AZ

Premyer Liqa klubunun prezidenti yeni baş məşqçi üçün Avropaya üz tutdu

«Sumqayıt»ın prezidenti Riad Rəfiyev Azərbaycanı tərk edib.

«Kimyaçılar»ın rəhbəri baş məşqçi postuna namiəzdlərlə görüşmək üçün ölkə xaricinə yollanıb.

2018-ci ilin yazından bəri «gənclik şəhəri» təmsilçisinə rəhbərlik edən başqan hələ bir neçə gün Avropada qalacaq.

Bu səfərdən anlaşılır ki, komanda əcnəbi mütəxəssislərdən birinə tapşırılacaq. Əgər ortada ciddi görüşmələr olmasaydı, Rəfiyev belə məqamda «köhnə dünya»ya uçmazdı.

O, bugünlərdə saytımıza verdiyi son açıqlamada yeni baş məşqçinin kimliyinə tezliklə aydınlıq gətirəcəklərini bildirib. Riad bəy ad çəkməsə də, namizədlərin sayının heç də az olmamasını qeyd etmişdi.

«Sumqayıt» Premyer Liqada mövsümü 8-ci pillədə başa vurub. «Kimyaçılar» sezona Samir Abasovla start verib, o, oktyabrda «Neftçi»yə qayıdandan sonra isə kollektiv Vaqif Cavadovla yoluna davam edib.

Rəhbərlik gənc mütəxəssislə bu ilin yanvarında 2,5 illik müqavilə imzalasa da, uğursuz gedişat səbəbindən mayın əvvəlində ayrılıq zərurəti yaranıb.

SPORTİNFO.AZ

Seçilən
9
sportinfo.az

1Mənbələr