AZ

Uşaqların beyinlərinin dincəlməsi üçün nə vacibdir? - Psixoloqdan AÇIQLAMA

Artıq dərs ili başa çatıb, uşaqlar yay tətilinə çıxıb.

Bəs gərgin dərslərdən, imtahanlardan sonra uşaqların beyinlərinin dincəlməsi, ümumi olaraq rahatlamaları üçün valideyinlər nələrə üstünlük verməlidirlər?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında psixoloq Pərvanə Musayeva bildirdi ki, yay tətilində uşaqların asudə vaxtları kifayət qədərdir:

"Bu tətil günlərində uşaqların vaxtlarını səmərəli və dolu-dolu keçirməsini bütün valideynlər istəyir. Müasir dövr uşaqların maraq dairələri önəmlidir. Əgər uşaqlardan soruşsaq, əksəriyyət 7/24 telefon və planşet ilə zaman keçirməyə üstünlük verər. Lakin bilirik ki, uşağın həm sağlamlıq cəhətdən, həm də mental inkişaf cəhətdən, uzun müddətli ekrana məruz qalmasının fəsadları ola bilər. Valideynlər bu müddəti tənzimləməyə çalışmalı, texnologiyanı yalnız maarifləndirici və yaradıcılıq yönümlü şəkildə istifadəyə yönləndirməlidirlər.

Valideynlər uşaqın tətil günlərinə maraq qatmaq üçün bizə tez-tez müraciətlər edirlər".

Psixoloqun sözlərinə görə, uşaqların gündəlik bir rutinlərinin olması valideynlərə kömək etmiş olar.

"Yəni, əyləncə saatı, istirahət saatı, gəzinti saatı kimi... Hava şəraitinə uyğun olaraq, açıq hava gəzintiləri, pikniklər təşkil edilməsi uşaqların ən sevdiyi məşğuliyyətlərdəndir. 
Bir nüansı qeyd edim ki, bu gəzintilərin formal xarakter daşıması yaxşı olar. Yəni valideynlər də uşaqlar ilə birgə oyunlar oynayarsa, səmərəli vaxt keçirərsə, bu, uşaqlara həm də mənəvi dəyərlər qatmış olacaq. 
Unutmayın, uşağın gün ərzində valideynlərilə keçirdiyi səmərəli zamanı onun yuxusuna, iştahına, əhval-ruhiyyəsinə birbaşa müsbət təsir göstərir.

Yay mövsümünə uyğun maraqlı və yaş səviyyəsinə uyğun kitablar seçərək ailəvi oxu saatları keçirə bilərlər. Bundan başqa, uşaqları təşkil edilən yay məktəblərinə göndərə bilərsiz. Burada onların sosiallaşması və yeni tanışlıqlar qurması üçün bir fürsət olmuş olar. Yay tətilində uşaqların məktəb yoldaşları, dostları ilə günaşırı görüşmələrinə şərait yarada bilərsiz. Əlavə olaraq, uşaqların sevdiyi hər hansı məşğuliyyətləri varsa, (idman, rəqs, rəsm kimi) yay tətilində bunlarla məşğul ola bilərlər. 

Uşaqların beyinlərinin dincəlməsi üçün sağlam yuxu vacibdir. Yay tətilində rejim çox dəyişməməli, uşaqlar gec yatıb gec oyanmağa alışdırılmamalıdır. Həmçinin meyvə, tərəvəz, su və digər sağlam qidalarla zəngin menyu onların enerji və sağlamlıq balansını qorumağa kömək edər", - deyə Pərvanə Musayeva vurğuladı.

Xədicə BAXIŞLI

Seçilən
9
1
redaktor.az

2Mənbələr