AZ

Tehran tək qaldı: Yeni dünya düzəni qurulur – İran məğlub olursa, kim qalib gəlir?

Artıq beşinci gündür ki, İsrail-İran müharibəsi davam edir və hər iki tərəf itkilər verməklə yanaşı, ciddi dağıntılara məruz qalmaqdadır. Beynəlxalq birlik tərəfləri sülhə vadar etmək əvəzinə, nə qədər acı reallıq olsa da, hər zaman olduğu kimi müharibədən maraqlarını təmin etmək uğrunda mübarizə aparırlar.

İsrail-İran müharibəsindən kim daha çox qazanacaq?! 

Müttəfiqləri, dostları tərəfindən müharibə meydanda tək buraxılan İran zəif bənd olduğundan bütün bazarlıqlar Tehran üzərindən həyata keçiriləcək. 

Ona görə də İsrail-İran müharibəsinə iki ölkə arasındakı müharibə kimi yanaşmaq yanlışdır. 

Birincisi, İsrail-İran müharibəsi yeni dünya düzəni, eyni zamanda “Böyük Orta Doğu” layihəsinin reallaşması uğrunda gedən savaşın tərkib hissəsidir. Qeyd oluna bilər ki, “Böyük Orta Doğu” layihəsi ABŞ-ın Əfqanıstandan çıxması ilə iflasa uğrayıb. Amma unutmaq lazım deyil: Strateji hədəflərə çatmaq üçün bəzən taktiki gedişlər və yanaşmalar dəyişir. 

İkincisi, İranla paralel olaraq Rusiyanın, Çinin Yaxın Şərqdən çıxarılması və bölgənin yenidən dizayn edilməsidir.

Üçüncüsü, Yaxın Şərqin yenidən dizayn edilməsində yer ala biləcək aktorlar arasında ziddiyyətlərin olmasıdır.

ABŞ Yaxın Şərqin yenidən dizayn edilməsində Türkiyənin rolunun artmasında maraqlı olsa da, nə İsrail, nə də bəzi ərəb ölkələri, xüsusən də Səudiyyə Ərəbistanı, İordaniya, Misir, Birləşmiş Ərəb Əmirliyi bundan o qədər də məmnun deyil. Bura Rusiya, Çin, İran və Avropa ölkələrini əlavə etsək, o zaman mənzərə tam aydın olar. Bunun üçün İsrailin Qəzzada HƏMAS-a, Livanda “Hizbullah”a qarşı əməliyyatlarına, Suriyada Əsəd rejiminin devrilməsi, Yəməndə husilərlə davam edən savaşa, PKK terror təşkilatının ləğvi istiqamətində atılan addımlara və sair bu kimi ciddi proseslərə nəzər yetirmək kifayət edər.

Bu yaxınlarda Hindistan-Pakistan arasındakı qısamüddətli toqquşma da məhz “Böyük Orta Doğu” layihəsinin tərkibi idi. Lakin orada  ABŞ, İsrail və Böyük Britaniya istəyinə nail ola bilmədi. Pakistanın qətiyyətli mövqeyindən sonra həm Hindistan, həm də Hindistanı buna təhrik edən güclər uğur əldə edə bilməyəcəklərini anladığından tez geri çəkildilər. Çünki İrandan fərqli olaraq Pakistanın Türkiyə və Çin kimi çox ciddi dəstəkçisi oldu. Amma bu o demək deyil ki, gələcəkdə günün birində Hindistan-Pakistan qarşıdurması yenidən gündəmə gəlməsin.

Dost ölkələri İranı tək qoyur...

İran məsələsində isə vəziyyət tamamilə fərqlidir. Rusiya, Çin, Hindistan, Fransa özlərini İrana yaxın göstərsələr də, hücum olacağı təqdirdə ciddi dəstək verməyəcəkləri əvvəlcədən bəlli idi. Tehran da bunu yaxşı bilir. Necə ki, Rusiya Qəzzada, Suriyada ikibaşlı oyun oynayıb. Moskvanın İranı Suriyada tək qoyub orada qalmaqda davam etməsi, növbəti mərhələdə də eyni addımı atacağı aydındır. Hətta uzun illər öncə İranın ozamankı prezidenti Mahmud Əhmədinejat Rusiyanın İranı satacağı barədə fikirini açıq şəkildə səsləndirib.

