ABŞ prezidenti Donald Tramp İsrail və İran arasında davam edən münaqişə ilə bağlı Milli Təhlükəsizlik Şurası ilə fövqəladə iclas keçirib.
Publika.az xəbər verir ki, bu barədə "Axios" nəşri mənbələrə istinadla məlumat yayıb.
Qeyd edilib ki, iclas Ağ Evdə yerləşən Sitiuasiya Otağında (Situation Room) baş tutub.
Bildirilib ki, ABŞ prezidenti G7 sammitini vaxtından əvvəl tərk edərək Yaxın Şərqdəki vəziyyətə tam diqqət ayırmaq qərarına gəlib.
Ağ Evdə keçirilən fövqəladə təhlükəsizlik iclasında İranla yaxın günlərdə mümkün birbaşa təmaslar məsələsi də müzakirə edilib. Lakin Tramp bu istiqamətdə hələ konkret qərarın qəbul edilmədiyini bildirib.
Trampın Kanadada keçirilən G7 sammitindən gözlənilmədən çıxması beynəlxalq müşahidəçilər və iştirakçılar üçün sürpriz olub.
Amerikalı politoloq Malek Dudaqovun fikrincə, ABŞ-ın İsrailə bunkerə nüfuz edən aviabombalar verməyə hazırlaşması Trampın İrana qarşı təzyiq vasitəsidir. Bu isə Respublikaçılar Partiyası daxilində parçalanmanı dərinləşdirə bilər.