükəyə atılması və onların uzun müddət qorxu və təhlükə içində yaşamasına səbəb olmaq müharibə cinayəti kimi qiymətləndirilə bilər. 1997-ci ildə qəbul edilmiş Ottava Konvensiyası antipiyadə minaların istifadəsini qadağan etsə də, Ermənistan bu konvensiyaya qoşulmayıb və mina istehsalından, saxlanmasından və istifadəsindən imtina etməyib.Bu, Ermənistanın beynəlxalq hüquq normalarına qarşı laqeyd münasibətini göstərir. Ermənistanın mina terroru təkcə Azərbaycana qarşı deyil, bütövlükdə regional təhlükəsizliyə qarşı yönəlmiş bir təhdiddir. Bu terror aktlarına görə Ermənistan beynəlxalq məsuliyyət daşımalı və mina xəritələrini tam və dəqiq şəkildə təqdim etməlidir. Beynəlxalq təşkilatlar və aparıcı dövlətlər bu məsələdə susqun qalmamalı, Ermənistana təzyiq göstərməli və mina terrorunun qurbanlarına dəstək göstərməlidirlər. Ermənistanın törətdiyi bu cinayətlər təkcə Azərbaycanın milli qanunvericiliyi ilə deyil, həm də beynəlxalq hüquq çərçivəsində cavablandırılmalıdır. Beynəlxalq Cinayət Məhkəməsi və digər beynəlxalq hüquq institutları bu tip pozuntularla bağlı istintaq və hüquqi proseslər apara bilər. Azərbaycan artıq bir sıra faktlarla bağlı sənədləri beynəlxalq təşkilatlara təqdim edib və məsul şəxslərin cəzalandırılması istiqamətində diplomatik fəaliyyətini davam etdirir. Beləliklə, müharibə bitmiş olsa da, mina terroru Ermənistan tərəfindən davam etdirilən gizli müharibə forması olaraq qalır. Bu, insan hüquqlarının pozulması və bərpa işlərinin ləngidilməsi deməkdir. Ermənistanın bu cinayətlərə görə beynəlxalq hüquq çərçivəsində məsuliyyətə cəlb olunması, mina xəritələrinin tam və şəffaf təqdim edilməsi və beynəlxalq ictimaiyyətin bu məsələyə ciddi yanaşması vacibdir.O da faktdır ki, Ermənistanın Azərbaycana qarşı törətdiyi müharibə cinayətləri uzun illərdir cavabsız qalıb. Lakin Azərbaycan dövləti və xalqı bu cinayətlərin unudulmaması, günahkarların ədalət qarşısında cavab verməsi üçün mübarizəsini davam etdirir. Beynəlxalq ictimaiyyət bu məsələdə ədalətin təmin olunmasına dəstək göstərməli və insan hüquqları pozuntularına susqun qalmamalıdır.

Samirə SƏFƏROVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.

Seçilən
4
baki-xeber.com

1Mənbələr