Digər tərəfdən Rusiyanın İsraillə olan isti münasibətləri hamıya bəllidir. Bu özünü Rusiya-Ukrayna və Suriya münaqişəsində açıq şəkildə göstərib. Çünki hər iki ölkə Yaxın Şərqdə mövqe möhkəmləndirmə savaşında bir-birinin dəstəyindən faydalanır.

Çinin İranla istər regional və qlobal məsələlərdə, istərsə də ikitərəfli sıx iqtisadi əməkdaşlığın olmasına baxmayaraq, bəzi məsələlərdə, xüsusən də “Bir kəmər, bir yol”, ərəb ölkələri ilə münasibətlərin qurulması mövzusunda fikir ayrılıqları mövcuddur. 

Avropa ölkələri, xüsusən də Fransa, Almaniya İranla yaxın münasibətlərdə olmaqda maraqlı olsalar da, müəyyən məsafə saxlamağa çalışırlar. İsrail və digər ərəb ölkələri ilə münasibətlərini pozmaq istəmirlər. Avropa ölkələri də Yaxın Şərqin necə əhəmiyyətli bazar olduğunu bildiyindən, belə coğrafiyada mövqelərini qoruyub saxlamağa və inkişaf etdirməyə çalışırlar. 

Türkiyə də regional oyunçu kimi proseslərdə öz geosiyasi mövqelərini möhkəmləndirməyə, bölgədə arbitr rolunda çıxış etmək istəyir. 

Onu da qeyd etmək laızmdır ki, İsrailin qələbəsi ilə başa çatacaq müharibə Türkiyənin maraqlarına cavab vermir. İran üzərində qələbə İsrailin regionda və bütövlükdə beynəlxalq aləmdəki geosiyasi mövqelərinin möhkəmlənməsidir. Bu isə gələcəkdə Türkiyənin milli təhlükəsizliyinə və suverenliyinə ciddi təhdid vəd edir. Unutmayaq ki, bölgədə yeni Kürdüstan dövləti layihəsi hələ də gündəlikdədir. Onu da unutmaq lazım deyil ki, Ankaranın bölgədə geosiyasi mövqeyinin möhkəmlənməməsinə qarşı məsələdə region ölkələri ilə regiondakənar güclərin də maraqları üst-üstə düşür. Onlara bölgədə İran, ərəb ölkələri kimi ciddi siyasi gücə malik olmayan, idarə olunan bir ölkə lazımdır ki, maraqlarını rahatca təmin edə bilsinlər.

Belə olan şəraitdə İsrail-İran müharibəsinin uzanması ilk növbədə Tehranın ziyanınadır. Müharibənin uzanmasının hər saatı Tehranın siyasi-iqtisadi-hərbi gücü ilə yanaşı, diplomatik manevr imkanlarını da getdikcə daraltmaqla danışıqlar masasındakı mövqelərini zəiflədir.   
Vaxtında şanslarını əldən verən Tehran artıq çox pis seçim və ağır şərtlərlə qarşı-qarşıyadır. 
Mövcud vəziyyət teokratik Tehran rəhbərliyindən İranın üzləşdiyi durumdan tam məğlub şəkildə çıxmaması üçün cəsarətli addımlar atmağı tələb edir. Bu hakimiyyətin hansısa formada dəyişikliyi də ola bilər. 

Tehranın savaşı davam etdirməsi, münaqişə coğrafiyasının genişlənməsi və İsrail ətrafında koalisiya yaranması ilə nəticələnə bilər. Bu ehtimalı nəzərə alan Tehran silah resurslarından ehtiyatlı şəkildə istifadə edir.

Bunun nəticələri bütövlükdə bölgədə gərginliyə gətirib çıxara bilər. 

Mürtəza
Ölkə.az

Seçilən
12
1
olke.az

1Mənbələr