AZ

Pakistanda keçiriləcək PIMEC-2025 sərgisinin təqdimatı olub – FOTOLAR

İslamabadda Pakistan Beynəlxalq Dəniz Sərgisi və Konfransının (PIMEC) ikinci buraxılışının təqdimat mərasimi keçirilib.

Sərginin Təşkilat Komitəsindən “Poliqon”a verilən məlumata görə, Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı ilə keçirilən tədbirdə nazirlər, Silahlı Qüvvələrin yüksək rütbəli zabitləri, səfirlər və cəmiyyətin müxtəlif təbəqələrindən olan qonaqlar iştirak ediblər.

Mərasimdə çıxış edən Baş nazir Məhəmməd Şahbaz Şərif, Pakistan Hərbi Dəniz Qüvvələrinin PIMEC vasitəsilə ölkənin dəniz sektorunun potensialını nümayiş etdirmək təşəbbüsünü yüksək qiymətləndirib. O bildirib ki, Pakistan dəniz sektorunda gəlirli investisiyalar, birgə müəssisələr və ticarət üçün geniş imkanlar təqdim edir. Baş nazir qeyd edib ki, okeanlar xalqları birləşdirir və buna görə də bütün maraqlı tərəflərin birgə səyləri ilə onları daha təhlükəsiz məkana çevirmək zəruridir. Pakistan məsuliyyətli dövlət kimi beynəlxalq sülh, sabitlik və asayişin təmin edilməsində fəal rol oynamağa sadiqdir və bu yanaşma dəniz sahəsini də əhatə edir.

O, həmçinin Pakistan Hərbi Dəniz Qüvvələrinin “Marka-e-Haq” adlı təşəbbüs çərçivəsində dəniz sərhədlərinin müdafiəsi və ölkənin dəniz maraqlarının təşviqi istiqamətində göstərdiyi səyləri yüksək qiymətləndirib.

Baş nazir əlavə edib ki, Pakistan milli iqtisadiyyata əhəmiyyətli töhfə verə biləcək böyük dəniz potensialına malikdir. O, qeyd edib ki, effektiv gəmiqayırma sənayesinin, nəqliyyat limanlarının, balıqçılıq sənayesinin, sahil turizminin, su idmanının və akvakulturanın inkişafı xüsusi diqqət yetirilməli sahələrdəndir. Baş nazir bildirib ki, optimal nəticələrin əldə olunması üçün dəniz sənayesində dövlət-özəl tərəfdaşlığın inteqrasiyası önəmlidir.

O, həmçinin vurğulayıb ki, Pakistanın dənizçilik sektorunun səmərəliliyini və məhsuldarlığını artırmaq üçün akademik və elmi-tədqiqat təşkilatlarının potensialı birləşdirilməlidir. Hökumətin biznes və investisiyalar üçün əlverişli mühit yaratmaq istiqamətində səylərini davam etdirəcəyinə əminliyini ifadə edib. Baş nazir ümidvar olduğunu bildirib ki, PIMEC vasitəsilə yaradılan imkanlar genişlənəcək və Pakistanı birgə səylər nəticəsində regional sülh və ortaq rifahın təmin edilməsinə daha da yaxınlaşdıracaq.

Dəniz işləri üzrə federal nazir Məhəmməd Cüneyd Ənvər isə çıxışında bildirib ki, PIMEC Pakistanın aparıcı tədbirlərindən biridir və bu platforma milli və beynəlxalq dənizçilik sənayesinin ən son texnologiyalarını nümayiş etdirmək üçün geniş imkanlar yaradacaq.

Qeyd edək ki, PIMEC-2025 sərgisinin 2025-ci il 3-6 noyabr tarixlərində Karaçi Ekspo Mərkəzində keçirilməsi planlaşdırılır.

Azərbaycandan “Poliqon” jurnalı PIMEC-2025 Beynəlxalq Dəniz Sərgisi və Konfransının rəsmi media partnyoru qismində çıxış edir. Jurnalın ingilis dilində hazırlanacaq xüsusi buraxılışı sərgi iştirakçıları, ziyarətçilər və rəsmi nümayəndə heyətləri arasında yayılacaq.

WhatsApp WhatsApp WhatsApp

Seçilən
3
poliqon.az

1Mənbələr